Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib.
Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb. Faktla bağlı araşdırma aparılır.
Hadisədən dərhal sonra S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər Rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. Daha sonra polis S.Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb.
Virtualaz.org-un əldə etdiyi məlumata görə isə Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. Polis şöbəsinin ətrafında təxminən 500 nəfərlik kütlə var.
Asayişi təmin etmək üçün Tərtərə qonşu Goranboy və Bərdə rayonlarından əlavə polis qüvvələri cəlb olunub. Rayonda gərginlik var.
Yerli polis etirazçı kütlə ilə bacarmadığı üçün rayona xüsusi təyinatlılar yeridilir.