Məhkum Lamiyə, oyunlar və süni mayalanma nağılı - Video

5-02-2015, 12:21   
Məhkum Lamiyə, oyunlar və süni mayalanma nağılı - Video
Lamiyə Quliyeva məsələsinin gündəmə gəlməsi təbii olaraq bir neçə sual doğurur: 12 il həbsxanada yatan Lamiyə Quliyeva təzyiqə məruz qaldığını dilə gətirmirsə, jurnalistlərin qadın cəzaçəkmə müəssəsində olduğu dönəmdə narazılığını bildirmirsə, onun qəflətən zorakılığa məruz qaldığı xəbəri necə və niyə yayılır?

ANS TV ötən gün bu məsələyə diqqət çəkib və maraqlı araşdırma aparıb. İstintaq getdiyi üçün Lamiyə Quliyevanın özünün bütün məsələlərə aydınlıq gətirməsi imkanının mümkünsüzlüyü bir qədər çətinlik yaratsa da, burda maraqlı olan daha bir nüans var: 2014-cü il oktyabrın 16-da ana olan Lamiyə Quliyevanın övladının atasının kimliyini axtarmaq və bunu ictimaiyyətin müzakirəsinə çıxarmaq üçün niyə 3 ay gözləmək lazım gəldi? Hüquq müdafiəçisi Elçin Behbudov prokurorluğa niyə 3 aydan sonra müraciət etdi?

ANS TV də öz təhlilində son bir neçə ildə fəaliyyətində uğurlar qazanan Pentensiar Xidmətdən bu tipli xəbərlərin yayılmasının arxasında hansısa məqsədlər dayandığını istisna etmir.

Respublika Baş Prokurorluğu məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi faktı ilə bağlı rəsmi araşdırmalara başlayıb. Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanovun deyib ki, hazırda Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 28 yaşlı Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilir. İş üzrə təqsirləndirilən şəxslərin bəraət almasına çalışdıqların söyləyən vəkil Adəm Məmmədov isə hesab edir ki, Lamiyənin nikahı olmadığı üçün faktla əlaqədar cinayət işi başlanmalıdır.

Amma Lamiyə Ombudsman aparatının əməkdaşları ilə söhbət zamanı zorakılığa məruz qalmadığını, öz istəyi ilə ana olduğunu söyləyib. Ombudsman aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər.

Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. O, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib. Ombudsman aparatından verilən məlumatda deyilir ki, həmin məhkum heç bir təzyiqə məruz qalmadığını ərizəsində göstərib.

Bu açıqlama vəziyyəti aydınlaşdırmaq əvəzinə daha da dalana salıb: Lamiyə Quliyeva heç bir canlı təması olmayan məhkumdan niyə övlad istəməlidir? Digər tərəfdən, ən müasir klinikalarda yüksək dəqiqliklə aparılan “süni mayalanma” əməliyyatını Lamiyə Quliyeva sözügedən məhbusdan xəbərsiz necə və hansı “klinikada” apara bilib ki!

Təbii ki, bu, ritorik sualdır və məhbusun belə bir iddia irəli sürməsi (Lamiyə Quliyevanın türmədə olduğu halda hansısa “canlı tanış olmadığı” məhkumdan onun özünün xəbəri olmadan istifadə etməsi və süni mayalanma cəfəngiyyatı) gülüş doğurmaya bilməz.

Qalmaqallı işdə adı hallanan Şəmkirin keçmiş icra hakimiyyəti başçısı Aslan Aslanov ANS-ə ekslüziv açıqlama verib. O, bu işdə adının hallanmasını yalan adlandırıb və övlad itirən valideyin kimi spekuliyasiyalardan təəssüf hissi keçirib.

Bütün bu baş verənlərin fonunda ötən gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə olub. Əldə olunan naliyyətlərdən razı qalan nazir, eyni zamanda, nöqsan və çatışmazlıqlardan da danışıb. Vəzifədən sui-istifadə və digər neqativ hallarla bağlı 347 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, 36 nəfərin tutduqları vəzifədən azad, 34 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi məlum olub.

Eyni zamanda o da vurğulanıb ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində ölüm və intihar halları inkişaf etmiş Avropa dövlətlərilə müqayisədə xeyli azdır.

Ekspertlər isə çoxdan olmuş bu hadisələrin məhz son bir ayda gündəmə gətirilməsini müəyyən maraqlı qüvvələrin, o cümlədən xaricdən idarə olunan dairələrin təsirilə də əlaqələndirilər. Hər halda, bütün məsələlər araşdırılır, faktların həqiqiliyini də elə dövlət orqanları üzə çıxaracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.