Balakəndə iki ay əvvəl həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında qətlə yetirilib
Balakən Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Təcilli Yardım Stansiyasına fevralın 4-də axşam saatlarında Rayon Məhkəməsinin binasında bir nəfərin bıçaqlanması barədə çağırış daxil olub.
Hadisə yerinə gedən həkim briqadası tərəfindən aparılan müayinə və araşdırma zamanı məlum olub ki, məhkəmə prosesində təqsirləndirilən, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev ağır bıçaq xəsarətləri alıb və hadisə yerində ölüb.
Məhəmməd Xanpəriyevin atası İlham Xanpəriyevin APA TV-yə deyib ki, hadisə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun otağında baş verib. Rafiq Kazımovun otağında aparılan məhkəmə prosesində oğlunu qarşı tərəf, həmkəndlisi olan 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Elşən Xipiyev həbs edilərək istintaqa təhvil edilib. Faktla bağlı cinayət işi başlayıb.
Qeyd edək ki, Məhəmməd Xanpəriyevlə Elşən Xipiyev arasında münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Həmin vaxt Məhəmməd Xanpəriyev İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi bıçaqlayıb.
Milli.Az