Protestə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Baş Prokurorluq hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.
Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə protestə baxılıb. Məhkəmə protestin baxılması barədə qərar qəbul edib.
Vəkil A. Məmmədov protestə Bakı Apellyasiya Məhkəməsində baxılacağını deyib.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq İcra Hakimiyyəti başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.
L. Quliyeva bir müddət əvvəl ana olub.