Ağdam təhsil şöbəsinin müdiri iki məmur arasında ziddiyyətlərə səbəb olub
Təhsil naziri Mikayıl Cabbarovla “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov arasında qarşıdurma yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, problemin kökündə Ağdamın təhsil şöbəsinin müdiri dayanır. Bildirilir ki, Mikayıl Cabbarov şöbə müdiri Elmira Şükürovanı işdən çıxarmaq istəyir. Lakin Cavid Qurbanov buna mane olur. Məlumata görə, Elmira Şükürova Cavid Qurbanovun yaxın qohumudur. Onun uzun müddətdi ki, şöbə müdiri işləməsinin kökündə də bu amil dayanır. Lakin Mikayıl Cabbarovun fikrində qəti olduğu bildirilir. Bu baxımdan təhsil naziri Elmira Şükürovanın fəaliyyətini yoxlatdırıb.
Yoxlama zamanı şöbə müdirini işdən çıxarmaq üçün əsas ola biləcək faktlar üzə çıxarılıb. Yoxlamalarda üzə çıxan ən ciddi pozuntu faktlarından biri xəstə uşaqlara təhsil verilməsi ilə bağlıdır. Məlumata görə, rayon üzrə 400-ə yaxın belə uşaq qeydiyyatdadır və onların təhsili üçün büdcədən hər il pullar ayrılır. Amma reallıqda bu uşaqlar təhsildən kənarda qalıb.
Elmira Şükürovanın kağız üzərində təhsil əməliyyatlarında xüsusi yerlərdən birini onun yaxın qohumu, qaynı Bayram Məmmədov tutur. Bayram Məmmədov uzun müddətdir ki, təhsil şöbəsində inspektr vəzifəsində çalışır. Məlumata əsasən, təhsil şöbəsində əsas iş icraçısı olan Bayram Məmmədovun həyat yoldaşı Ətayə Məmmədova 5 saylı köçkün tam orta məktəbin direktorudur. 5 saylı köçkün tam orta məktəbi isə Bərdə rayonunda Şirvanlı kəndində fəaliyyət göstərir.
Bildirilir ki, əslində məktəb sənəd üzərində fəaliyyət göstərir. Çünki 2013-cü ildən həmin ərazidə məskunlaşmış ailələr Bərdə rayonun salınmış köçkün qəsəbələrinə köçürülüblər. Məktəbin şagirdləri 1 saylı köçkün məktəbində təhsil aldıqları halda 5 saylı məktəb Şirvanlı kəndində sənəd üzərində fəaliyyət göstərir. Bayram Məmmədov həmin məktəbin siniflərini Xındırıstan kənd tam orta məktəbin şagirdləri hesabına formalaşdırıb.
Yeri gəlmişkən, ötən ay mətbuatda belə bir məlumat yayılmışdı ki, Bərdənin Xanərəb kəndində yerləşən Ağdam Köçkün Orta məktəbinin direktoru Qaratel Əliyeva bir əlində benzin, bir əlində kibrit Rayon Təhsil Şöbəsinin Rəhbəri Elmira Şükürovanın otağına daxil olub. Qaratel Əliyeva şöbə müdirindən məktəbini bağlatdırmağının səbəbini soruşub. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm Elmira Şükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb, od vurub. Otaqda yanğın çıxdığını görən Təhsil Şöbəsinin Təchizat rəhbəri Mədəd Hüseynov və Elmira Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq öncə onun yanan ayağını söndürüb və otaqdan çıxardıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.