Tərtər hadisələrinə görə 6 nəfər saxlanıldı

6-02-2015, 11:57   
Tərtər hadisələrinə görə 6 nəfər saxlanıldı
Tərtər rayonunda polisə hücum edənlərdən 6 nəfəri saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan ANS PRESS-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2015-ci il fevralın 4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi Dünyamalıyev mələfə ilə özünü asıb.

Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati binaya maddi ziyan vurub.

Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işləri başlanılaraq zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Qeyd olunub ki, mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilib və müayinə zamanı meyitin bədən səthində və daxili orqanlarında boyun nahiyəsində stranqulyasion şırımdan başqa zorakılıqla yetirilməyə xarakterik digər hər hansı xəsarət izləri aşkar edilməyib.

Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili işlər orqanlarından xaric olunub. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.

Hazırda Tərtər rayonunda ictimai asayiş tam sabitdir və kriminogen duruma nəzarət olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.