Məhkum qadın barəsində olan ikinci cinayət işinin bəzi detalları məlum olub
Hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsində olan ikinci cinayət işinin bəzi detalları məlum olub.
ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Lamiyə Quliyeva cəzaçəkmə müəssisəsində tualetdə siqaret çəkib.
Bu zaman Aysel adlı nəzarətçi ona iradını bildirib və Lamiyə Quliyevaya tualetdə siqaret çəkməyin qadağan olunduğunu deyib. Lakin Lamiyə Quliyeva nəzarətçini nalayiq ifadələrlə təhqir edib.
Bundan sonra nəzarətçi xidməti otağa gedib. Lamiyə Quliyeva isə onun arxasınca otağa daxil olub, sobanın üzərində olan isti çaydanı götürərək nəzarətçiyə atıb. Həmin çaydanın ona dəymədiyini gördükdə isə ikinci çaydanı götürərək ona tərəf atıb. Bu zaman nəzarətçi xəsarət alıb. Hadisədən sonra tibbi ekspertiza təyin olunub. Ekspert nəzarətçinin bədənində xəsarət olması barədə rəy verib. Beləliklə, Lamiyə Quliyeva barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddəsi ilə növbəti cinayət işi başlanıb.
Həmin cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb. 2010-cu il avqustun 6-da cinayət işi üzrə məhkəmə hökmü elan edilib. Hökmə əsasən, L.Quliyevaya 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin vaxt onun əvvəlki cinayət işi ilə bağlı çəkilməmiş qalan 2 il 9 ay 4 gün müddətlə 6 il qismən toplanıb və L.Quliyevanın barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi 5 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, L.Quliyeva bir müddət əvvəl həbsxanada ana olub.
Mənbə
ANS PRESS