"Videoya 10 saniyə baxa bildim, bu çox dəhşətli idi"
Hindistanda 5 nəfər kişi zorlamanı videoya çəkib "WhatsApp" vasitəsilə yayıblar.
ANS PRESS-in məlumatına görə, video təxminən yarım il əvvəl çəkilib. Onu təsadüfən qadın hüquqlarını müdafiə edən Sunita Krişna adlı bir qadın tapıb. Onun sözlərinə görə, o, videoya 10 saniyədən çox baxa bilməyib. "Bu, çox dəhşətli idi. Mən 10 saniyə baxandan sonra videonu saxladım ki, özümə gələ bilim", - deyə Sunita bildirib.
Hüquq müdafiəçisi olan Sunita videonu üzə çıxarmaq istəməyib. Çünki videoda zorlanan qızın üzü aydın görünürdü. Lakin sonradan qadın bu məsələni ictimailəşdirmək və ona qarşı mübarizə aparmaq üçün fikrini dəyişib. O, təcavüzə məruz qalan qızın üzünü müxtəlif effektlərlə gizlədib, oğlanların üzünü isə əksinə, elə edib ki, daha aydın görünsün. Bundan sonra o, hadisə ilə bağlı yenidən məhkəməyə müraciət edib. İndi Hindistanın hüquq-mühafizə orqanları həmin 5 nəfəri axtarır.
Sunita Krişnanın özü də 15 yaşında ikən 8 nəfərin təcavüzünə məruz qalıb.
"Hindistanda təcavüzə məruz qalanları heç dinləmirlər də. İş təcavüzçüləri cəzalandırmağa və ya həbs etməyə çatanda isə heç kəs işlə məşğul olmur", - deyə Sunita Krişna müsahibələrinin birində deyib.
Ümumiyyətlə, Hindistanda qrup halında zorlama çox geniş yayılıb. Belə dəhşətli hadisələrdən biri 2012-ci ildə baş verib. Kütləvi şəkildə zorlanan 23 yaşlı tələbə xəstəxanada keçinib. İctimaiyyət kütləvi aksiyalar keçirərək hakimiyyətin məsələyə biganəliyinə etiraz edib. Bundan sonra cinayətkarlar tapılıb və ölüm cəzasına məhkum olunublar.