Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinin bəzi qaranlıq məqamlarını üzə çıxarıb.
Suallar duraldıqca “Lamiyə işi”ndə yeni cinayətlərin üstü açılır. Baş Prokurorluğun bu gün yaydığı məlumatda bildirilir ki, L.Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə hökmünün ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apellyasiya Məhkəməsində baxılacaq.
Bundan başqa, araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb ediləcəyi bildirilir. Bu isə o deməkdir ki, Aslan Aslanovun göstərişi ilə qanunları pozan bəzi məmurların yüngül desək, “başı ağrıyacaq”. Hətta məlumatlara görə, həmin dövrdə Şəmkir rayon rəhbərliyində çalışan şəxslərin bəziləri artıq dindirilməyə başlayıb.
İstər Lamiyənin, istərsə də onun keçmiş nişanlısının yaxınlarının mətbuata açıqlamalarından görünür ki, Aslanov həmin şəxslərə qarşı zorakılığı daha çox polis vasitəsi ilə həyata keçirirmiş. Bunları nəzərə alaraq, həmin dövrdə Şəmkirin polis rəisi olmuş Akif Göyüşovla söhbət etmək qərarına gəldik.
Onunla AzNews.az-ın əməkdaşının dialoqunu təqdim edirik:
- Akif müəllim, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlini xatırlayırsınızmı?
- Bəli, əlbəttə...
- Hazırda hüquq-mühafizə orqanlarının qətl işi ilə bağlı yenidən araşdırmağa başladığı barədə məlumatlar var. Hətta deyirlər ki, həmin dövrdə rayon rəhbərliyində çalışan şəxsləri dindirməyə başlayıblar... Bununla bağlı sizi harasa dəvət ediblərmi?
- Xeyir, mən heç yerə çağırılmamışam. Əvvəla, mən hadisə baş verən vaxtda məzuniyyətdə olmuşam. Ona görə də heç nədən xəbərim olmayıb.
- Bəs məzuniyyətdən qayıdandan sonradamı araşdırmanın gedişatından xəbər tutmadınız?
- Mən məzuniyyətdən qayıdanda iş artıq istintaqa təhvil verilmişdi. Biz də istintaqın işinə müdaxilə edə bilməzdik.
- Lamiyənin anası mətbuata müsahibəsində deyib ki, qətldən sonra Ruslanın münasibətdə olduğu 100-ə yaxın qadın polisə çağırılıb və ifadəsi alınıb. Bu doğrudurmu?
- Bu dedikləriniz hamısı istintaqın işinə daxildir. Yaxşı olar ki, sullarınızı istintaqda çalışmış adamlara ünvanlayasınız. Biz istintaqın başının üstündən sorğuya adam gətirə bilməzdik. Onların işinə müdaxilə etməyə səlahiyyətimiz çatmır.
- İddialar var ki, Aslan Aslanov qanunsuz həbslər etdirirmiş, özü də polisin əli ilə. Həmin dövrdə də Şəmkirin polis rəisi siz olmusunuz...
- Polisin kimisə həbs etməyə ixtiyarı yoxdur. Həbsi prokurorluq edir, tutmaq üçün icazəni də məhkəmə verir. Polisin 3 saatdan artıq adam saxlamağa icazəsi yoxdur.
- Amma məlumatlardan görünür ki, rayonda həmin vaxt siz dediyiniz qanun yox, Aslanovun öz qanunları işləyirmiş...
- Mən həmişə qanunlara riayət etmişəm.
- Belə bir məlumat da var ki, Ruslan Aslanovun qətlinin araşdırılması işinə hərbi polis də cəlb olunub. Meyitin də məhz hərbi polis tərəfindən tapıldığı bildirilir...
- Bu haqda mənim heç bir məlumatım yoxdur. Hərbi polisin bu işə necə cəlb olunması barədə heç nə bilmirəm. Dediyim kimi, mən həmin vaxt məzuniyyətdə olmuşam.