Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Audit tədbirinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, aşağıdakı nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub. Belə ki Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində, Respublika Neyrocərrahiyyə Xəstəxanasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yoxlamalar aparacaq.
Qeyd edək ki, ötən il Abşeron rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Təhsil Şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.