YAP hakimiyyətinin şikəst etdiyi təhsil

11-02-2015, 20:05   
YAP hakimiyyətinin şikəst etdiyi təhsil

TQDK sədrinin açıqlaması Əliyevin arqumentini darmadağın etdi


Doğurdan da bir dövləti məhv etmək üçün onun təhsilini və səhiyyəsini məhv etmək kifayət edir. Səhiyyəsi məhv olmuş ölkənin sağlam vətəndaşı, təhsili məhv edilmiş ölkənin isə sağlam düşüncəli vətəndaşı ola bilməz. Çox təəssüflər olsun ki, Azərbaycanda hər 2 sahə “koma” vəziyyətindədir.
Uzun illərdi biz bu problemləri dilə gətirsək də hakimiyyət təmsilçiləri bizə ittihamla cavab verib və ölkədəki inkişafı görməməkdə qınayıb. Çünki, bu hakimiyyət üçün təhsilin və səhiyyənin inkişafı yalnız tikilən binalardan ibarətdir. Biz isə həmişə sübut etməyə çalışmışıq ki, məktəb binası zəruri şərtdir, amma o binanın içində tədris yoxdursa, şagirdlər elmlə qidalanmırsa, o bina adi tikilidən başqa bir şey deyildir.
Biz bundan əvvəlki yazılarımızda da təhsil sahəsindəki problemləri faktlarla göstərmişik və imtahan nəticələrini rəqəmlərlə göstərərək bərbad vəziyyəti ictimailəşdirmişik.
Bu dəfə bizim yazdıqlarımızı TQDK sədri Məleykə Abbaszadə də təsdiqləyib.
“2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 %-i qəbul imtahanlarında 200-dən az bal toplayıb”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında bildirib.
O qeyd edib ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64.7 %-i imtahandan "2", 13.6 %-i "3", 15.7%-i "4", 6 %-i isə "5" qiymət alıb. Komissiya sədri onu da vurğulayıb ki, qəbul olanların 29.9 %-ni "3", 40.2 %-ni "4", 15.5 %-ni isə "5" qiymət alanlar təşkil edib. M. Abbaszadə təəssüflə vurğulayıb ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 %-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
“Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Onun sözlərinə görə, belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb”. –deyə Məleykə Abbaszadə bildirib.
Əslində bu rəqəmlərlə tanışlıq ürəkağrıdır. Demək olar ki, ölkənin əksər rayonlarında kütləvi savadsızlıq müşahidə olunur. 21-ci əsrdə adını yaza bilməyən 100-lərlə şagird var. Nəzərə alsaq ki, imtahana girən şagirdlər nisabətən hazırlıqlı təbəqə hesab olunur, o zaman digərlərinin vəziyyətini təsəvvür etmək çətin deyil.
Abutiriyentlərin 65 faizinin 200-dən az bal toplaması, orta məktəbin dəfn edilməsi, gələcək kadrların “soyqırımı” deməkdir. 20 ildən artıq müddətdə ölkənin bütün sərvətlərini talan hakimiyyət, təhsili də korrupsiya burulğanına daxil etdi. Nəticədə müəllim reptetitora, şagird “süpürgə pulu” ödəyicisinə çevrildi.
Əslində təhsillə bağlı bu göstəricilər avtoritar və korrupsiyalaşımış hökumətin partretidir. Bu ölkədə təhsil məsələsi heç vaxt prioritet olmadı. Hansısa məktəb tikintisi zamanı büdcədən daha çox mənimsəmək prioritet təşkil etdi.
Hanı bu hakimiyyətin öyündüyü analoqsuz inkişaf? Hanı gənclərə qayğının nəticəsi? Rayonların uğurlu inkişafı, kütləvi savadsızlığı nəzərdə tutur?
PA rəhbəri Ramiz Mehdiyev “ Ölkədə ixtisaslı kadr yoxdur. Savadlı hüquqşünas tapa bilmirik. Samballı elmi əsərlər yazılmır” deyəndə, məsələnin kökündən xəbərsiz idimi? Axı bu “xəstə toxum”ları səpəndə, bar verməyən ağacların böyüyəcəyi məlum idi.
Həqiqətləri yazanları, problemləri dilə gətirənləri “ermənipərəst”, “vətən xaini” adlandıranlar, bu “qara mənzərə”yə nə ad vermək istəyirlər? Ölkənin 4 bir tərəfini savadsızlıq virusuna yoluxdurmaq vətənə xidmətdirsə, hakimiyyət bunu bacarıb. Müəllimə dilənçi maaşı verib, üstəlik seçki saxtakarına çevirəndə, attestatı, diplomu satışa çıxaranda, savadlı gəncləri şərləyərək həbs etdirəndə, nəticə belə olmalı idi.
İndi bu nəticəyə görə kim cavab verəcək? Gənc və perspektivli Təhsil naziri, yoxsa qocalmış rejim rəhbərləri?
Normal ölkədə bu nəticələrə görə həyəcan təbili çalınar və bütün məsul şəxslər istefa verərdi. Bizim ölkədə isə pis nəticələrə görə ordenlər, medallar verilir.
Bəli, Naxçıvandan tutmuş, Lerikə qədər təhsilsizlik “zəfər”i çalanları təltif etmək lazımdır. Onlar rejimin qarşıya qoyduğu məqsədə nail olublar.
Bəlkə bu biabırçı nəticələri də xarici qüvvələrin, erməni lobbisinin, müxalifətin adına yazaq. Bəlkə, TQDK-nın bu açıqlamalarını da ikili standartların, qərəzin nümayişi kimi qiymətləndirək.
Real nəticə ortadadır. Hakimiyyətin 22 illik inkişaf nağılı savadsızlar ordusu yetişdirdi. 100-lərlə adını yaza bilməyən şagirdin olması, Azərbaycanı xəlbirdə su daşıyanlara tapşırmaq deməkdir.
Bir sözlə, bir ölkəni çökdürməyi şərtləndirən 2 sahə çökməkdədir.
P.S Maraqlıdır, ölkə başçısı İlham Əliyev bir neçə gün öncə “Azərbaycanda savadlılıq dərəcəsi 100 faizdir” deyəndə, nəyi nəzərdə tuturmuş?”

Akif .azadliq.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.