Ömürlük məhkum Gəncədəki silsilə qətlləri Elmar adlı şəxsin sifariş verdiyini iddia edir

11-02-2015, 20:54   
Ömürlük məhkum Gəncədəki silsilə qətlləri Elmar adlı şəxsin sifariş verdiyini iddia edir

Prezidentdən kömək istəyən Şöhrət Quliyev qanunsuz həbs edildiyini açıqladı

Qobustan Qapalı Həbsxanasında cəza çəkən Şöhrət Quliyev redaksiyamıza məktub yollayıb. Müəllif yazır ki, dövlət orqanlarına, prezidentə göndərdiyi çoxsaylı şikayətlər ünvanına çatmadığından mətbuat vasitəsi ilə müraciət etmək qərarına gəlib: “Səsimi eşidən yoxdur. Bildirirəm ki, mən tam qanunsuz və əsassız olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qanunsuz hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Məhkum edilməyimin səbəbi isə 26 may 2009-cu ildə Gəncə şəhərində qanunsuz həbs ediləndən sonra hüquq mühafizə orqanları əməkdaşlarının işi araşdırmadan prezidentə yalan məlumat vermələri olub. Ona Gəncə şəhərində banda tutmaları və mənim tərəfimdən 8 nəfəri öldürməyim barədə verdiyi saxta və yalan məlumat veriblər”.

Məktub müəllifi yazır ki, ibtidai istintaq və məhkəmədə işə baxılan zaman müəyyən edilib ki, 8 nəfər yox, 2 nəfər adam öldürülüb: “Mənim həmin cinayətlərin törədilməsi ilə heç bir əlaqəm olmayıb. Həmin şəxsləri, yəni Gəncə şəhər sakini Kamal Ələkbərovu Anar Həsənov, digərini, yəni Bakı şəhər sakini Əhməd İbrahimovu isə İlham Şabanov öldürüb. İbtidai istintaq, birinci və apelyasiya məhkəmələrində işə baxılan zaman tam müəyyən edildi ki, prezidentə verilmiş yalan məlumatın tam əksinə olaraq heç bir banda mövcud deyil və mənim həmin banda dedikləri ilə heç bir əlaqəm olmayıb. İlham Şabanov məhkəmələrdə işə baxılan zaman 2 dəfə yazılı surətdə hakimlərə ərizə ilə müraciət edib. Bildirib ki, Şöhrət Quliyevi tanımıram, indiyə kimi onunla mənim heç bir münasibətim olmayıb. O, Kamal Ələkbərovu öldürdüyünü, sifarişi isə ona Gəncə şəhər sakini Elmar adlı şəxsin verdiyini yazıb. Qeyd edib ki, Şöhrət Quliyevi tanımıram və onun Kamal Ələkbərovun öldürülməsi cinayəti ilə heç bir əlaqəsi yoxdur. Anar Həsənov da ifadələr verərək məhkəmənin nəzərinə dönə-dönə çatdırıb ki, Şöhrət Quliyevi tanımıram. Mənə və İlham Şabanova 2 nəfərin, yəni Kamal Ələkbərov və Əhməd İbrahimovun öldürülməsini sifariş verən Gəncə şəhər sakini Elmar adlı şəxs olub”.

Ş.Quliyev yazır ki, ibtidai istintaq düzgün aparılmayıb: “Elmar” adlı şəxsin nə səbəbə və kim tərəfindən, durduğu yerdə adamların öldürülməsini sifariş verməsi araşdırılmamışdır. Mənim ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyimin səbəbi yuxarıda qeyd etdiyim kimi məni 26 may 2009-cu ildə qanunsuz yerə həbs edən hüquq mühafizə orqanları əməkdaşlarının prezidentə yalan məlumat vermələri olub. İstintaq zamanı da mənim baş verən cinayətlərlə heç bir əlaqəmin olmaması üzə çıxdı. Prezident tərəfindən ciddi şəkildə cəzalandırılacaqlarını bildiyindən məruzə edib deyə bilməyiblər ki, mənim baş verən həmin cinayətlərlə heç bir əlaqəm olmayıb. Axı onlar prezidentə yenidən deyə bilməzdilər ki, cənab Prezident biz Sizi aldatmışıq, biz Sizə Şöhrət Quliyevlə bağlı düzgün məlumat verməmişik”.

Ş.Quliyev dönə-dönə Gəncədə olan Elmar adlı şəxsin adını vurğulamaqla özünün həmin cinayətlərlə heç bir əlaqəsi olmadığını diqqətə çatdırır: “Mən onların qanunsuz hərəkətləri səbəbindən heç bir təqsirim olmadığı halda məhkum edilərək bu gün Qobustan həbsxanasında ömürlük cəza çəkirəm. Belə çıxır ki, kiminsə sözü yalana çıxmasın deyə istənilən vətəndaşa ömürlük cəza vermək olar?

Bir daha bildirirəm ki, mən heç kimi öldürməmişəm və öldürürlməsini sifariş etməmişəm. Ölən məlum, öldürən məlum, sifariş verən də məlumdur. Kimsə vəzifəsini itirməsin deyə mənə ömürlük cəza veriblər”.

Ş.Quliyev bildirib ki, 1990-cı ildən 2009-cu ildə həbs edilənə kimi Çin Xalq Respublikasından qab-qacaq gətirib satmaqla məşğul olub: “Mən sadə bir iş adamı olmuşam. Cinayət aləmi ilə heç vaxt heç bir əlaqəm olmayıb. Bu faktı məni tanıyan hər bir kəs tam təsdiq edə bilər.
Mən, ailə üzvlərim və yaxınlarım tam inanırlar ki, əgər müraciətlərim Prezidentə çatarsa, o, mənə qarşı edilmiş qanunsuzluqları qısa vaxtda aradan qaldıracaq. Haqq və ədalət qısa vaxtda bərpa olunub öz yerini tapacaq. Ona görə də bu ərizəni Sizlərə yazmaqla xahiş edirəm ki, mənim səsimin cənab İlham Əliyevə və digər aidiyyatı vəzifəli şəxslərə çatdırılmasında yardımçı olasınız”.

E.HÜSEYNOV /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.