Yüzlərlə müəllimdən pul alan qadın 2 il əvvəl özünü niyə doğrayıb? - (Fotolar, Təfərrüat)

12-02-2015, 14:44   

Müxtəlif rayonlarda yüzlərlə insandan onları işədüzəltmək adı ilə pul alan, daha sonra hamını aldadaraq yoxa çıxan üç qadından biri haqda maraqlı məlumat var.

Öncə onu deyək ki, artıq xəbər verdiyimiz kimi, Qazax, Mingəçevir, Bərdə və digər rayonlarda təhsil kursları və uşaq bağçaları açan və işə düzəldəcəkləri adı ilə yüzlərlə sakindən pul alan qrupun əsas üzvləri - üç qadın artıq saxlanılıb. Onlar Pərvanə Tağıyeva, Ülkər Sanılı və Ülviyyə Balakişiyevadır. Onlar “T-Group” Tədris Mərkəzi adı altında təhsil kursları və uşaq bağçaları açaraq işə götürmək adı altında yüzlərlə insandan 800-1500 manat arasında pul almışdı. Həmin xəbərlərdə deyilirdi ki, bu pullar Ülkər Sanılının “Acsess bank”da olan hesabına köçürülürmüş. Adıçəkilən qadınlar Mingəçevirdə polis tərəfindən saxlanılıb və faktla bağlı araşdırma aparılır.

Virtualaz.org saytı bu qadınların müdhiş fırıldağı haqda ətraflı məlumatı iki gün əvvəl dərc etmişdi. İndi isə dələduz qrupun rəhbər şəxslərindən olan Pərvanə Tağıyeva haqda növbəti ilginc xəbər ortaya çıxıb.

Belə ki, Pərvanə Tağıyeva 2008-ci ildə Göygöldə texniki-təbiət fənləri təmayüllü liseyin direktor müavini olub. O, bəzi mətbuat orqanlarında liseyin direktoru Fəxri İsmayılovla aralarında baş verən qalmaqalla bağlı yazılar da dərc etdirib. P.Tağıyeva bəzi saytlara göndərdiyi şikayət məktubunda direktorun qanunsuz əməlləridən və onu rüşvət almağa məcbur etməsindən şikayətlənib.

P.Tağıyeva 2011-ci ildə isə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə dekan müavini vəzifəsinə təyin olunub.

P.Tağıyeva haqda başqa bir maraqlı xəbər isə onun 2013-cü ilin dekabr ayında özünü doğrayaraq intihara cəhd etməsidir.

Yüzlərlə müəllimdən pul alan qadın 2 il əvvəl özünü niyə doğrayıb? - (Fotolar, Təfərrüat)

Belə ki, həmin xəbərlərə görə, P.Tağıyeva Bakının Yasamal rayonunda, “Tağıyev” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinin qapısını bağlayaraq qollarını stəkan qırığı ilə kəsmiş və intihara cəhd etmişdi. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlmiş, onlar qapını qıraraq P.Tağıyevanı huşsuz vəziyyətdə xəstəxanaya aparmışdılar. Onun intihara cəhd etməzdən əvvəl yazdığı məktub da sübut kimi götürülmüşdü.

P.Tağıyeva məktubunda “Daha yaşaya bilmirəm. Məni başa düşün. Daşıya bilmədim bu yükü” yazmış, hansısa səhvə eyham vurmuş, səhv eləməməyə çalışsa da oyuna gəldiyini qeyd etmişdi. Məktubun davamında isə “bu addımımda günahkar olanları bilirsiniz” deyə qeyd etmişdi.

Bu faktla sonuncu həbs arasında hansısa əlaqənin olub-olmadığını araşdırmaq isə müvafiq qurumların vəzifəsidir.

İlkin Muradov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.