Bakı Apelyasiya Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib.
İttihama görə, Kazım Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq əməlləri törətməkdə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr, 2014-cü il tarixli hökmü ilə K.Kazımov 12 il, Y.Kiyasov 10 il, O.Polkova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bundan əvvəl digər cinayət işi də mövcud olub. Həmin cinayət işi üzrə məhkəmə prosesi 2013-cü ildə başa çatıb. Məhkəmənin hökmü ilə K.Kazımov 10 il, Y.Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O.Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm oxunan zaman onların azadlıqdan məhrumetmə illəri toplanılaraq barələrində yeni hökm çıxarılıb.
K.Kazımov xalq artisti Aygün Kazımovanın qardaşıdır.
İnarə Rafiqqızı
Virtualaz.org