Məhkum qadının şərlənməsinə yol açan qərarlar “Yeni Müsavat”da!; Aslan Aslanovun girovu olan qadının azadlığa buraxılacağı istisna deyil
Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Saat 12:30-a təyin edilən iclas açıq elan olunub. Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apellyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib.
Fevralın 3-də verilən vəsatətə bir gün sonra 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Apelyasiya müddətinin bərpa olunması ilə bağlı vəsatət təmin edilib. Protestin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub. Prosesdə Lamiyə Quliyeva və onun vəkili Fəxrəddin Mehdiyev iştirak ediblər.
Lamiyə Quliyevanın “yüklənməsi” qərarı əlimizdə!!!
Yada salaq ki, L.Quliyeva və nişanlısı olmuş Vüqar Əliyev 2003-cü ildə həbs ediliblər. Hər iki şəxs o dövrdə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham olunublar. Quliyeva 10 il müddətinə, Əliyev isə ömürlük azadlıqdan məhrum ediliblər.
L.Quliyevanın həbs müddəti 2013-cü ilin mayında bitməli və o azadlığa çıxmalı idi. Lakin 2010-cu ilin mayında Xətai Rayon Prokurorluğuna Penitensiar Xidmətdən sənədlər daxil olub. Həmin sənədlərə əsasən 2010-cü il mayın 13-də L.Quliyevanın barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanmasına qərar verilib.
Qərarları oxuduqca məhkum qadının bir-birinin ardınca “yüklənməsi” göz önünə gəlir
Həmin “Cinayət işi başlamaq barədə” qərarı əldə etmişik və olduğu kimi təqdim edirik:
“Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadə vətəndaş Quliyeva Lamiyə Sahib qızının xuliqanlıq hərəkətləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş materialı nəzərdən keçirib müəyyən etdim:
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş sənədlərin məzmunundan görünür ki, 27 aprel 2010-cu il tarixdə, saat 22 radələrində Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən müəssisənin nəzarətçisi, ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızına qarşı müqavimət göstərərək, ictimai qaydanın kobud surətdə pozmaqla məişət əşyalarını sonuncunun üzərinə ataraq xuliqanlıq etmişdir.
Göründüyü kimi, Quliyeva Lamiyə Sahib qızının əməlində Azərbaycan Respublikası CM-in 221.2.2-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır. Odur ki, onun barəsində həmin maddə ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılması zəruridir.
Yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM- nin 84, 209 və 210-cu maddələrini rəhbər tutaraq qərar verdim:
- Quliyeva Lamiyə Sahib qızı barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlansın. Cinayət işi aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün RPİ-nin İstintaq şöbəsinə göndərilsin”.
1 ay sonra Lamiyə Quliyevanın vəziyyətini ağırlaşdıran daha bir qərar qəbul olunub!
Təxminən 1 ay sonra nəticə etibarı ilə məhkum qadının vəziyyətini ağırlaşdıran daha bir qərar verilib. “Cinayət əməlinin tövsif edilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə qərar” adlanan sənəd 16 iyun 2010-cu ildə tərtib olunub. Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Racif Almazovun tərtib etdiyi sənəddə yazılıb:
“İcraatımda olan 105534 saylı cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etdim:
27 aprel 2010-cu il tarixdə saat 22 radələrində Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən həmin müəssisənin nəzarətçisi, ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızına qarşı müqavimət göstərək, ictimai qaydanın kobud surətdə pozmaqla məişət əşyalarını sonucunu üzərinə ataraq xuliqanlıq etmişdir.
Həmin fakt görə 13 may 2010-cu ildə Xətai Rayon Prokurorluğu tərəfindən CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq aidiyyəti üzrə Xətai RPİ-nin istintaq şöbəsinə göndərilib.
13 may 2010-cu ildə cinayət işinin istintaqı mənə həvalə edildiyinə görə tərəfimdən icraata qəbul edilib istintaq aparılıb”.
Daha bir tövsif !!!
“19 may 2010-cu il tarixdə cinayət əməli CM-nin 221.7. 2 maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmiş və 20 may 2010-cu ildə Quliyeva Lamiyə Sahib qızı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən, 22.12.2003-cü tarixdə CM-nin 120.2.1, 120.2.3, 120.2.4 (qəsdən adam öldürmə) və 177.2.1(oğurluq) maddələri ilə 10 il müddətinə məhkum olunmuş və Penitenisiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı Xətai Rayon Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı ilə 3 saylı İstintaq Təcridxanasına köçürülmüşdür.
Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 22.12.2003-cü il tarixdə CM-nin 120.2.1, 120.2.3, 120.2.4 və 177.2.1 maddələri ilə 10 il müddətinə məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəza çəkmə müəssisəsində cəza çəkən məhkum Quliyeva Lamiyə Sahib qızı 27 aprel 2010-cu ıl tarixdə saat 22 radələrində cəza çəkdiyi 4 saylı cəza çəkmə müəssisəsinin ayaq yolunda heç bir səbəb olmadan ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızı ilə mübahisə edib dalaşaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, səsə hadisə yerinə toplaşan şəxslərə əhəmiyyət verməyərək onların gözü qarşısında sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etdikdən, döyməklə hədələdikdən sonra Aysel Ağayevanın nəzarətçi otağına getməsini görüb onun arxasınca nəzarətçi otağına daxil olmuş və öz hərəkətlərini davam edib islah olunmasına mane olaraq, ictimai vəzifələrini yerinə yetirməsinə görə nəzarətçi Aysel Ağayevadan intiqam almaq məqsədilə sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, qaz plitəsinin üzərində olan, içərisində qaynar su ilə dolu çayniki götürüb silah qismində istifadə edərək Aysel Ağayevanın üzərinə atıb. Çaynikin Aysel Ağayevaya dəymədiyini görüb qaynar su dolu olan ikinci çayniki götürüb Aysel Ağayevanın üzərinə atıb və ona sol budun aşağı ½-nin bayır səthinə 3,0x2,0 sm ölçüdə qançırla nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozaraq CM-nin 317.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədib.
Təqsirləndirilən şəxs Quliyeva Lamiyə Sahib qızının qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilməz qaydada sübuta yetirilmişdir”.
Daha bir tövsif və iş Xətai Rayon Prokurorluğuna göndərilib
“Ona görə təqsirləndirilən şəxs Quliyeva Lamiyə Sahib qızının əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 317.2-ci maddəsinə tövsif edilməli və cinayət işi istintaq aidiyyəti üzrə Xətai Rayon Prokurorluğuna göndərilməlidir”.
Prokurorluğa göndərilən “təkzibedilməz” sübutlarla zəngin qərar!!!
Beləcə tövsif qərarları bir–birini əvəzləməklə iş ağırlaşdırılaraq polisin səlahiyyət çərçivəsindən çıxarılıb və aidiyyatı üzrə Xətai Rayon Prokurorluğuna göndərilib. Orada “təkzibedilməz” əsaslarla Quliyevanın istintaqı davam etdirilib. İttiham aktı tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib və onun cəza müddəti 5 il 6 ay artırılıb. Əgər həmin CM-nin 221-ci – xuliqanlıq maddəsi 317-ci - cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma – maddəsinə tövsif edilməsəydi L.Quliyevanın cəzası maksimum 2 il artırıla bilərdi. Görünür, Lamiyə Quliyevaya xüsusi münasibət göstərən şəxs bunu nəzərə alıb və onu məhkəmə qarşısına daha ağır maddə ilə çıxarılması və cəzalandırılmasına nail olub. Bu adi “yükləmə” taktikasıdır.
Bu gün Bakı Apelyasiya Məhkəməsində məhz bu iş üzrə çıxarılmış hökmdən verilmiş protestə baxılacaq.
Lamiyəni növbəti dəfə “yükləyiblər”
Lamiyə Quliyevanı növbəti dəfə 29 may 2013-cü ildə “yükləyiblər”. Həmin tarixdə Xətai rayon prokuroru Penitensiar Xidmətin Daxili Təhqiqat Şöbəsində toplanmış materialı nəzərdən keçirib: “L.Quliyevanın digər məhkum Elmira Ağabala qızı İdrisovadan hədə-qorxu ilə pul tələb etməsi faktına görə” tərtib olunan sənədə yazılıb:
- Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Daxili Təhqiqat Şöbəsindən daxil olmuş materialdan görünür ki, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Quliyeva Lamiyə Sahib qızı 2011-ci ilin fevral ayından 2012-ci ilin oktyabr ayınadək ayrı-ayrı vaxtlarda digər məhkum Elmim İdrisovaya hər 100 manata görə 15 gün ərzində 50 manat faiz qaytarmaq şərtilə küllü miqdarda borca pul vermiş, lakin sonuncu aldığı pulları vaxtında qaytara bilmədiyindən məhkum Lamiyə Quliyeva digər məhkum Elmira İdrisovaya verdiyi borc pulların qaytarılmasını onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə tələb etmişdir”.
Bunu oxuyan prokuror belə bir qərar verib:
- Göründüyü kimi, məhkum Quliyeva Lamiyə Sahib qızının əməlində Azərbaycan Respublikası CM 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır. Odur ki, onun barəsində həmin maddə ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılması zəruridir.
Beləcə L.Quliyeva növbəti dəfə prokurorluq müstəntiqləri və məhkəmə hakimləri qarşısında dayanmalı olub. Lakin Xətai Rayon Məhkəməsinin hakimi bir qadın məhkumun bunca yüklənməsinə göz yuma bilməyib. Onun etirazlarına, işdə zərərçəkən kimi adı keçən qadının kimliyinə diqqət yetirərək L.Quliyevaya bəraət verib. Bu hökmdən verilmiş protest Bakı Apelyasiya Məhkəməsində təmin olub və L.Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəməyə edilən şikayət isə Xətai rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılması ilə sonuclanıb. Beləcə L.Quliyeva növbəti dəfə “yüklənməkdən” yaxa qurtara bilib.
13 fevralda keçiriləcək məhkəmə digərlərindən fərqlidir. Bu proses 12 ildən artıq əzab-əziyyətlərə, məhrumiyyətlərə, işgəncələrə, alçaldılmalara düçar edilmiş qadının azadlığa aparan yolda son məhkəmə qapısıdır.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.
E. MƏMMƏDƏLİYEV