Azərbaycanlı deputat Roman Nəsirov sədr seçildi
“Bu gün keçirilən Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun iclasında qrupa yeni sədr seçilib. Bu əslən azərbaycanlı Nəsirov Roman Mikayıl oğludur”.
Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunu sədri Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Roman Nəsirov Ukrayna Ali Radasına Prezident Pyotr Poroşenkonun “Blok Pyotr Poroşenka” Partiyasından seçilib, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir: “Biz də çox istəyirdik ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupuna yeni sədr məhz o seçilsin. Hətta bununla bağlı Ukrayna Ali Radası sədrinə və deputatlarına müraciət də ünvanlamışdıq ki, seçim məsələsində diqqətli olsunlar. Çünki Roman Nəsirov gənc və perspektivlidir. Onun perspektivdə Ukrayna-Azərbaycan münasibətlərini daha da irəliyə aparacağına inanırıq. Düşünürük ki, ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, parlament diplomatiyası da uğurla inkişaf etməlidir”.
H.Cavadov bildirib ki, R.Nəsirov bir müddət əvvəl Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində olub və bundan sonra diaspor fəaliyyəti ilə yaxından məşğul olacağına söz verib.
Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.
Mənbə
ANS PRESS