Rüsvayçı təhsil statistikasına YAP mətbuatının “münasibət”i

13-02-2015, 09:59   
Rüsvayçı təhsil statistikasına YAP mətbuatının “münasibət”i
Lamiyə Quliyeva olayından yazmağı mənəviyyatsızlıq hesab edənlər təhsilin taleyinə niyə biganə qalıblar?
“Azadlıq” qəzeti Lamiyə Quliyeva olayını tirajlayanda, bu məsələyə birbaşa aidiyyəti olan yapçı məmurun əməllərini araşdıranda bəzi hökumətyönlülərin qəzəbinə gəldi. Məsələn, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bu məsələ haqqında yazılanları mənəviyyatsızlıq kimi qiymətləndirdi, bu haqda yazılanları sifariş adlandırdı. Hətta məsləhət də verdi ki, vətənpərvərlikdən, dövlət üçün əhəmiyyətli olan hadisələrdən yazmaq lazımdır.
Təbii ki, biz bu fikirlərə tutarlı cavab yazdıq və sübut elədik ki, Lamiyə Quliyeva olayı həm mənəviyyat məsələsidir, həm də dövlətin axsayan yerlərinin göstəricisidir.
Amma bugünlərdə daha bir ağrılı məsələ üzə çıxdı. Belə ki, TQDK-nın məlumatlarından bəlli oldu ki, 2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 %-i qəbul imtahanlarında 200-dən az bal toplayıb. Eyni zamanda bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, Imişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Üstəlik o da üzə çıxdı ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da var.
Biz bu acı reallığı da işıqlandırdıq. Təhsilin bu vəziyyətə düşməsi, ölkənin gələcək taleyini müəyyən edir. Bir ölkənin taleyində təhsilin məhv edilməsindən ağır hadisə ola bilməz. Əslində, bu statistik məlumatlardan sonra həyəcan təbili çalınmalıydı. Dünənə qədər bizi dövlət maraqlarına zidd mövqe tutmaqda ittiham edənlər bu biabırçı hadisəyə münasibət bildirmədi.
Məsələn, dövlətçilikdən, ölkənin maraqlarından yazmağı məsləhət görən Bəxtiyar Sadıqovun qəzetində bu haqda bir cümlə də yazılmadı. Bu rəqəmləri rəsmi orqan bəyan edib və “Azərbaycan” qəzeti bu haqda mütləq yazmalıydı. Özü də “Azərbaycan” qəzeti MM-in rəsmi orqanıdır.
Görəsən bu “vətənpərvər”, “mənəviyyatpərəst” hökumət qəzetləri ölkə həyatında bir nömrəli hesab olunacaq məsələyə niyə laqeyd qalıblar?
Yoxsa Lamiyə Quliyevanın taleyi kimi, təhsilin taleyini də “zindan”lara həvalə etməliyik?
Ölkədə təhsilin vəziyyətinə “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs” kimi qəzetlərin laqeyd münasibəti bir daha sübut etdi ki, bu qəzetlər dövlətə yox, hökumətə xidmət edirlər. Bəli, onlar yalnız lent kəsilməsindən, bina tikliməsindən və analoqsuz inkişaf nağıllarından yazmaqda görəvlidilər.
Sadəcə olaraq diqqətə çatdırmaq istədik ki, ittiham edəndə, məsləhət verəndə ehtiyatlı olmaq lazımdır. Çünki, istənilən an deyilənlər bumeranq effekti verə bilir.
Onu da unutmayın ki, təhsil məhv edilən, elm xaraba qoyulan bir ölkədə Lamiyənin taleyindən də ağır talelər mövcud olur. Bu həssas məqamları malalamaq isə dövlətə zərbə vurmaqdan başqa bir şey deyil.
Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.