Məktəbdə şagirdini döyən müəllimlə bağlı qalmaqal böyüyür

16-02-2015, 19:41   
Məktəbdə şagirdini döyən müəllimlə bağlı qalmaqal böyüyür
Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Orxan Həsənovun bədən tərbiyəsi müəllimi Elnur Cəbrayılov tərəfindən döyülməsi ölkənin təhsil ocaqlarında şagirdlərə qarşı törədilən zorakılıq hallarını yenidən gündəmə gətirib.

Qeyd edək ki, fevralın 14-də baş verən bu hadisə ilə bağlı ilkin araşdırmanın nəticələri məlum olub. Müəllim Emil Cəbrayılov məktəbdən uzaqlaşdırılıb.

Məktəb direktorunun mövqeyi...

Baş verən hadisə ilə bağlı musavat.com-a açıqlama verən 90 saylı məktəbin direktoru Qurbantac Qazıbəyova bildirdi ki, həmin şagirdi döyən müəllim artıq məktəbdən uzaqlaşdırılıb: “Müəllim əsəbləşib və şagirdi o ki, var çırpıb. Hadisəni Bakı Şəhər Təhsil İdarəsi və 12 saylı Polis Bölməsi araşdırır. Hazırda istintaq gedir və istintaq yekunlaşana qədər müəllim müvəqqəti olaraq, işdən uzaqlaşdırılıb. Şagirdin vəziyyəti isə normaldır, hadisədən bir gün sonra məktəbə gəldi və dərslərdə iştirak edir”.

Məktəb direktoru bildirdi ki, şagirdin valideyni ilə də görüşüblər: “Valideynin bizə, məktəbə qarşı münasibəti normaldır. Ancaq Emil müəllimə qarşı yox... Valideyn müəllimi polisə verib. Müəllimin əvvəllər uşaqlara qarşı zorakılığı olmayıb. Bu, birinci dəfə idi. Mənim münasibətim isə odur ki, məktəbdə, küçədə, evdə və ya başqa yerlərdə uşaq döyülməməlidir. Uşağı döymək, danlamaq, zorakılıq etmək olmaz”.

Müəllim zorakılığına məruz qalan Orxan Həsənovun atası Mirələm Həsənov mətbuata açıqlamasında oğlunun döyülməsinin səbəbini açıqlayıb. O, bildirib ki, bir həftə əvvəl şagird bədən tərbiyəsi müəlliminin maşınının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun avtomobilinin üzərinə düşüb: “Maşının üstündə tüpürcək görən müəllim bərk qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək, ondan üzr istəyib. Ancaq bununla da qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb edib və şlanqla onun bədəninə vurmağa başlayıb. E.Cəbrayılov Orxanı döyərkən yanında onun sinif yoldaşları Fuad və Xəyal da olublar. Fuad və Xəyala da zərbə dəydiyi bildirilib”.

Təhsil Nazirliyinin reaksiyası...

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, hadisə araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək: “Bu məsələ araşdırılır. Araşdırma nəticəsində həmin fakt öz təsdiqini tapacaqsa, günahkarlar cəzalandırılacaq. Başqa cür ola da bilməz”.

Nazirliyin sözçüsü onu da bildirdi ki, müəllimlər işə qəbul olunarkən psixoloji durumu yoxlanılır, sınaq qiymətləndirməsində və diaqnostik qiymətləndirmədə müəllimlərin kommunikativ, auditoriya ilə işləmək bacarıqları dəyərləndirilir, yalnız bundan sonra işə alınır.

Şagirdi döyən müəllimi hansı cəza gözləyir?

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, müəllimin əməli araşdırılmalı və şagirdə yetirdiyi xəsarətin dərəcəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməlidir: “Əgər müəllim şagirdi xuliqanlıq məqsədi ilə döyübsə, şagird az ağır və ya ağır xəsarət alıbsa, onda həmin hadisə xuliqanlıq kimi tövsif olunur. Əgər müəllimin istifadə etdiyi şlanq silah kimi dəyərləndiriləcəksə, onu AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əgər hadisədə şagird az ağır xəsarət alıbsa, o, CM-nin 127.2-ci maddəsi ilə 5 ilədək azadlıqdan məhrum edilə bilər. Əgər ağır xəsarət alıbsa, CM-nin 126.2-ci maddəsi ilə 11 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Əgər müəllimin hərəkəti nəticəsində şagird yüngül xəsarət alıbsa və müəllimin xuliqanlıq niyyəti olmayıbsa, belə halda müəllimi 200 manatadək cərimə və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Əgər şagirdin bədənində hər hansı xəsarət müəyyən edilməyibsə, müəllimin əməli AR İXM-nin 38.1-ci maddəsi ilə 500 manatdan 1000 manatadək cərimə edilə və ya iki ay müddətinə inzibatı qaydada həbs edilə bilər.

Müəllimin əməlinə necə hüquqi qiymət verilməsi onun şagirdə yetirdiyi xəsarətlərin dərəcəsindən asılıdır”.

Ekspertlər təhsilin durumundan narahatdır

Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, bu cür hadisələr məktəblərdə təlim-tərbiyə işinin aşağı səviyyədə olmasını göstərir: “Bəzən müəllim şagirdi, bəzən tələbə müəllimini döyür. Təəssüf ki, bu kimi xoşagəlməz hadisələr yaşanır. Bunun bir səbəbi də odur ki, yaxşı, peşəkar müəllimlər, peşəsini sevən, şagirdləri öz övladı kimi görən müəllimlər artıq məktəblərdən uzaqlaşıb. Bu məsələyə daha geniş şəkildə baxmaq lazımdır ki, təhsilimiz niyə bu səviyyəyə düşdü? Bu səbəbləri təhlil etmək lazımdır”.

Müəllimlərin əmək haqlarının aşağı olmasını və məişət problemlərinin çox olduğunu deyən Firudin Cəlilov qeyd etdi ki, bu istiqamətdə islahatlar aparılmalıdır: “Yeni nazir islahatlara yaxşı başlamışdı. Amma islahatları yarımçıq apardı. Müəllimlərin dərs yükünü bir az çoxaldıb, maaşlarını artırdılar. Ancaq bunu başqa formada aparmaq lazımdır. Müəllimlərin maaşı artırılmalıdır. Ucuz ətin şorbası olmaz. Bu, təkcə bir məktəbin problemi deyil. Bütövlükdə təhsil sisteminin problemidir. Təhsil sistemi bir zəncirdir, onun həlqələri var. Biz bir həlqəsini götürüb, onun üzərində dayanırıq. Təhsil sistemi ümumilikdə təhlil olunmalıdır və islahatlar aparılmalıdır”.

Müəllimlərin maddi və psixoloji durumu...

Psixoloq Dəyanət Rzayev musavat.com-a bildirdi ki, müəllimlərin psixoloji gərginliyinin əsas səbəbi maddi sıxıntılardır: “Müəllimlərin maaşı həddindən artıq aşağıdır. Ayda 150-200 manat maaş alan müəllimin ailədə hansı çətinliklərlə üzləşdiyini təsəvvür etmək çətin deyil. Təbii ki, hansısa şagirdin döyülməsinə haqq qazandırmaq olmaz. Hətta müəllim heç bir maaş almasa, aclıqdan ölməli olsa belə, bu, ona şagirdləri döyməyə haqq vermir. Bəzən bədən tərbiyəsi müəllimləri idmançı olmaq istəyən, lakin bu arzusuna çatmayan və müəllimliklə qane olan insanlar olurlar. İdmançı olmağı arzulayarkən gəlib, ayda 150 manata müəllim işləyir, ailəsini dolandıra bilmir, daim gərginlikdə olur. Şagird də bir uşaqdır və o, nadinclik də edə bilər. Lakin müəllim bunu həzm edə bilmir. Ola bilər ki, müəllim psixopatdır. Mən o müəllimi qınamıram. Mən müəllimin orada çalışmasına icazə verəni qınayıram. Müəllimlər işə qəbul olunarkən yoxlamadan keçməlidirlər. Maksimum çalışmaq lazımdır ki, belə təsadüfi insanlar təhsil müəssisələrinə düşməsinlər”.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.