Xədicə İsmayıldan qisas alırlar

17-02-2015, 10:45   
Xədicə İsmayıldan qisas alırlar

Şahvələd Çobanoğlu: «Hamı bilir ki, o, nəyə görə bu ittihamlarla üzləşib»

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı, bəlli olduğu kimi, yeni ittihamlar irəli sürülüb. Vəkil Fariz Namazlı “Amerikanın səsi”nə bildirib ki, jurnalistə qarşı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan edib. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
Vəkil deyib ki, prokurorluq “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb: “Xədicə Ismayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib”.
Xatırladaq ki, X.Ismayıl “Azadlıq” radiosuna göndərdiyi məktubda ona qarşı yeni ittihamların hazırlandığını xəbər vermişdi. Jurnalist məktubunda qeyd etmişdi ki, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, peşə fəaliyyəti ilə bağlı dindirməyə başlayıb.
Məsələ barədə “Azadlıq”a açıqlama verən həmkarımız, köşə yazarı Şahvələd Çobanoğlu Xədicə Ismayılın həbsini onun jurnalist fəaliyyətinə görə alınan qisas kimi dəyərləndirir. Ş.Çobanoğlu deyir ki, X.Ismayıla qarşı hələ ilkin irəli sürülən ittiham absurd və əssasız idi: “Görünür, bu absurdun içində bir şey tapmayıb yeni ittiham irəli sürdülər. Lakin yeni ittihamlar da absurd olmağıyla diqqəti çəkir. Xədicə xanım bu gün (dünən - red.) təcridxanadan mənə zəng etmişdi. Bu ittihamların ona lətifə kimi göründüyünü bildirdi. Yəni həmin ittihamların heç bir əsası yoxdur. Bir halda ki, ondan jurnalist fəaliyyətinə görə qisas alırlar, hansı maddəylə olduğu heç bir məna daşımır və qətiyyən narahat deyil”.
Ş.Çobanoğlu deyir ki, X.Ismayıl heç vaxt vəsaitlərin idarə olunması üzrə qərar verməyib, hətta “Azadlıq” radiosunun büro müdiri olduğu vaxtlarda belə maliyyə qərarlarından sorumlu olmayıb. Həmsöhbətimiz Xədicə xanımın yalnız radionun Bakı bürosunun yaradıcılıq fəaliyyəti ilə məşğul olduğunu deyir: “Bu maddələr bundan əvvəl vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüşdü. Anar Məmmədli, Intiqam Əliyev, Rəsul Cəfərov və bir çox tənqidçi mövqeyi olan, hakimiyyətin qüsurlarını göstərən insanlara qarşı belə addımlar tətbiq olunub. Cəmiyyət bunu aydın görür. Qarşıdakı dönəmdə də cəmiyyət Avropa Məhkəməsinin qərarıyla həmin ittihamların özünü doğrultmadığını görəcək. Sadəcə olaraq, hakimiyyət ardıcıl repressiya dalğasını dayandırmaq əvəzinə, günahsız insanlara qarşı addımlarını davam etdirir”.
Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.