Hollivud filmlərinə bənzəyən xilasetmə
Yeni Zellandiyada film kimi xilasetmə əməliyyatı keçirilib. ANS PRESS-in məlumatına görə, Auckland şəhərində bir maşın idarəetməni itirərək çaya düşüb.
İki polis məmuru qadının idarə etdiyi maşının sürətlə gedərək çaya düşdüyünün şahidi olublar. Onlar dərhal suya tullanaraq qadını xilas etməyə cəhd ediblər. Lakin qapılar avtomatik olaraq kilitləndiyi üçün buna nail ola bilməyiblər.
Sürücü sürətlə içərisinə su dolan maşında çarəsiz qalıb. Polislər boğulmaq üzrə olan qadını xilas etmək üçün əllərindən gələni etsələrdə qapıları aça bilməyiblər. Sonra onlardan biri iri daş parçası taparaq avtomobilin arxa şüşəsini sındırıb. Polislər daş tapana kimi avtomobilin salonu demək olarki tamamilə su altında qalıb.
Polislər qadını ölümə saniyələr qala xilas edə biliblər. Ölümlə burun-buruna olan qadın son anda özünü sınmış pəncərədən çölə ata bilib. Baş verənlər isə ətrafdan keçənlərin fotokameralarının yaddaşına düşüb.
Hollivud filmlərini xatırladan xilasetmə əməliyyatı nəticəsində qadın yüngül xəsarətlərlə canını qurtara bilib.