İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb.
Bu barədə yerli polis rəisi polkovnik Qasım Obeydi bildirib.
Öldürülən şəxslərin kimliyi və kütləvi qətlin səbəbi hələlik məlum deyil. Polis rəisi qurbanların İraq təhlükəsizlik orqanlarının əməkdaşları olduğunu ehtimal edir.
Ötən həftə İŞİD silahlıları Əl Bağdadi şəhərinin böyük hissəsini ələ keçirmişdi. Qeyd edək ki, Əl Bağdadinin yaxınlığında “Ayn Əl Əsəd” aviasiya bazası yerləşir. Bu bazada 320 ABŞ dəniz piyadalı iraqlı hərbçilərə təlim keçir.
Polkovnik Qasım Obeydinin sözlərinə görə, bazanın yaxınlığında təhlükəsizlik orqanlarının əməkdaşlarının ailələrinin qaldığı yaşayış kompleksləri silahlıların hücumuna məruz qalıb.