YAP məmur övladlarının mandatına qarşı

18-02-2015, 09:12   
YAP məmur övladlarının mandatına qarşı
İqtidar daxilində deputatlıq müzakirələri qızışır; Hakim partiyada deputat siyahısı bəzilərində təlaş yaradıb və nazir “dayılarının” qəbulunda növbəyə dayanıblar; “heç bir xidməti olmayan” oliqarx övladlarının parlamentdə təmsilçiliyinə Prezident Administrasiyasında da isti baxmırlar; ən çox hansı seçki dairəsi uğrunda mübarizə gedir?
Doqquz ay sonra Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı iqtidarda ciddi hazırlıqlar başlayıb. Müxalifət düşərgəsi hələ müxtəlif formatlı birlik modeli axtarışında olsa da, hakimiyyət də narahatlıq içərisindədir.


Əslində müxalifətin passivliyinin səbəbi aydındır: iqtidar seçkiləri yenə Məzahir Pənahovun rəhbərlik etdiyi komissiyalarla keçirməkdə israrlıdır. Amma hakimiyyət üçün də indi hamar dövr deyil: neftin qiymətinin düşməsi, fəal seçici elektoratının olduğu bəzi sahələrdə məcburi ixtisarlar, manatın kursunda enmələrin başlaması noyabradək ölkədə iqtisadi vəziyyəti daha da çətinləşdirə bilər. İqtisadi vəziyyətin seçki qutusuna birbaşa təsirini nəzərə alsaq, iqtidar sandıq başına 2010-cu ildəki kimi rahat getməyəcək, üstəlik, hətta son nəticədə gözlənilməyən sürprizlərlə də üzləşə bilərlər.

2015-ci ilin noyabrında gözlənilən bu kimi narahatlıqlar artıq YAP-da ciddi müzakirə mövzusuna çevrilib. Xəbər verdiyimiz kimi, YAP noyabr seçkilərində bəzi “əvəzolunmaz” deputatlarla vidalaşmaq istəyir. YAP funksionerləri də öz açıqlamalarında bu dəfə partiya namizədləri siyahısında “ciddi seçim” ediləcəkləri barədə xəbərdarlıq ediblər. Kimin siyahıda olacağı təbii ki, Siyavuş Novruzov səviyyəsində həll ediləcək məsələ deyil. Xəbərlər var ki, YAP-da bu məsələdə hələ ki müəmmalı susqunluq var, amma bəziləri artıq yuxarıların münasibətindən siyahıda olmayacaqlarını özləri üçün aydınlaşdırıblar. Bəziləri isə özləri panikaya düşərək hakimiyyətdəki nazir “dayılarının” qəbulunda növbəyə dayanıblar. Hətta bu panika o qədər ciddiləşib ki, YAP-ın icra katibi Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsini nəzərdə tutulduğundan daha tez keçirməli olub.

Ötən həftə keçirilən toplantıda Əli Əhmədov seçkilərə hazırlıq prosesinin başlanmasının vacibliyini vurğulayıb. YAP sədrinin müavini deyib ki, seçkilərə yüksək səviyyədə hazırlaşmaq lazımdır.



Qeyri-rəsmi məlumatlara görə, toplantıda YAP-ın narahatlıq doğuran siyahı məsələsinə də toxunulub. Bildirilib ki, narahatlıq üçün əsas yoxdur, çünki müxalifət “ölü haldadır” və yenə əksəriyyət hakim partiyanın namizədlərinə səs verəcək. Amma o da deyilib ki, YAP-ın yekun siyahısı hazır olduqdan sonra kimlərsə narazılıq etməsin. O da qəti deyilib ki, YAP-ın iradəsinin ziddinə olaraq kimsə namizədliyini versə, dərhal partiya sıralarında qovulacaq. Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.



Yeri gəlmişkən, məlumatlara görə, YAP-da əsas müzakirə mövzularından biri də həm Əli Əhmədovun, həm də Mübariz Qurbanlının boşalmış dairəsindən kimin deputatlığa namizəd göstəriləcəyidir. Xatırladaq ki, M.Qurbanlı 100 saylı Şəmkir - Daşkəsən, Əli Əhmədov isə Nərimanov birinci seçki dairəsindən YAP-ın namizədləri olublar. Dələduzluğa görə həbs edilən və mandatından imtina edən Gülər Əhmədovanın (Xətai seçki dairəsi), avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin (Zaqatala), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyevin (Nizami ikinci (Gəncə) seçki dairəsi) yerinə namizəd olmaq uğrunda da mövqe “döyüşləri” gedir.



Siyahı ilə bağlı vəziyyəti qəlizləşdirən daha bir məqam davamlı olacağına qərar verilmiş iqtidar-müxalifət görüşüdür. YAP bu təmaslardan o qədər də məmnun deyil. Çünki belə ehtimal edilir ki, dialoq da YAP-dan bir neçə deputat “qoparacaq”.



YAP-da seçki narazılığı ilə bağlı daha ilginc məlumatlar da var. YAP “qartalları” bəzi seçki dairələrini “gözaltı edən” oliqarx övladlarının parlamentdə təmsilçiliyinə qarşı çıxırlar. Onlar “təcrübəsiz gənclərin müxalifətin olacağı parlamentdə keyfiyyətli işləməyəcəyini” iddia edirlər. Qeyd edək ki, yeni parlamentdə nazir-oliqarxların övladlarının təmsilçiliyi barədə uzun müddətdir ki, söz-söhbət gəzir. Məsələn, Gəncənin icra başçısı Elmar Vəliyev bu seçkilərdə mandat verilməyəcək Gəncənin deputatı Aydın Abbasovun (Abbas Abbasovun oğlu) yerinə oğlunu Milli Məclisdə görmək istəyir. Qeyd edək ki, icra başçısının oğlu Elmir Vəliyev bir müddətdir ki, Milli Məclisdə işləyir və ictimai fəaldır.



Xəbərlərə görə, “YAP-da heç bir xidməti olmayan” nazir-məmur övladlarının parlamentdə təmsilçiliyinə Prezident Administrasiyasında da isti baxmırlar. Ehtimal etmək olar ki, YAP-ın narazılığı da Prezident Administrasiyasının bu mövqeyindən qaynaqlanır.

Xəbər xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.