Azərbaycan Iran-Israil seçimi arasında

18-02-2015, 09:31   
Azərbaycan Iran-Israil seçimi arasında
Eyni zamanda Tel-Əviv və Tehranla isti münasibətlər saxlamaq olarmı?
Son zamanlar Azərbaycanın xarici siyasətində bir istiqamət xüsusi ilə təzadları ilə yadda qalır. Söhbət Azərbaycanın iki əzəli düşmən olan Israil ilə Iran arasında yürütdüyü siyasətdən gedir. Bir müddət Tel-Əvivlə münasibətlərin dərinləşməsinə üstünlük verən rəsmi Bakı Tehranla münasibətləri məsafədə saxlayırdı.
Amma bu Tehran rejiminin özünü beynəlxalq aləmdən təcrid siyasətinə üstünlük verdiyi zamana təsadüf edirdi. Hazırda isə regiondakı geosiyasi durum dəyişib və yeni situasiya fərqli siyasətin yürüdülməsini tələb edir. Hazırkı Iran rəhbərliyi Qərblə danışıqlara getməklə yanaşı Azərbaycanla münasibətlərə də önəm verir. Dövlət başçılarının, o cümlədən hökumət təmsilçilərinin qarşılıqlı səfərləri bunu deməyə əsas verir. Iran müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməklə yanaşı Azərbaycan oliqarxlarının kapitallarının da Irana yatırılmasında maraqlı görünür. Amma Iranla bu cür yaxın münasibətlər Israilin diqqətindən də yayına bilməz. Çünki Israil artıq neçə ildir ki, Iranla birmənalı münasibət saxlamayan dövlətlərə yanaşmada sərtlik göstərir.
Azərbaycanı Iranla münasibətləri normallaşdırmağa beynəlxalq aləm də vadar edir. Çünki Qərbin Iranla münasibətləri normallaşması qonşu dövlətlərin də baxışlarının dəyişməsindən keçir. Amma Azərbaycan beynəlxalq təzyiqlər nəticəsində Iranla münasibətləri normallaşdırsa da Israilin dəstəyi olmadan da “yaşaya” bilməz. Çünki Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratik tələblərlə bağlı təzyiqlərdən məhz yəhudi lobbisinin hesabına yayınmağa çalışır. Artıq bu istiqamətdə konkret hansı miqdarda maliyyə vəsaitinin xərcləndiyi də məlumdur. Bu barədə “Azad Avropa” radiosu araşdırma aparıb. Budəfəki araşdırma ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının Azərbaycan hökumətindən aldığı pullar qarşılığında göstərdiyi xidmət haqdadır. Məqalənin başlığı elə bu cürdür: “Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxmayaraq, ABŞ yəhudiləri bu ölkəni dəstəkləyir”.
Məlum olub ki, hakimiyyət emisarlarının Vaşinqtondakı çıxışları, Ağ Evə ünvanlanan bir çox mesajlar məhz yəhudi lobbisinin fəaliyyətinin nəticəsidir. Məsələn, ABŞ-da fəaliyyət göstərən lobbi şirkəti “Podesta Group” hər ay Azərbaycan hökumətindən 60000 dollar vəsait alır. Bundan başqa mətbuatda çap olunan yazılar, bir sıra kampaniyaların da təşkili də bu istiqamətdə atılan addımlardır.
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin bu cür ikili siyasəti uzun müddət sürə bilməz. Israil və Iran bir müddət sonra Azərbaycanın onlara yanaşmada xarici siyasət prioritetini müəyyən etməsini istəyə bilər. Çünki bu iki dövlət arasındakı münasibətlər normalaşmayınca, üçüncü bir dövlətin onların hər ikisi ilə yaxınlıq etməsi müşkül məsələyə çevrilə bilər. Hər iki dövlətlə bərabər məsafədə dayanma, qarşılıqlı əməkdaşlıq Azərbaycan kimi kiçik dövlətlərin yürüdə biləcəyi xarici siyasət deyil. Bu tip siyasəti dünya və ya regional miqyasda ciddi nüfuza sahib olan dövlətlər yürüdə bilər.
Digər bir tərəfdən onu da nəzərə almaq lazımdır ki, yəhudi lobbisinin Azərbaycana dəstəyi pul müqabilində edilsə də, bu heç də o demək deyil ki, adıçəkilən struktur Israilin milli maraqlarının üstündən xətt çəkməyə hazırdır. Israilin milli maraqları isə Iranla sıx əməkdaşlıq edən dövlətlə münasibətlərə yenidən baxmağı tələb edir.
Iran da öz növbəsində Qərblə sıx əməkdaşlığa başlasa da, bu yumuşalma hələlik Israil ilə münasibətlərdə özünü göstərmir. Ona görə Azərbaycanla əməkdaşlığın müəyyən mərhələsində Tehran rejimi də bu istiqamətdə Azərbaycandan mövqe müəyyənləşməsi istəyə bilər.
Hikmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.