Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızını xüsusi amansızlıqla öldürməkdə şübhəli bilinən Əmri Süleymanov fevralın 15-də Azərbaycan sərhədini keçərək Rusiya ərazisinə daxil olub. Onun barəsində dərhal həbsli axtarış elan edilib və bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hazırda Ə.Süleymanovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 13-də paytaxtın Buzovna qəsəbəsindəki “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Əmri Süleymanov olması müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.