Moskvada güllələnən kriminal avtoritet bu gün Şirvanda dəfn olundu - (Foto)

18-02-2015, 13:45   
Moskvada güllələnən kriminal avtoritet bu gün Şirvanda dəfn olundu - (Foto)
Ötən həftə Rusiyada güllələnərək qətlə yetirilən “Natiq Əlibayramlinski” ləqəbli kriminal avtoritetin nəşi bu gün Azərbaycana gətirilib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, kriminal aləmdə “Natiq Əlibayramlinski” kimi tanınan Natiq Adil oğlu Kərimov bu gün ata-baba yurdu Şirvanda dəfn olunub.

Xəbər verdiyimiz kimi, fevralın 10-na keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin Parkovaya küçəsi, 15-də yerləşən və azərbaycanlılara məxsus olan “Abşeron” kafesində atışma baş verib. Məlumata görə, kafedə “Lotu Quli” (Nadir Səlifov) adlı kriminal avtoritetin tərəfdarları ilə əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan “Dato Ağcabədinski” ləqəbli Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında silahlı toqquşma olub. Nəticədə “Dato Ağcabədinski” və onun yaxın adamı olan “Natiq Əlibayramlinski” qətlə yetirilib. Onları “Lotu Quli”nin əslən Gəncədən olan adamlarının güllələdiyi deyilir.

39 yaşlı Natiq Kərimov Şirvan şəhərinin Çılpaqlı qəsəbə sakini olub. Rusiyaya 15 il əvvəl çörəkpulu dalınca yollanıb. Qardaşı Rafiq Kərimov da Rusiya vətəndaşıdır, orada taksi sürücüsü kimi çalışır.

“Natiq Əlibayramlinski”nin cəsədi də elə qardaşı Rafiq Kərimov tərəfindən bu gün Azərbaycana gətirilərək Şirvan şəhərinin Çılpaqlı kənd qəbiristanlığında dəfn olunub.

Əldə etdiyimiz digər məlumata görə, “Abşeron”dakı həmin gülləboranda daha bir Şirvan sakini və rus millətindən olan ofisiant qız da öldürülüb. Şirvanın “Zavod məhəlləsi” deyilən ərazisindən olan həmin şəxsin adı məlum deyil. Yalnız o məlumdur ki, mərhumun Moskvaya getmiş yaxınları onun meyitini Rusiya hüquq-mühafizə orqanlarından hələ də ala bilmirlər. Səbəb odur ki, mərhumun sənədləri qaydasında deyilmiş.

Mərhum Natiq Kərimova gəlincə isə o, 2004-cü ildə Moskvada quldurluq ittihamı ilə həbs olunub, 9 il sonra - 2013-cü ildə azadlığa çıxıb. Elə o vaxtdan da Rusiyanın kriminal aləmində nüfuz sahibi kimi tanınıb. O, həbsxanadan çıxandan sonra ailə həyatı qurub, bir azyaşlı övladı var.

Emil Məmmədov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.