Kreml Abbas Abbasova qarşı “qiyam”ı yatırdı

19-02-2015, 10:02   
Kreml Abbas Abbasova qarşı “qiyam”ı yatırdı
“Milyarderlər İttifaqı”nın yenidən dirçəldilməsi barədə xəbərlərdən sonra Söyün Sadıqov niyə “ağ bayraq qaldırdı?
Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətində (“AzerRos”) son yaşananlar, Abbas Abbasovun keçmiş silahdaşı Söyün Sadıqovla təşkilata nəzarət uğrunda açıq mübarizəsi və Kremlin bu savaşda sabiq baş nazir müavininin tərəfini tutması barədə “Yeni Müsavat”ın yazdıqları təsdiqini tapıb.

Belə ki, son aylar Abbas Abbasova qarşı qiyam qaldıran, onun yaxın adamının “AzerRos”un sədrliyindən, özünü isə Ağsaqqallar Şurasının sədrliyindən uzaqlaşdıran S.Sadıqov “ağ bayraq” qaldırmağa məcbur olub.

Bu barədə publika.az saytı Moskvadakı mənbələrinə istinadən yazıb. Məlumata görə, Söyün Sadıqov Abbas Abbasovun martın 6-da keçirəcəyi qurultaya münasibətini dəyişib. Belə ki, o, bunu “AzərRos”un birləşdirici qurultayı adlandırıb.

“Təşkilatın bütün üzvlərinə qarşılıqlı güzəşt əsasında əməkdaşlıq məsələləri təklif olunub. Bu baxımdan, martın 6-da keçiriləcək qurultayı ”Rusiya azərbaycanlılarının birləşdirici qurultayı" adlandırmaq mümkündür" deyə, o bildirib.

Mənbə bu tapşırığın Sadıqova Kreml tərəfindən verildiyini hesab edir. “Bu təşkilat birbaşa Kremlin xeyir-duası ilə yaradılıb. Moskva əsas fiqur kimi Abbas Abbasovu tanıyır. Ona görə də Söyün Sadıqovun ”AzerRos"u parçalamasının qarşısını almaq qərarına gəlib.
Yanvarın 17-də Sadıqovun keçirdiyi növbədənkənar qurultaydan sonra qarşıdurma güclənmişdi və Abbasov martın 6-na revanş qurultayı təyin etmişdi. Lakin Sadıqovun bu “sülhpərvər” çıxışı tərəflərin razılaşdığını göstərir. Məlumatlara görə, martın 6-da keçiriləcək qurultay təşkilatın parçalanmasının qarşısını alacaq. Sadıqov “Azərros”da hansısa vəzifə alacaq və əvvəlki kimi Abbasovla birgə işləyəcək. Bu tapşırıq məhz Kremldən gəlib" deyə, mənbə qeyd edib.



Söyün Sadıqovun güzəştə getməsinə fevralın ilk həftəsində baş verən bir hadisənin səbəb olduğu haqda məlumatların olması diqqət çəkir. Belə ki, fevralın 7-8-də Abbasovun kurasiyasında olan təşkilatın www.fnkaa.ru saytına haker hücumu olub. Hücumdan sonra saytda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqda mənfi məqalələr yayılıb. Müdaxilədən sonra problem aradan qalxsa da, bu, qalmaqala səbəb olub. Abbasov qruplaşması bu hücumun arxasında Sadıqovun dayandığını düşünür.



Mənbənin məlumatına görə, bu hadisə bütün körpülərin yandırılması və tərəflərin bir-birinə qarşı mübarizədə bütün vasitələrə əl atdığını göstərdi. Məhz bundan sonra tərəflərin yaxınlaşdırılması və qarşıdurmaya son qoyulması haqda Kremldən tapşırıq gəlib: “Abbas Abbasov güclü adamdır və Sadıqovun onunla başa gəlməsi mümkün deyil. Bunu Sadıqovun özü də yaxşı bilirdi. Görünür, o, ”qiyamçı" olmaqla öz çəkisini artırmaq istəyibmiş".
Xatırladaq ki, A.Abbasovun təşkilatdan uzaqlaşdırıldığı 17 yanvar qurultayına Rusiyanın hüquq-mühafizə orqanları ciddi maneə törətmiş, Azərbaycanın Rusiyadakı səfirliyinin müavini isə S.Sadıqovun rəhbərlik etdiyi tədbirdə şəxsən iştirak edərək ona dəstək vermişdi.
S.Sadıqovun qəfil “barışığı” “Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının yenidən Azərbaycanın siyasi səhnəsində fəallaşmaq istəyi xəbərləri fonunda da diqqət çəkir. Qeyd edək ki, bugünlərdə “Yeni Müsavat” Moskvanın elitar restoranlarının birində “Milyarderlər ittifaqı” üzvlərinin görüşü haqda xəbər dərc etmişdi. Xəbərdə deyilirdi ki, həmin məclisdə Dağıstan prezidenti Ramazan Abdulatipov və Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, eləcə də bu qurumun digər üzvləri olub. Xəbərdə iddia olunurdu ki, Rusiya 2015-ci il parlament seçkiləri ərəfəsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəltməklə Azərbaycan iqtidarına təzyiq etmək niyyəti güdə bilər. R.İbrahimbəyov da belə bir görüşün olduğunu təsdiqləmişdi.

Görünür, S.Sadıqov da Abbas Abbasovun Kreml üçün nə qədər vacib fiqur olduğunu gec də olsa anlayıb, bəlkə də bunu ona başa salıblar...

Xəbər xidməti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.