Hökumətin ehtiyat ssenarisi

19-02-2015, 10:06   
Hökumətin ehtiyat ssenarisi

Böhran davam edəcəyi təqdirdə bir neçə nazirlik və komitə ləğv oluna bilər

Azərbaycan hakimiyyəti böhranla bağlı ehtiyat ssenari işləyib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ehtiyat ssenarisində bir neçə nazirlik və komitənin ləğv olunması planlaşdırılır. Məlumatda deyilir ki, hakimiyyət böhran davam edəcəyi təqdirdə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərini, Dövlət Gömrük Komitəsini və bu kimi digər iri qurumları ləğv edə bilər. Bildirilir ki, ləğv olunacaq nazirlik və komitələrin səlahiyyətləri uyğun qurumlar arasında bölüşdürüləcək.
Hakimiyyət hələ tam etiraf etməsə də, neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Dövlət idarələrində ixtisarlara start verilməsi, investisiya xərclərinin azaldılması, manatın kursunun sərbəst buraxılması və digər addımlar ölkədə böhranlı vəziyyətin yarandığını göstərir. Rəsmi məlumatlara görə, ötən ilə nisbətdə bu il investisiya xərcləri 57 faiz azaldılıb. Demək olar ki, bütün infrastruktur layihələr dayandırılıb.
Ekspertlər hesab edir ki, neftin ucuzlaşması davam edəcəyi, yaxud da qiymətin elə indiki səviyyədə qalacağı təqdirdə ölkədə vəziyyət daha da pisləşəcək.
Iqtisadçı ekspert, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev də hesab edir ki, iqtisadiyyatı yalnız neft-qaz üzrə ixtisaslaşan Azərbaycanın hökumət aparatı həddindən artıq şişirdilib. Oqtay Haqverdiyev anspress.com-a açıqlamasında deyib: “Bizim bir sahəmiz var və onu da idarə etmək elə də çətin deyil. Adətən çoxsahəli iqtisadiyyatları idarə etməkdə çətinliklər olur. Amma buna baxmayaraq, təkcə nazirlikləri götürəndə, bizdə 20 nazirlik, üstəgəl komitələr var. Habuki, dünya iqtisadiyytının 20 faizini tutan Amerika kimi ölkədə cəmi 16 nazirlik fəaliyyət göstərir. Böyük Britaniyada 17, Almaniyada isə 12 nazirlik işləyir”.
Ekspertin fikrincə, bəzi nazirliklər və komitələri ləğv etməklə onları başqa nazirliklərin tərkibində şöbə və ya departamentə çevirmək olar: “Məsələn, Hərbi Sənaye Nazirliyini Sənaye Nazirliyinin içində bir bölmə eləmək olar, ayrıca bir nazirlik yaratmağa nə ehtiyac var? Bir çox ölkələrdə gömrük ayrıca departament kimi Daxili Işlər Nazirliyinə tabedir, Vergilər xidməti isə Maliyyə Nazirliyinin sanballı bir departamentidir”.
Oqtay Haqverdiyevin sözlərinə görə, iqttisadiyyat sahəsinə aid nazirlik və komitələrin əsasnasəmələrində çoxlu təkrarlar var: “Məsələn, Maliyyə Nazirliyinin əsasnaməsi ilə Iqtisadi Inkişaf Nazirliyinin əsasnamələri müəyyən fərqlər var, amma bəzi funksiyaları eynidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.