Və yaxud hansı məhsullar daha çox bahalaşacaq?
Fevralın 17-də paylaşdığım statusda bildirmişdim ki, "bir müddətdən sonra manatın məzənnəsinə artıq psixoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl “qiyamət” də onda qopacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar". Elə də oldu. Mərkəzi Bank məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə açıqlama verəndən 5 gün sonra ölkə üçün "iqtisadi qiyamət" hesab oluna biləcək hadisə yaratdı. İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin günə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən etdi.
Qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyi rəsmi olaraq bəyan edən Mərkəzi Bank hazırkı iqtsiadi təzyiqlər qarşısında nə qədər aciz olduğunu bir daha nümayiş etdirdi.
Məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidi elan etdikdən 5 gün sonra "şok terapiya" metodunu seçərək inzaibati qaydada rəsmi olaraq manatın məzənnəsini dollara nisbətdə 33,5 faiz ucuzlaşdırdı. Baş verənləri təhlil edib, aşağıdakı nəticələri çıxarmamışdan əvvəl iki vacib suala cavab vermək istərdim, nədən MB manatın devalvasiyasına qərar verdi? Bank niyə bu qərar vermək üçün tələsdi? Birinci suala cavab olaraq bildirmək istərdim ki, iqtisadiyyatımıza kənar faktorların təzyiq dərəcəsinin ölçmək və nəzərə almaq üçün bu ilin ilk ayların yekunlarını təhlil etmək və nəticə çıxartmaq kifayət edir.
Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. Belə davam edəcəyi halda bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökümət gəlirlərin nominal olaraq icra olunması üçün monetar üsulla tənzimləməyə qərar vermiş və manatın devalvasiyası yolu ilə 2015-ci il üçün milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul vermişdir. 1. Büdcə gəlirlərinin nominal olaraq artımına; 2. Müvəqqəti də olsa alıcılıq qabliyyətinin yüksəlməsinə; 3. Valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasına.
Mərkəz Bankın bəyanatında göstərilən - milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək - çağrışlarına gəlincə, iqtisadçılara bəllidir ki, bu problemləri son illərin şüarına çevirən hazırkı hökümət illərdir ki, onların heç birini həll edə bilmir və manatın devalvasiyası ilə də ona nail ola biləcəyi şübhə doğurur.
Çünki, real iqtisadi sektorda istehsal olunmuş məhsulların (neft və qaz istisna olmaqla) rəqabət qabliyyəti çox aşağıdır, bununla yanaşı, statistika göstərir ki, həmin sektorda ötən il başlayan tənəzzül bu il ərzində davam edir. Belə ki, bu ilin yanvar ayında ölkədə sənaye istehsalı 4 faiz azalıb, kənd təsərrüfatı bölməsində isə cəmisi 222 milyon manatlıq məhsulu istehsal olunub. İqtisadiyyatın hər iki real sektorundakı mövcud vəziyyət elədir ki, onların potensialı üzərində rəqabət qabliyyətli məhsul istehsal edib, qeyri-neft sektorunun ixracat potensilaını artırmaq imkanları real görsənmir.
Bunun üçün hər iki sektorun qarşısında həlli vacib olan başlıca vəzifə kimi iqtisadiyyatın modernləşdirilməsi qoyulmalıdır. Bu da yalnız investisiya mühitinin yaxşılaşdığı və xarici sərmayələrin milli iqtisadiyyata cəlb olunduğu zaman mümkündür. Bizə daxil olan məlumatlara görə, manatın devalvasiyasıyasından sonrai sabitliklə bağlı risklər dərhal artdığına görə bir çox investorlar artıq Azərbaycan iqtisadiyyatı ilə bağlı layihələrini təxirə salmaq barədə müzakirələr aparırlar. Odur ki, manatın devalvasiyasına dair Mərkəzi Bankın əsaslandırması çox zəif görsənir və yenə də əsl həqiqətləri gizlətməyə xidmət edir.
Mərkəzi Bank nədən bu qərarı verməyə tələsdi? Axı siyasi və iqtisadi sabitliyin əsas parametrlərindən biri hesab olunan milli valyutamızın sabitliyi üçün valyuta ehtiyatlarımızdann hələ bir neçə ay da istifadə oluna və manatın məzənnəsi sabit qala bilərdi?! Əslində, Rusiyada və Qazaxıstan kimi güclü iqtisadiyyata malik olan ölkələrdə baş verənlərdən də nəticə çıxaran Mərkəz Bankı uzun illərdir ki, mənasız işlərlə məşğul olduğunu etiraf etdi və manatın məzənnəsini süni üsullarla qoruduğunun fərqinə indi daha çox vardı. Əgər Mərkəzi Bank əvvəllər valyuta bazarında alış xarakterli müdaxilələr edərək valyuta ehtiyatlarını artırırdısa, son aylar əksinə satış xarakterli müdaxilələrə gedərək valyuta ehtiyatlarının kəskin azaldığını müşahidə edirdi.
Yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı. Bu qərarın fevralın 21-də verilməsinı əsaslandırarkən istinad olunan arqumentlərdən biri də hazırda onun sosial təsirlərinin bir neçə ay sonra ilə müqayisədə nisbətən zəif olacağı qənaəti idi. Həqiqətən də əmək bazarına xüsusilə də dövlət şirkətlərindən çıxarilan ixtisaslı işsizlərin və Rusiyadan geri dönən həmyerlilərimizin hesabına yeni və məhsuldar işçi qüvvənin daxil olması bu bazarda rəqabətin kəskinləşəcəyindən və işsizlərin sayının kütləvi artmasına görə sosial vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. Mərkəz Bank hesab etdi ki, əhali indi bu yükü götürməyə və devalvasiyanın xərclərini örtməyə indi bir neçə ay sonra ilə müqayisədə daha çox hazırdır.
Bu qərar nələri aşkar etdi?
Birincisi, bəlli oldu ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibatı üsullarla tənzimlənir. Odur ki, böhranqabağı və ya böhran dövrdə milli iqtisadiyyatımız özü-özünü tənzimləmək funksiyasına malik deyil, ölkə iqtisadiyyatı hələ də də bir neçə səlahiyyətli şəxsin qərarından asılıdır. Belə olanda da hökümət, parlament və xalq qarşısında məsuliyyət daşımayan şəxslərdən yetərincə əsaslandırılmayan istənilən qərar gözləmək olar. Bu isə çox risklidir və hələ "sonuncu sürpriz" deyil. İnzibatı metodlara üstünlük verilən idarəetmədən yenə də sürprizlər gözləmək olar. Odur ki, bu ərəfədə istehlakçılar və iş adamları ehtiyatlı olmalıdırlar.
İkincisi, ölkədə ciddi iqtisadi infomasiya qıtlığı yaradan və ən vacib məlumatları belə operativ qaydada açıqlamayan (maliyyə sabitliyi icmalı ötən ilin iyun ayına, tədiyə balansına dair isə ötən ilin oktyabrın 1-ə olan göstəricilər açıqlanıb, halbuku Rusiyada bu göstəricilər həftəlik açıqlanır) Mərkəzi Bankın bu qərarı Azərbaycan iqtisadiyyatında, xüsuslə də maliyyə-bank sistemində vəziyyətin hətta bizim bildiyimizdən də pis olduğunu isbatladı. İllər öncə Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı bizim bölüşdüyümüz narahatçılıq rəsmilər tərəfindən inkar olunsa da Mərkəzi Bankın dünənki qərarı bizim nə qədər haqlı olduğumuzu təsdiq etdi.
Üçüncüsü, baş verənlər göstərdi ki, “manata görə təlaşa düşməyə dəyməz” deyən sabiq maliyyə naziri və "manatın sabitliyinə heç bir təhlükə yoxdur" bəyanatını verən hazırkı baş bangir xalqı aldatmaqla məşğuldurlar.
Nəhayət, bu hadisə nümayiş etdirdi ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib. Eyni zamanda iqtisadiyyatı xarici təsirlərdən asılı olan ölkədə baş verəcək bu tip hadisələrdən heç kəs sığrtalana bilməyəcək.
Bu hadisənin hansı fəsadları ola bilər?
Əvvala, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcacılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5 - dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bu isə bu il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bu hiss edəcək istehlakçılar özlərinə ehtiyat yatarmaq üçün mağazalardan daha çox ərzaq almağa çalışacaqlar. Bütün bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək.
İkincisi, manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək.
Bu hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu. Bunu nəzərə almaq hələ də gec deyil.
Qubad Ibadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri