Ölkə başçısının ittiham etdiyi natəmizlər kimlərdi?
Uzun illərin inkişaf vədindən sonra ölkədə böhran yaşanmaqdadır. Manatın 35 faiz ucuzlaşması, bütün sahələrdəki qiymət artımı, ixtisarların sürətləndirilməsi, iş yerlərinin ləğvi ölkə vətəndaşını çətin duruma saldı. Ən dəhşətlisi isə budur ki, hakimiyyət vətəndaşı aldatdı və “inkişaf xonçası”ndan səfalət çıxdı. Ölkə vətəndaşının zərbə aldığı bir zamanda, ölkə başçısı baş verənlərə “aydınlıq” gətirdi. Belə ki, Ilham Əliyev Mingəçevirə səfər etdi və xəstəxanadan Azərbaycan xalqına açıqlama verdi. Bəlkə də tibb işçiləri qarşısında ölkənin üzləşdiyi vəziyyəti şərh etmək təsadüfi deyil. Çünki, bugün Azərbaycan böyük bir xəstəliyə yoluxub və ciddi müalicəyə ehtiyac var.
Yarıtmaz siyasət, yoxsa neftin sədaqətsizliyi
Qayıdaq, ölkə başçısının manatın “titrəmə”sinə münasibətinə. “Həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir göstərməyib. Çünki biz artıq özümüzü müdafiə etməyə, öz seçimimizi müdafiə etməyə hazırıq. Ancaq iqtisadi sahədə bölgədə gedən xoşagəlməz proseslər əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir” - deyə Ilham Əliyev bildirib.
Göründüyü kimi, ölkə başçısı neftin qiymətinin düşməsinə istinad edir və manatın acı taleyini neftin sədaqətsizliyinə bağlayır. Hansıki, ölkəni neftdən asılı vəziyyətə salmasaydılar, bu acı nəticələr də üzə çıxmazdı. Bir daha sübut olundu ki, “bizim öz yolumuz var” iddiası, yolsuzluğa, səfalətə, itkiyə xidmət edirmiş. Heç bir normal hökumət xalqın və dövlətin taleyini neftin ümidinə buraxmazdı. Əksinə, neft milyardlarından istifadə edib, qeyri-neft sektorunu gücləndirərdi. Indiki halda isə bir həqiqət aydın olur ki, bugünə qədər haqqında danışılan inkişaf, hakimiyyətin əmiyinin nəticəsi deyilmiş. Sadəcə olaraq Azərbaycanın bəxtinə neft düşüb və bu nefti sataraq ölkəni saxlamışıq. Deməli, nə büdcənin formalaşmasında, nə manatın qiymətinin yüksək olmasında hakimiyyətin heç bir rolu olmayıb. Indi isə neft qiymətdən düşüb və hakimiyyət heç bir tədbir görə bilməyib. Bu ona bənzəyir ki, yağış yağır, quyuları doldurur və insanlar quyudakı sudan istifadə edir. Bunun isə bəndəyə aidiyyəti yoxdur. Ona görə də ölkə başçısının “xoşagəlməz hadisələr” arqumenti əsassızdır və hakimiyyətin günahını sığortalamaq cəhdidir.
Bəd xəbərlə sığortalanmaq cəhdi
Daha sonra ölkə başçısı bildirir ki, baş verənlər vətəndaşlara sürpriz olmayıb: “Mən yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir”.
Düzdür, Ilham Əliyev son konfransda bu məsələyə toxunmuşdu, ancaq bu, bəraət üçün tutarlı arqument deyil. Çünki, Ilham Əliyev dəfələrlə manatın kursunun sabit qalacağını bildirib və xarici vətəndaşları, şirkətləri də öz əmanətlərini manatla saxlamağa çağırıb. Bundan sonra Mərkəzi Bankın sədri televiziya qarşısına çıxdı və xalqı arxayın etdi ki, vəziyyət nəzarətddəir, heç bir problem olmayacaq. Hətta bu fikirlərini iqtisadi formada əsaslandırmağa da çalışdı. Ardınca millət vəkilləri narahatlığa əsas olmadığını iddia etdilər və manatla bağlı yaranmış panikanı dəllalların oyunu kimi qiymətləndirdilər. Bir gün sonra isə manatın başına “daş” düşdü. Nəticədə vətəndaşların milyardlarla vəsaiti batdı, qiymətlər artdı. Ilham Əliyev isə deyir ki, vətəndaşlara sürpriz olmadı. Reallıq isə onu göstərir ki, vətəndaşlar hələ də şok içindədilər. Çünki, ən yuxarı səviyyədə aldanıblar. 20 ildən artıq bir müddətdə inkişaf nağılları ilə yuxuya verilmiş xalq üçün bundan böyük “sürpriz” də mümükün idi? Guya, prezidentin bir dəfə “manat avro ilə bərabərləşməlidir” deməsi, bütün günahları yuyur. Bu ona bənzəyir ki, adamlara müraciət edərək “indi sizə atəş açacam, qaçın canınızı qurtarın” deyirsən.
Natəmizləri kim təmizləməldir?
Ardınca ölkə başçısı deyir: “Bütün müvafiq qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər”.
Bugün ölkə vətəndaşı manatın qiymətinin ucuzlaşmasını unudaraq, ərzaq məhsullarının qiymətinin artmasının dərdini çəkir. Iri ticarət mərkəzlərinin hamısında qiymətlər qaldırılıb. Topdansatış anbarları məhsulla dolu olsa da, mağazalara mal verilmir. Sahibkarlara əlavə vergilər tətbiq edilir. Heç kimə sirr deyil ki, bu ölkədə iri ticarət mərkəzləri də, topdansatış anbarları da, ölkəyə gətirilən mallar da iri məmurların nəzarətindədir. Yəni banandan tutmuş kartofa qədər məmur monopoliyasındadır. O da sirr deyil ki, Ilham Əliyev baş verənlərdən xəbərdardı və yumurtanın qiymətini də bilir. Deməli, son 3-4 gündə müşahidə olunan kəskin bahalaşma və bu bahalaşmanın səbəbləri prezidentə məlumdur. Bahalaşmanı hakimiyyət kürsüsündə oturanlar həyata keçirirsə, Ilham Əliyev natəmiz, möhtəkir deyərkən kimi nəzərdə tutur? Təkrar edirik, bahalaşma tüstüsü çıxan mənzillərdə kimlərin yaşaması aydındır.
Bu məsələdə 2 məqam ortaya çıxır. Ya Ilham Əliyev komandası ilə bacara bilmir, ya da bu, birbaşa Ilham Əliyevin iradəsi ilə mümkün olur. Hər iki halda natəmizlikdən, möhtəkirlikdən danışmaq absurd görünür. Çünki, hər iki halda məsuliyyət prezidentindir və məsələyə dərhal müdaxilə etməlidir.
Eyni “ssenari” ilə inkişaf mümkündürmü?
Ilham Əliyev sonda iqtisadi inkişaf proqnozu verib: “Ümumiyyətlə, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra uğurlu iqtisadi inkişaf prosesi gedəcək. Iqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, sosial məsələlərə daha çox vəsait xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtında icra edilsin”.
Indiki vəziyyətdə hansısa inkişafdan söhbət açmaq vətəndaşı növbəti dəfə aldatmaq cəhdidir. Çünki, 22 ilə tikilən “imarət”in bünövrəsi olmayıb. Deməli, tikintiyə yenidən başlamaq lazımdır. 22 ildən sonra qərara gəliblər ki, ixrac yönümlü iqtisadiyyat formalaşdırmaq lazımdır. Amma artıq çox gecdir. Işsizliyin, yoxsulluğun səviyyəsinin artdığı, vətəndaşın borc bataqlığına yuvarlandığı, valyuta ehtiyatlarının azaldığı, üstəlik, monopoliyaların ləğv olunmadığı, korrupsiyanın davam etdiyi, rüsumların, vergilərin mənimsənildiyi, azad sahibkarlığın sıradan çıxarıldığı, vicdanlı vətəndaşların şərlənərək həbs edildiyi ölkədə inkişaf mümkün deyil. Belə ölkələrdə yalnız bir qrup şəxsin inkişafından söhbət gedə bilər. Nə qədər ki, hakimiyyət avtoritar mahiyyətini dəyişməyib iqtisadiyyatımız “həbs”də olacaq və onun azad etmək mümkün olmayacaq.
Sonda onu da qeyd etmək lazımdır ki, Ilham Əliyev çıxışı zamanı əhaliyə dəyən ziyanını kompensasiyası haqqında bir cümlə də danışmayıb. 2-5 milyon vətəndaş kredit borcu ödəyir və borcun miqdarı 20 milyarda yaxındır. Üstəlik, banklar əməanətçilərə 9-10 faiz gəlir vəd edirdi ki, indiki vəziyyətdə bu da özünü təsdiqləmir. Gərək vətəndaş uzun illər gözləyə ki, bu gəlirdən faydalana bilsin. Bunu ona görə qeyd edirik ki, ölkədəki banklar hakim alilənin və nazirlərin himayəsindədir. Prezidentin bu məqama toxunmaması o deməkdir ki, heç bir halda hökumət itirmək istəmir və bütün zərər vətəndaşın dalına yüklənir.
Bir sözlə, Ilham Əliyev Mingəçevirdən bütün Azərbaycana sübut etməyə çalışdı ki, fəlakətlərimizn baiskarı neftdir, hakimiyyət isə müqəddəs missiya ilə məşğuldur.
Akif