«Daşaltı əməliyyatı»nda həlak olan döyüşçünün övladları evsizlik üzündən çıxılmaz duruma düşüb
Qəbələ rayonu, Bum qəsəbə sakini Rahim Teymurov bir sıra dövlət strukturlarına ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Məktub müəllifi dünyasını dəyişmiş bacısının iki övladının üzləşdiyi problemlərdən bəhs edir:
“Bacımın həyat yoldaşı Təbriz Yaqubov Qarabağda könüllülər batalyonunda döyüşərək Ağdərədə - ”Daşaltı əməliyyatı"nda həlak olub. Bacım hər iki övladını körpə yaşlarından atasız böyüdüb. 2012-ci ildə əməliyyat zamanı bacım da dünyasını dəyişəndən sonra bu uşaqlar tamamilə başsız qaldılar, nə edəcəklərini bilmədilər. Hələ 9 il əvvəldən onlar şəhid ailəsi kimi mənzil növbəsində idilər. Anaları vəfat edəndən sonra Binəqədi rayon Icra Hakimiyyətinin məmurları onların adını mənzil növbəsindən çıxarıb. Bunu da belə əsaslandırıblar ki, anaları vəfat etdiyi üçün artıq şəhid ailəsi sayılmırlar.
Bacımın övladları atalarının qanı tökülən torpaqdan öz haqqını ala bilmirlər. Hansı harın məmurun övladı 7 il nişanlı qala bilər? Bacım uşaqlarının birinin iki körpə övladı var. Digəri isə mənzil dərdindən ailə həyatı qura bilmir. Xahiş edirəm, bacım uşaqları olan Orxan və Fuadın haqq səsinin lazımi qurumlara çatdırılmasına kömək edəsiniz".