Azərbaycanda dərman böhranı: Apteklər boşalıb, vətəndaşların sağlamlığı təhlükədədir - FOTOREPORTAJ

26-02-2015, 18:28   

Adil Qeybulla: “Bu, ölkənin tibbi təhlükəsizliyini sual altına qoyur”

Paytaxtdakı əksər apteklərin piştaxtaları boş qalıb. Səbəb isə odur ki, apteklər son 6 gündə dərman satışı ilə məşğul olan firmalardan sifarişlərini ala bilməyiblər. Musavat.com-un əməkdaşı vəziyyəti öyrənmək üçün 10-dan çox aptekə baş çəkib.

Paytaxt apteklərində kritik vəziyyət hökm sürür. Əczaçılar dolların bahalaşdığı gündən etibarən depolardan dərman ala bilmədiklərini deyirlər. Xüsusən də “Avromed” şirkətindən dərman alan apteklərə bir həftədir ki, mal gəlmir. Aptek işçiləri deyirlər ki, əllərində olan dərmanları köhnə qiymətə satırlar. Qiymətlərdə hələ ki, heç bir problem yoxdur. Əsas problem odur ki, sifarişlərimiz verilmir. Alıcıları əliboş göndərməli oluruq.

Əczaçıların sözlərinə görə, Azərbaycanda əczaçılıq məhsullarının 95 faizindən çoxunu xaricdən gətirilən dərman məhsulları təşkil edir: “Dolların bahalaşması ilə həmin dərmanların da maya dəyəri avtomatik olaraq 30 faiz artıb. Ancaq dərman firmaları hələ ki, qiymət siyasəti ilə bağlı qərar vermədiyindən depoları bağlayıblar. Yerli dərman istehsalçıları olan “Herba Flora” və “Azərfarm” şirkətlərinin istehsal etdiyi dərmanlar və əczaçılıq məhsullarının gətirilməsi ilə bağlı heç bir problem yaşanmır, qiymətlər də əvvəlki kimi saxlanılıb. Ancaq xaricdən gətirilən dərmanlarla bağlı apteklərdə qıtlıq var. Əhali də dərman əldə etməkdə çətinlik çəkir”.

81 saylı aptekin əczaçısı 6 gündür ki, dərman ala bilmədiklərini deyir: “Dollar bahalaşmazdan iki gün öncə sifariş vermişdik və “Avromed” şirkəti də bunu qəbul etmişdi. Ancaq dollar bahalaşan kimi depoları bağladılar və sifarişimizi də ləğv etdilər. Alıcı gələndə əlimizdə olan dərmanlarla yola salmağa çalışırıq. Ancaq gördüyünüz kimi, vitrinlərimiz boşdur. Qiymət artımından isə hələ ki, söhbət gedə bilməz. Çünki bunları firmadan ucuz almışıq. Qiymət siyasətinə isə biz qərar vermirik. Əgər bir neçə gündən sonra dərmanlar depodan baha gəlsə, biz də məcbur olub, baha satacağıq. Hələ ki, heç bir məlumat yoxdur, sadəcə gözləyirik”.

19 saylı aptekdən də bildirdilər ki, son bir həftədə xarici dərman preparatlarını ala bilməyiblər: “Gördüyünüz kimi, aptek demək olar ki, boşdur. Çünki dərman ala bilmirik. Dövlət apteklərinin heç birində qiymət artmayıb. Biz bunu özbaşına edə bilmərik. Sadəcə bu söhbətlər o qədər yayılıb ki, insanlar psixoloji olaraq hər zaman aldığı qiyməti indi baha hesab edirlər. Halbuki, bir ildir ki, həmin qiymətə alırlar. Bu da yaranan ajiotajın nəticəsidir”.

Əczaçılar dərman firmalarının nə zaman depoları açacaqlarını bilmirlər.

Söhbətləşdiyimiz alıcılar isə dərmanlarda 1-2 manat bahalaşma olduğunu və bəzi dərmanları almaq üçün bir neçə aptekə baş çəkdiklərini dedilər. Alıcı Səxavət Əliyev dedi ki, əvvəl 14 manata aldığı dərman indi 16 manata satılır.

Apteklərdə yaşanan vəziyyəti dəyərləndirən Adil Qeybulla bildirdi ki, bu sahəyə ciddi dövlət nəzarəti həyata keçirilməli və sərt tədbirlər görülməlidir: “Artıq dövlət tərəfindən göstəriş verilib. Bununla bağlı çox ciddi şəkildə yoxlamalar həyata keçirilir. İstehlak bazarında qiymətlərin süni surətdə qaldırılmasına qarşı administrativ rıçaqlardan tam istifadə olunur. Çünki bu situasiyadan sui-istifadə edilir. Hazırda dərman resursları var və ən azından onlar əvvəlki qiymətlərə satılmalıdır. Yeni alınan dərmanların qiymətində tədricən dəyişiklik ola bilər. Hər halda, hesab edirəm ki, burada aptek sahiblərinin günahı yoxdur. Çünki əsas qiymətlər depolarda müəyyənləşir. Depolarda qiymətlər artırıldığı üçün apteklər də çaş-baş qalıblar. Depolar isə kommersiya təyinatlı müəssisələr olduğundan dövlətin tabeliyində deyil. Ancaq bu məsələ ölkənin tibbi təhlükəsizliyi baxımından, çox mühümdür və apteklər dərmanla vaxtı-vaxtında təchiz olunmalıdır. Kommersiya fəaliyyəti ilə məşğul olan dərman firmaları öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Onlar bu gün aptekləri boş qoya bilməzlər. Əgər həmin şirkətlər ölkəyə dərman idxalı ilə məşğuldurlarsa, o zaman istehlakçıların təminatı baxımından da məsuliyyət daşıyırlar”.

Ekspert Azərbaycanda əczaçılıq zavodlarının yaradılmasının və yerli istehsal məhsullarının artırılmasının vacibliyindən danışaraq, bildirdi ki, ölkəmizdə bunun üçün resurslar və imkanlar var: “Təəssüf ki, Azərbaycanda farmokoloji sənaye inkişaf etməyib. Bircə əczaçı zavod var ki, o da istənilən səviyyədə dərmanlar istehsal etmək iqtidarında deyil. Azərbaycanda xammal ehtiyatı baxımından, həm dərman maddələrinin, həm xammalın istehsalı üçün şərait var. Məsələn, Almaniyada əksər dərmanlar həm Şərq, həm də Qərb təbabətinin ümumiləşmiş formasıdır. Bu ölkədə Şərq reseptləri əsasında çox keyfiyyətli dərmanlar hazırlanır. Onların istehsalını Azərbaycanda da həyata keçirmək mümkündür. Ancaq bu işə böyük investisiya və kadr potensialı lazımdır. Əgər Azərbaycanda bu cür farm zavodlar açılsa, qonşu ölkələrə də Azərbaycan dərman ixrac edə, dünya bazarına yerli əczaçılıq məhsullarını çıxara bilər. Əgər hazırda yerli istehsal mövcud olsaydı, ölkənin əczaçılıq sahəsində bu cür vəziyyət yaranmazdı”.

Bazarda istehlak məhsullarının satışı ilə bağlı yaranan problemlərə nəzarəti həyata keçirən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda monitorinqləri davam etdirir: “Biz bu barədə məlumat yaymışıq. Ölkədə dərman preparatlarının qiymətində heç bir artım olmayacaq. Hazırda bütövlüdə istehlak bazarına nəzarət olunur ki, sui-istifadə hallarına yol verilməsin. Sizin müraciətinizə gəldikdə isə, artıq bu barədə dövlət xidmətinə məlumat verilib və qanunvericiliyə uyğun tədbirlər görüləcək ”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirdi ki, satış və istehlak prosesinə nəzarət etmək Səhiyyə Nazirliyinin səlahiyyətində deyil: “Səhiyyə Nazirliyi istər dərman firmalarının, istərsə də apteklərin qiymət siyasətinə müdaxilə edə bilməz. Biz ancaq tibbi standartlara riayət edilməsinə nəzarət edirik. Qiymət məsələsinə nəzarət etmək başqa dövlət qurumlarının səlahiyyətindədir. Çünki apteklər də bir ticarət nöqtəsidir. Orada maliyyə əməliyyatları, biznes şərtləri pozulursa, ona müvafiq nazirlik nəzarət etməlidir. Qanun imkan vermir ki, Səhiyyə Nazirliyi bu məsələyə müdaxilə eləsin”.

Nərgiz Liftiyeva,
Fotolar müəllifdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar