Dilqəm Əsgərov: “Ya azadlığa buraxın, ya da güllələyin”; Şahbaz Quliyev: “Mən sərhədi keçməmişəm, sadəcə, doğma torpaqlarımıza baş çəkmişəm”
Fevralın 26-da ötən ilin iyununda Kəlbəcər rayonunda girov götürülən və Şuşa həbsxanasında saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun qondarma “məhkəmə” proses keçirilib. Erməni KİV-nin yaydığı məlumata görə, “apelyasiya prosesi”ndə Dilqəm Əsgərov çıxış edib.
Çıxışı zamanı D.Əsgərov qanunsuz sərhədi pozması və guya erməni öldürməsi barədə ittihamları rədd edib.
Dilqəmin sözlərinə görə, o Kəlbəcərə doğma yerləri, anasının məzarını ziyarət etməyə gəlib. D.Əsgərov həmçinin əvvəllər də 6-7 dəfə Kəlbəcərə gəldiyini vurğulayıb. O, çıxışı zamanı qeyd edib ki, yol boyu xeyli sayda insanlar görüb, lakin əlində imkanın olmasına baxmayaraq, onlara heç nə etməyib. Dilqəm həmçinin Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə ittihamları qəti şəkildə rədd edib: “Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, sanki mən bin Laden, ya da Basayevəm”. Çıxışının sonunda isə Dilqəm Əsgərov günahsız olduğunu və bununla əlaqədar ya azadlığa buraxılmasını ya da güllələnməsini istəyib.
Girov Şahbaz Quliyev da ermənilərin onun haqqında səsləndirdiyi ittihamların hamısını rədd edib. Ş.Quliyev Kəlbəcərə doğma torpaqlarını ziyarət etmək üçün gəldiyini bildirib. Girov çıxışında həmçinin azyaşlı erməni uşağın oğurlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edib: “Mən sərhədi keçməmişəm. Sadəcə, doğma torpaqlarımıza baş çəkmişəm. Mənim guya erməni gənci öldürməm barədə ittihamlar həqiqəti əks etdirmir. Üzərimdə silah olub, amma heç kimi öldürməmişəm”.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D.Əsgərova ömürlük həbs cəzası verilib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Dağlıq Qarabağdakı separatçı rejimin “apelyasiya məhkəməsi” Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqda “hökmü” martın 10-da elan edəcək. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə qondarma məhkəmənin “sədri” Norayr Qriqoryan məlumat verib. Prosesdə “dövlət ittihamçısı” rolunda çıxış edən Karen Qabrielyan Azərbaycan vətəndaşları barədə çıxarılan hökmün qüvvədə saxlanılmasını istəyib. Lakin azərbaycanlıların hüquqlarını müdafiə edən vəkillər yekun iclasda “müttəhimlərə” bəraət verilməsini istəyəcəklərini vurğulayıblar.
ABŞ, Rusiya tərəfdən girovların azad olunması tələbləri olsa da, ermənilər hələ ki “məhkəmə şousu”nu davam etdirməkdədir. Onlar hətta “apelyasiya” proseduru təşkil edərək “ədalətli” olduqları barədə görüntü yaratmağa cəhd edirlər. Ancaq düşmənin bu şounu Xocalı soyqırımının ildönümündə təşkil etməsi də məqsədlidir. Rəsmi Bakı isə hələlik məsələyə reaksiya vermək niyyətində deyil. İlk gündən “məhkəmə”ni saxta hesab edən Azərbaycan XİN indi də ermənilərin qondarma “məhkəmə”sinin yekununda hansı qərarı verəcəyini gözləyir. Nazirliyin mətbuat xidmətindən belə deyilib.
“Azərbaycanın əzəli torpağı olan Kəlbəcərə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev öz dədə-baba yurduna səfər edib. Onlar heç bir cinayət törətməyiblər. Ermənilərin onların üzərində qurduğu məhkəmə şoudan başqa bir şey deyil. Biz əminik ki, azərbaycanlılar tezliklə girovluqdan azad olunacaqlar”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq beynəlxalq təşkilatlar öz sözünü deməyə başlayıb. Z. Əsgərov qeyd edib ki, bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da girovların azad olunması ilə bağlı bəyanat verib: “Lakin bizim istədiyimiz odur ki, beynəlxalq təşkilatların Ermənistana qarşı bu münasibəti yalnız bəyanatla kifayətlənməsin. Bu bəyanatların arxasında bir iş də dayansın. Ermənistana təzyiq göstərsinlər ki, şou xarakterli, qondarma məhkəmələrdən, beynəlxalq qanunlara zidd əməllərdən əl çəksin”.
Z.Əsgərov azərbaycanlı girovlardan birinin - Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasına diqqət çəkib: “Biz çox təəssüf edirik ki, Rusiya indiyə kimi hələ ki öz vətəndaşına sahib çıxmayıb. Sergey Lavrov bir müddət əvvəl bəyanat verdi ki, bununla bağlı bir iş görəcəklər. Lakin ortada nəticə yoxdur. Biz ümid edirik ki, Rusiya vətəndaşlıq haqqında qanunlara, Konstitusiyasına əməl edərək, öz vətəndaşının girovluqdan azad olunması üçün hərəkətə keçəcək”.
Qeyd edək ki, amerikalı diplomat Viktoriya Nuland da Bakı və İrəvanda olarkən girovları azad etmək üçün Ermənistana müraciət etmişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Psaki isə gündəlik mətbuat brifinqində girovların qaytarılmasını dəstəklədiklərini bildirib. “Biz bundan öncə də həmsədr Ceymis Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin müvafiq hakimiyyətə bu 2 şəxsi Azərbaycan hökumətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamanda da tərəflər arasında inam mühitinin qurar”. Xatırladaq ki, Psaki daha əvvəl girovlarla bağlı suala cavab verməkdən boyun qaçırmışdı.
Ermənistan rəhbərliyi hətta Rusiya XİN başçısı S.Lavrovun da girovları azad etməklə bağlı çağırışına sayğısız yanaşaraq ona Dağlıq Qarabağın saxta rejiminə müraciət etməyi tövsiyə etmişdi.
E.PAŞASOY /musavat.com/