Hökumət maaş və pensiya artımına gedəcəkmi?

27-02-2015, 10:08   
Hökumət maaş və pensiya artımına gedəcəkmi?

Samir Əliyev: «Buna müəyyən investisiya xərclərini azaltmaqla nail olmaq olar»
Manatın dollara nisbətdə 34 faiz ucuzlaşmasından sonra əhalinin gəlirləri ilə bağlı ciddi problem yaşanmaqdadır. Çünki ölkədə qiymət artımı hazırda inzibati resurslarla əngəllənsə də, bunun uzun müddət qarşısını almaq qeyri-mümkündür. Bu üzdən ən azı büdcə təşkilatlarında çalışanların əmək haqları artırıla bilər. Elə bu istiqamətdə bir sıra hakimiyyət təmsilçilərinin bəyanatları var. Amma bu istiqamətdə büdcənin də imkanları nəzərə alınmalıdır. Çünki neft gəlirlərinin azalması, manatın devalvasiyası büdcə xərcləri ilə bağlı ciddi problem yaradıb.
Pensiya və əmək haqqı artımı sual altındadır
“Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
DSMF sədri bildirib ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. “Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir”, deyə DSMF sədri vurğulayıb.
Amma onu da nəzərə almaq lazımdır ki, DSMF-nin tətbiq etdiyi indeksləşmə real inflyasiyadan çox uzaqdır. Bunu pensiyalara ötən ilin sonunda tətbiq olunan 1.4 faizlik inflyasiya faizi də sübut edir. Halbuki, ekspertlərin hesablamalarına görə, 2014-cü ildə ölkədə 1.4 faiz deyil, ən azı 7 faizlik inflyasiya olub. Digər tərəfdən də bu artım yalnız ilin sonu üçün tətbiq olunur.

Iqtisadçı Samir Əliyev bildirdi ki, bu il büdcədə dövlətdən maliyyələşən işçilərin əmək haqlarının artırılması nəzərdə tutulmurdu. Amma manatın devalvasiya olunmasının gözlənilməz hadisə olduğunu deyən S.Əliyev bildirdi ki, yeni yaranmış situasiyaya yeni yanaşma tələb edir: “Maaşların artırılmasına ehtiyac var. Çünki insanlar devalvasiyadan kifayət qədər itiriblər. Amma devalvasiyadan sonra büdcənin icrası ilə bağlı problemlər hələ qalmaqdadır. Onlar tam həllini tapmayıb. Ona görə də mən əmək haqları və pensiyaların artırılması üçün belə bir imkan görmürəm. Hökumət istəsə belə bir imkanı yarada bilər. Buna müəyyən investisiya xərclərini azaltmaqla getmək olar və bu addım əslində atılmalıdır. Əgər neft bir qədər də düşərsə, o zaman hakimiyyət məcbur olub yenidən devalvasiyaya gedə bilər”.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar