"AMAY Abdulla"ya ittiham verilən 144 milyonun sahibi kimdir?

27-02-2015, 10:11   
"AMAY Abdulla"ya ittiham verilən 144 milyonun sahibi kimdir?

"Sizə sifariş veriblər ki, məni tutasınız, mənə də eləcə sifariş vermişdilər ki, o binanı tikim..."

"Sizə sifariş verilib ki, mənim həbsimlə bağlı hökm çıxarasız. Bunu bilirəm. Ona görə də məhkəmə iclaslarını bir qədər sürətləndirin, hökmü oxuyun, biz də işimizi bilək..."

Bunu fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev deyib.


Xatırladaq ki, bu iş üzrə Abdulla Abdullayevlə yanaşı, daha beş nəfər - Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmə iclasında vəkillərdən Əkbər Bağırov Xocalı soyqırımının ildönümü olduğunu xatırladaraq, dünyasını dəyişmiş soydaşlarımızın xatirəsinin yad edilməsini təklif edib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti buna etiraz etməyib və məhkəmə zalında olanlar hamılıqla soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ardınca Abdulla Abdullayevin vəkili Osman Kazımov vəsatət qaldıraraq deyib ki, irəli sürülmüş ittihamların mahiyyəti onun müvəkkilinə aydın deyil. Bu səbəbdən vəkil ittihamların mahiyyətinin Abdulla Abdullayevə izah olunmasını istəyib. Vəkil vurğulayıb ki, Cinayət Prosessual Məcəlləsi də məhkəmənin üzərinə bu öhdəliyi qoyur.
"İrəli sürülmüş ittihamlarda bəhs olunan məsələlər əslində müqavilə öhdəlikləridir, mülki qaydada həll olunmalıdır. Hətta bu halda da aydın deyil ki, Abdulla Abdullayevin həmin müqavilələrə nə aidiyyəti var? O, müqavilələrin bağlanmasında tərəf kimi iştirak edibmi? Üzərinə öhdəlik götürübmü? İttihamdan bütün bunlar aydın deyil. Yazıblar ki, "144 milyon vəsait "AMAY" Ticarət Mərkəzinin tikinti-təmirinə və İranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq leqallaşdırılıb". Bu cür ittihamı irəli sürmək asandır, onu sübut eləmək lazımdır. 144 milyonu kimsə qapışdırıb, sadəcə, pulun sahibi qarşısında onu leqallaşdırmaq üçün Abdulla Abdullayevə bu ittiham verilib", - deyə Osman Kazımov bildirib.

"Bu ölkədə məndə hüquq qoymadılar"

Abdulla Abdullayev də vəkilinin vəsatətinə münasibət bildirərkən deyib ki, ittihamların mahiyyəti ona aydın deyil: "11 aydır həbsdə saxlayırlar. Biz rəiyyətik, boynumuz dövlətin qanunları qarşısında qıldan incədir. Amma elə məsələlər var ki, onların üstündən keçmək olmaz. Prokuror o boyda ittiham oxudu, amma onların nədən ibarət olduğunu anlamaq olmur. Mənim heç bir hüququm yoxdur. Bu ölkədə məndə hüquq qoymadılar".
İş üzrə dövlət ittihamını müdafiə edən Fərid Hağıyev vəkilin vəsatətinə etiraz etməyib. Prokuror da qanuna uyğun olaraq, ittihamın mahiyyətinin təqsirləndirilən şəxsə izah olunmasını istəyib.

Hakim Əfqan Hacıyev Abdulla Abdullayevin nədə ittiham olunduğu haqda qısaca izahat verərək bildirib ki, o, 2006-2008-ci illərdə "Birlik bank"ın Müşahidə Şurasının sədri olarkən bir neçə şirkətin adına 3 milyon 918 min manat vəsait götürərək "AMAY"ın təmir-tikinti işlərinə sərf edib. Bundan başqa, 2007-2010-cu illərdə "AMAY"ın təmir-tikintisi üçün 31 müəssisənin adına "Texnikabank"dan 40 milyon 150 min manat kredit götürüb.
Abdulla Abdullayev bu izahatla kifayətlənərək, ittihamlarla bağlı öz fikrini bildirib: "Müəssisə yaratmaq, kredit götürmək nə vaxtdan cinayət olub? Xüsusən də kreditlər ödənilibsə... Müstəntiqin yazdıqları bir-birinə uyğun gəlmir. Bir yerdə yazır ki, götürülən pullar mənimsənilib, başqa yerdə yazır ki, "AMAY"ın təmir-tikintisinə sərf olunub".

Hakim bildirib ki, məhkəmə prosesinin gedişində bütün ifadələr dinləniləcək, sübutlar araşdırılacaq və sonda ittihamların nə dərəcədə əsaslı olub-olmadığına dair qərar veriləcək.

2 milyon 120 min manatlıq yeni iddia...

Abdulla Abdullayev isə məhkəmə prosesinin sürətləndirilməsini istəyib: "Bir şah olur, əmr verir ki, şəhərə daxil olan hər kəsə şallaq vurulsun. Şəhərin girişində bir nəfər dayanır, şəhərə daxil olan sakinləri şallaqlayır. Bir həftədən sonra şah özü gəlir ki, xalqın narazı olub-olmadığını öyrənsin. Bir qoca irəli çıxıb deyir ki, şah sağ olsun, bu şallağı tətbiq edirsinizsə də, şallaqlayanların sayını artırın, heç olmasa, növbədə gözləməyək. Deməyim odur ki, mənimlə bağlı nə hökm verəcəksinizsə verin, çıxıb gedək. Sizə sifariş veriblər ki, məni tutasınız. Mənə də sifariş vermişdilər ki, o binanı tikim. Siz məni tutmasanız, özünüzə problem yaradacaqsız, tutsanız da mənə... Mən də tikməsəydim, deyəcəklərdilər ki, niyə belə elədin. Tikmişəm də, başıma bunu gətirirlər.
Mənim kimi aktiv bir adam üçün burada saxlanılmağın nə demək olduğunu başa düşməzsiz. Mən bu gün burada qanunsuz saxlanılıram. Həbs müddətim fevralın 4-də başa çatıb. Lakin nə mənim özümün, nə də müdafiəçilərimin iştirakı olmadan həbs müddəti uzadılıb".

Daha sonra məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınanlardan bir nəfər - Orxan Cəfərov Abdulla Abdullayevə qarşı 2 milyon 120 min manatlıq yeni mülki iddia ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. O, vəfat etmiş nənəsi Minayə Qurbanovanın adına 2 obyekt və 6 mənzilin alınması üçün ödənilmiş vəsaitin tutularaq, Abdulla Abdullayevin əmlakına yönəldilməsini istəyib.

Hakim daxil olmuş iddianı müzakirəyə çıxararkən vəkillər onun icraata qəbul edilməsinə etirazlarını bildiriblər. Müdafiəçilər fikirlərini belə əsaslandırıblar ki, məhkəmə istintaqı başlanandan sonra bu cür iddiaların qəbuluna qanun yol vermir. Bu məsələ məhkəmənin hazırlıq iclasında həll olunmalı idi. O da məlum olub ki, sözügedən obyektlərlə bağlı ayrıca mülki iş olub. Həmin iş Ali Məhkəməyə gedib çıxıb və müvafiq qərar qəbul olunub.
Dövlət ittihamçısı bu məsələyə münasibət bildirərkən deyib ki, Orxan Cəfərov özü əvvəlcə məhkəmədə dindirilməli, bundan sonra onun iddiasının icraata qəbul edilib-edilməməsinə dair qərar verilməlidir.
Məhkəmənin də yeni mülki iddia ilə bağlı qərarı belə olub.

Məhkəmə prosesi martın 5-də davam edəcək.

Aytən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar