“Qızılla bağlı dəfələrlə istehlakçılardan çoxsaylı şikayətlər almışıq. Dəfələrlə zərgərləri toplamışıq və komissiya yaratmağa cəhd göstərmişik. Onlar Azad İstehlakçılar Birliyinə məlumat verməkdən başqa əməli heç bir iş görə bilməyiblər. Ötən gün kiçik bir toplantımız keçirilib. Çoxlu sayda mallar gətirilib. Müəyyən olundu ki, qızıl bazarında istehlakçıların hüquqları həddindən çox pozulur.” Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Birlik sədri qeyd edib ki, paytaxtın qızıl bazarında kiçik monitorinq də həyata keçiriblər. Monitorinqin nəticəsi isə vəziyyətin heç də yaxşı olmadığını göstərir: “ Monitorinqimiz nəticəsində məlum oldu ki, Bakının qızıl bazarında satışa qoyulmuş qızılların 90 faizi Əyyar Palatasının nəzarətindən keçməyib. Qızılın üzərində Əyyar Palatasının möhürü yoxdur. Əhali bilməlidir ki, Əyyar Palatasından nəzarətdən keçmiş qızılın üzərində dördbucağın içərisində ay-ulduz şəkli olan emblem olmalıdır. Bu, qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının Əyyar Palatasından yoxlamadan keçməsinə dəlalət edir. Yoxlamalarımız zamanı təxminən 90 faiz qızıl məmulatlarında bu göstərici müşahidə olunmadı.”
E. Hüseynov açıqlamasında qızıl bazarında mövcud olan digər problemlərdən də söz açıb. AİB sədri istehlakçıları qızıl alanda diqqətli olmağa çağırıb:“Hissələrə ayrılan sırğaların birində istehsalçının əyyarı var, digərində isə yoxdur. İstehlakçı birinə baxır elə bilir ki, bu digərinə də şamil olunur. Hətta istehlakçını aldadıb sırğanın digərinə bijuteriya da qoşmaq olar. İstehlakçılar qızıl-brilyant dəstlər alan zaman baxmalıdırlar ki, ayrılan hissələrin hər birində istehsalçının əyyarı olsun.”
AİB sədri xaricdən gətirilən qızıllarla bağlı da istehlakçıların aldadıldığını vurğuladı:“Xaricdən gətirilən qızılların ayrılan hər bir hissəsində istehsalçının əyyarı, kiçik birkalar və onların üzərində isə istehsalçının ştrix kodu olmalıdır. Bu məsələyə istehlakçılar fikir verməlidirlər. Azərbaycanda zərgərlərin hamısında demək olar ki, əyyar var. Döymə ilə vurulur və o əyyarı qoyub xarici mal adı altında satırlar.”
Onun sözlərinə görə, qiymətli daşlar bazarında da vəziyyət ürəkaçan deyil. E. Hüseynov vurğuladı ki, bu sahədə də kifayət qədər problemlər var: “Üzükdə olan qaşlarla bağlı satıcı deyir ki, bu filan karatdır. Alıcının qaşı oradan çıxarıb çəkisini yoxlamağa imkanı yoxdur. İstehsalçıları bu sahədə çox ciddi aldadırlar. Təxminən bahalı daş-qaşlarda istehlakçıları karatla bağlı 30-40 faiz aldadırlar.”
Birlik rəhbəri bu sahəyə nəzarət edən dövlət qurumunu da ittiham edib. O, belə bir məsələ ilə bağlı Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının səlahiyyətli şəxsləri ilə əlaqə yarada bilmədiyini bildirib: “Bu məsələlərə aydınlıq gətirmək üçün dəfələrlə Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatasının rəisi Adil Əhmədova zəng vurmuşam. Oranın ekspertiza şöbəsinə zəng vurub adamlarla danışmaq istəmişəm. Heç biri Azad İstehlakçılar Birliyi ilə əlaqəyə girmək istəməyib. Yalnız telefonun o tayında olan xanım sizi birləşdirəcəyik, sizinlə əlaqə saxlayacaqlar, deməklə kifayətlənib. Sizin sayt vasitəsi ilə Adil Əhmədova bildirmək istəyirəm ki, əhalinin aldadılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər.”
İcra başçısı ilə nazirin qızıl bazarında saxtakarlıq izləri:
İcra başçısı ilə nazirin qızıl bazarında saxtakarlıq izləri:
“Unikal” xatırladır ki, ölkədəki “qızıl biznesi”ndə müəyyən məmurların da payının olması sirr deyil. İndiyədək KİV-in dəfələrlə yazmasına rəğmən nə təsdiq nə də təkzib edilməyən məlumatlardan belə görünür ki, Azərbaycanın qızıl bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl “polka”ları var.
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur.
Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - “Carrera y Carrera”, “Pasquale Bruni”, “Leo Pizzo”, “Antonini” və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Qeyd edək ki, Azərbaycana gətirilən, istər keyfiyyət , istərsə də qiymət sarıdan dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi kimi məhz gənclər və idman nazirinin adı çəkilir.
Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.