Şahin Sulatnovun vəkili müvəkkili haqda hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun yazdığı və bir qədər əvvəl qəzetimizdə dərc olunan yazıya münasibət bildirir.
Bəxtiyar Məmmədov dələduzluğa görə dəfələrlə həbs olunubmuş!!!
Bugun.az bildirir ki, aprelin 22-də həbs edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun vəkili Adəm Məmmədovun “Yeni Müsavat”a ünvanladığı məktubda əsasən Bayraq Meydanı ərazisindən köçürülən 29 hərbçi ailəsinin taleyi və həbsdəki hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun kimliyindən bəhs olunur.
Vəkil yazır:
“Bəxtiyar Heydər oğlu Məmmədovun Şahin Sultanov haqda redaksiyanıza göndərdiyi məktub tam əsassız və absurd ittihamlarla doludur. Allah özü ona kömək olsun, tez bir zamanda qapıları açılsın. Məmmədov hüquqşünas və əvvəllər polis orqanlarına işlədiyindən həmkarımız sayılır. Bizim ona qarşı heç bir düşmənçilik və xüsusi ədavətimiz yoxdu. Onun Şahin Sultanov haqda səsləndirdiyi absurd ittihamlardan sonra bu məsələnin qaranlıq qalan məqamlarına aydınlıq gətirmək qərarına gəldik. Bəxtiyar Məmmədovun kimliyi haqda məlumat verməyi də zəruri hesab edirik. Təqdim etdiyim bu məlumatlar məhkəmə hökmü və digər sənədlərdə öz əksini tapıb. Bəxtiyar Heydər oğlu Məmmədov 25 may 1962-ci ildə Zəngilan rayonunda anadan olub, Daxili İşlər Orqanlarında polis kapitanı rütbəsində xidmət keçib. Polisdə işlədiyi zaman 03.01.2002-ci ildə Cinayət Məcəlləsinin 321.1, 312 və 178.2-ci (rüşvətvermədə iştirakçılıq və ağırlaşdırıcı hallarla dələduzluq) maddələri ilə məhkum edilib və buna görə də polis orqanlarından qovulub. Cəzasını çəkib qurtaran kimi yenidən törətdiyi cinayət əməllərinə görə 13.10.2003-cü ildə Səbail Rayon Polis İdarəsi tərəfindən həbs edilib, 27.02.2004-cü ildə Cinayət Məcəlləsinin178.1 (dələduzluq) və 221.1 (xuliqanlıq) maddələri ilə Səbail Rayon Məhkəməsi tərəfindən 10 ay 5 gün islah işləri cəzasına məhkum olunub. Bundan sonra B.Məmmədov 29 yanvar 2007-ci ildə Rövşən Fazil oğlu Əliyevin külli-miqdarda - 8 min dollarını alıb ələ keçirib.
Bundan başqa o, 1 oktyabr 2007-ci ildə R.Əliyevin etibarından sui-istifadə edərək, həyat yoldaşı Əliyeva Arzu Məmməd qızının yaşadıqları Bibiheybət qəsəbəsi, 5-ci Salyan döngəsi ev 10, mənzil 2-də qeydiyyata alınmasına köməklik göstərməsini vəd verərək onu aldadıb. Ondan həmin dövrdə olan məzənnəyə görə 6 min dollar alaraq mənimsəyib. 16 yanvar 2008-ci ildə R.Əliyevin etibarından sui-istifadə etməklə sonuncunun aldığı 20-ci sahə, Salyan yolu dalan 2, ev 68 “d” ünvanda olan evə qeydiyyata alınacağını vəd verərək onu aldadıb, Əliyev və Əliyevanın şəxsiyyət vəsiqələrini oğurlayaraq Əliyevdən 6 min dollar alıb, özgənin, yəni R.Əliyevin əmlakını ələ keçirərək, ona ümumilikdə 17 min 147 manat məbləğində külli-miqdarda ziyan vuraraq dələduzluq edib. 2008-ci ilin dekabr ayından 2009-cu ilin yanvar ayının 15-nə kimi olan müddət ərzində Qurbanov Aydın Arıx oğlunun etibarından sui-istifadə edərək, əvvəlcə metronun “Sahil” stansiyasının, sonra isə Səbail Rayon Məhkəməsinin yanında, aldatma yolu ilə ona həbsdə olan oğlu Qurbanov İqbal Aydın oğlu və Əliyev İlqar Elşad oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsindən azadlığa buraxılacağını vəd edərək 5100 dollarını alıb. Həmçinin Bəxtiyar Məmmədov 29 yanvar 2007-ci ildən 15 noyabr 2009-cu ilədək olan müddət ərzində bir çox vətəndaşların etibarından sui-istifadə edərək, ümumilikdə vətəndaşların 81 min 131 manat məbləğində nağd pulunu mənimsəyərək külli miqdarda dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2010-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində CM-nin 70-ci maddəsi təyin olunaraq cəzası şərti sayılıb, 3 il sınaq müddəti təyin edilib.
Nəhayət, 27 fevral 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Heydər oğlu Məmmədov CM-in 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən Ağır Cinayət Məhkəməsinin barəsindəki 13.08.2010-cu il tarixli hökmü ilə müəyyən olunan şərti məhkumetmə ləğv olunub və həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 7 il 3 ay 2 gün hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib, üzərində qəti 8 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökmdən narazı qalan B.Məmmədov və onun müdafiəçiləri apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2013-cü il tarixli hökmü dəyişdirilib, Bəxtiyar Məmmədov CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı həmin maddələrə ona cəza təyin edilməyib. Azadlıqdan məhrumetmə cəzası 7 il 10 aya endirilib".
Şahin Sultanov haqda səhv fikir formalaşdırılıb!
Vəkil yazır ki, bu məlumatları redaksiyamıza təqdim etməkdə məqsədi müvəkkili haqda səhv fikir formalaşdıran hüquq müdafiəçisinin kimliyi haqda məlumatları ictimaiyyətə çatdırmaqdır: “Şahin Sultanov 15 yaşından hərbi biliklərə yiyələnərək vitse-admiral rütbəsinə qədər qalxıb. Hər kəsə bəllidir ki, 20 il xidmətdə olmuş hərbçiləri dövlət evlə təmin etməlidir. Lakin müəyyən çətinliklər üzündən dövlət illərlə hərbçiləri evlə təmin edə bilmirdi. 2005-ci ildə Hərbi Dəniz Qüvvələrinin komandanlığının qərarına əsasən zabit və miçman heyətinin mənzil problemini həll etmək məqsədi ilə HDQ-yə məxsus "Bayıl-1" saylı hərbi şəhərciyin ərazisində köhnə, qeyri-yaşayış təyinatlı, 26 və 27№li xidməti bina olan 2 ədəd 1 mərtəbəli tikililərdə təmir-abadlıq işləri aparılıb. Həmin tikililər təmənnasız olaraq hərbi qulluqçulara müvəqqəti yaşamaq üçün verilib. Hərbi qulluqçulara yaşamaq üçün ayrılan sahə onlara verilməmişdən əvvəl xəbərdarlıq edilib ki, bu sahə onlara müvəqqəti yaşamaq üçün verilir və onlar yazılı öhdəlik götürüb ki, xəbərdarlıq edildiyi gündən 30 gün müddətində yaşadıqları sahəni boşaldacaqlar. Bunu təsdiq edən sənədlər də var".
290 min manatı hərbçilərə kimin xahişi ilə ayırıblar?
Vəkil yazır ki, prezidentin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqda” 17 noyabr 2007-ci il tarixli 2504№-li sərəncamına əsasən “Dövlət Bayrağı meydanının” tikintisi və yeni yolun inşası ilə əlaqədar olaraq 29 hərbçi ailəsinin köçürülməsi məsələsi gündəmə gəlib: “Həmin hərbçilərdən tələb olunduğu zaman onlara müvəqqəti yaşamaq üçün verilən yaşayış sahələrini boşaldacaqları haqda iltizam alınsa da, Şahin Sultanov zabit və miçmanların küçədə qalmalarına razı olmayıb. O, Prezident Administrasiyasına müraciət edərək köçürülən 29 hərbçi ailəsinə kompensasiya verilməsi məsələsini qaldırıb. Bundan sonra ərazidə tikinti işlərini həyata keçirən ”Azvirt" MMC tərəfindən qeyri-yaşayış sahəsində yaşayan hərbiçilərin köçürülməsi üçün humanistlik göstərilərək 290 min manat vəsait ayrılıb. Həmin məbləğ 600 saylı hərbi hissəyə ödənilib. Pul vəsaitinin ödənilməsi “Azvirt”lə və 600 saylı hərbi hissə tərəfindən tərtib olunan 29 sentyabr 2011-ci il tarixli aktla təsdiqlənib. Həmin vaxt 29 hərbçi ailəsinin hər birinə 10 min manat kompensasiya ödənilməsi nəzərdə tutulub. Ayrılmış 290 min manatdan 3 hərbçi ailəsi imtina edib. Buna görə də həmin puldan qalan 30 min manat geri qaytarılıb.
Bütün bunlar Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi xidmətinin böyük məsləhətçisi Hikmət Xəlilovun Hərbi Dəniz Qüvvələrinə ünvanladığı məktubda da aydın göstərilib ki, 290 min manat vəsaitin paylanmamış hissəsi olan 30 min manat onlara qaytarılıb. Qeyd etmək istəyirəm ki, hərbçi ailələrinin köçürülməsi ilə əlaqədar olaraq ayrılmış 290 min manat puldan və pulun paylanmasında Şahin Sultanovun heç bir rolu olmayıb. Bəxtiyar Məmmədovun qeyd etdiyi və Bayraq Meydanın inşası ilə əlaqədar zabit ailələrinə mənzilin sökülməsinə görə hər kvadrat metr üçün 1500 manat pulun dövlət tərəfindən ayrılması nəzərdə tutulmayıb. Yəni, hər bir ailə üçün dövlətin humanistliyi əsasında 10 min manat ayrılıb. Onu da xüsusi ilə vurğulamaq istəyirəm ki, Bəxtiyar Məmmədovun axırıncı cinayət işinin apelyasiya instansiyası məhkəməsində araşdırılan zaman prosesdə Şahin Sultanov ondan şikayətçi olmayıb və cəza verilməsini məhkəmənin mülahizəsinə buraxıb".
Vəkil bildirib ki, müvəkkili nə səbəbdən həbs olunduğunu bilir: “Bu həbsin səbəbini hamı biləndə şoka düşəcək. Vətənini və xalqını sevən həmişə əziyyət çəkir. Müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun bu aralarda həbs edilməsi təsadüf deyil”.