“Amerikan snayperi”nin hekayəsi

27-02-2015, 22:28   

Son illərdə Hollivud filmlərində vətənpərvərlik çağırışlarının artmasının arxasında yatan səbəblər haqda qeydlər
Ötən ilin dekabrında prokata verilən və tez bir zamanda tamaşaçı rekordu qazanan və bununla da geniş müzakirələrə yol açan “Amerikan snayperi” filminə baxdım. Yeri gəlmişkən, filmin rejissoru Oskar mükafatı almış, kovboy filmlərindən tanıdığımız Klint İstvuddur. Lakin İstvudun bu filmi məşhur olduğu qədər də mübahisə və müzakirələrə səbəb (bu barədə bir qədər sonra) olub.

Hər nə qədər Hollivudun yəhudi maliyyə mərkəzlərinə məxsus olduğu, mason ideyalarına xidmət etdiyi ilə bağlı fikirlər geniş yayılsa da, etiraf edim ki, mən Hollivudu siyasətdən uzaq və hətta müxalifətçi sanmışam. Çünki bu günə qədər hətta medianın və ya siyasətçilərin edə bilmədiyi qədər Hollivud filmləri Vaşinqtonu tənqid edib, ölkənin problemlərini gün üzünə çıxarıb.

Məsələn, sovet dövründə (bunun da səbəbi aydındır) çox nümayiş olunan “Doğum günü 4 iyul” filmi ABŞ-ın hakimiyyətinin Vyetnam siyasətinin, ümumiyyətlə, militarist siyasətinin parlaq şəkildə ifşası idi. Könüllü olaraq “Amerika naminə” Vyetnama savaşa gedən Ron Koviç (Tom Kruz) savaşda yaralanaraq yerimək qabiliyyətini itirir. Amerikaya qayıtdıqdan sonra isə Vyetnam müharibəsi əlillərinin hüquqları uğurunda mübarizəyə qoşulur. Bu film müharibə əleyhinə, siyasətçilərin müharibə cinayətini ifşa edən ən mükəmməl ekran əsəridir.

Ancaq son illərdə tendensiya dəyişib. İndi ağırlıq məhz Amerikanizm təbliğatı üzərinə düşür. “Amerikan snayperi” filminin qısa müddətdə rekord tamaşaçı toplaması bunun bir nümunəsidir. Filmin özünə gəldikdə, hadisələr ABŞ-ın İraqı işğalı zamanı bu ölkədə xidmət edən dəniz piyadası, məşhur snayper Kris Kaylın həyatından bəhs edir. İraqda rəsmi rəqəmlərə görə 160, özünün bildirdiyinə görə isə 255 nəfəri öldürən Kaylın adı İraq müharibəsi zamanı xeyli məşhur idi və “Ramadi şeytanı” (Ramadi İraqda əsas təhlükəli bölgələrdən biri idi - K) adlandırılırdı. Sonradan K.Kayl savaş xatirələri ilə bağlı kitab yazıb və kitab bestsellerə çevrilib.

Amerikan vətənpərvəri kimi tanınan İstvud filmində Kaylı qabarıq şəkildə Amerika qəhrəmanı kimi təqdim etməyə çağırır. O Amerikanı “müdafiə etmək”, “Amerika əsgərlərini qorumaq” üçün İraqa gedir, hətta ailəsindəki problemləri gözə alaraq savaş meydanına qayıdır. Kayl filmdə gözünü qırpmadan qadın və uşaqlar da daxil olmaqla “Amerika düşmənlərini” məhv edir. Hətta səhnələrdən birində iraqlı uşaq yerə düşmüş qumbaraatanı götürərək Amerika hərbi maşınına tərəf tuşlayır. Bu zaman Kris uşağı nişan alır, ancaq dua edir ki, silahı yerə atsın, yəni onu öldürməyə məcbur olmasın.

Filmdə həyatda olduğu kimi Kris xidmətdən qayıtdıqdan bir müddət sonra öz əsgər yoldaşı tərəfindən öldürülür. Onu bir Amerika qəhrəmanı kimi dəfn edirlər. Bu filmin bütün epizodlarından necə deyərlər “amerikanizm yağır”. Yeri gəlmişkən, filmin süjetini Amerikanın əzəli düşməni İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi də tənqid edib. Ali dini lider bildirib ki, film müsəlmanlara qarşı düşmənçilik təbliğ edir.

Ancaq əlbəttə “Amerikan snayperi” öz sahəsində yalnız deyil. Məsələ burasındadır ki, son illərdə Hollivudda vətənpərvərlik mövzularına müraciət artıb. Ağ evə əsasən rusların hazırladığı casus şəbəkələrinin hücumu, Şimali Koreya, Rusiyadan gələn hücumlar barədə filmlərin, buna qarşı müqavimət göstərən amerikan vətənpərvərliyi mövzularına müraciət xeyli dərəcədə artıb. Görünür, son illərdə sürətlə artan müharibələr, ABŞ-ın münaqişələrə cəlb olunması milli kino sənayesini də elitanın ideoloji silahına çevrilməsi tendensiyasına təsir edir. Xarici təcavüz təhdidləri, amerikan həmrəyliyi, vətənpərvərlik ideyası yeni mühafizəkarlıq ideyalarının güclənməsinin xəbərçisidir. Ancaq Hollivud kino sənayesi həm də bazardır, böyük bir bazar. Burda şərtləri diktə edən də prokat və ya başqa mənada tamaşaçıdır. Əgər tamaşaçı Şimali Koreya ordusunun Ağ evi və ya Kaliforniyanı işğal etməsi və buna qarşı amerikalıların (əsasən gənclər) müqavimət dəstələri yaratması, yaxud da Amerika uğuruna İraqa gedib “müsəlman terrorçularla” savaşan snayperin həyatından bəhs edən filmə axın edirsə bu artıq yeni bazar tələbatıdır. Həm də dəyişən şərtlərin xəbərçisidir.


Yazar : Kənan RÖVŞƏNOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar