I sinfə qəbul üçün nə lazımdır?

28-02-2015, 15:11   
I sinfə qəbul üçün nə lazımdır?
"I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək". ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.
Qəbulla bağlı BŞTİ bir necə suala cavab verib. ANS PRESS təqdim edir:

-Elektron sistemdən istifadə ödənişlidirmi?
-Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

-Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?
-Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

-Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?
-Səbail rayonu – 2 nömrəli THL, Nizami rayonu – 145 nömrəli, Nəsimi rayonu – 133 nömrəli, Yasamal rayonu – 18 nömrəli, Nərimanov rayonu – 47 nömrəli, Xətai rayonu – 191 nömrəli, Sabunçu rayonu – 252 nömrəli, Suraxanı rayonu – 114 və 279 nömrəli, Qaradağ rayonu – 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaqdır.

-Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?
-Mobil telefon və ya email ünvanı.

-Email ünvanı olmadan qeydiyyatdan keçmək mümkündürmü?
-Bəli. Qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər.

-I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?
-Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);
uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;
məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);
valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap çap olunmuş “Buraxılış vərəqi” (zəruri deyil).

- Məktəblərin seçimi hansı qaydada aparılır?
- Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.

- Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?
Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.

-Seçim edərkən eyni zamanda bir neçə məktəbdə qeydiyyatdan keçmək mümkündürmü?
Xeyr.
- Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Bəli. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

- Xarici ölkə vətəndaşının qeydiyyatı necə aparılır?
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında.

- Sual yarandıqda haraya müraciət etmək olar?
- qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya;
- bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən appelyasiya komissiyasına.

- 6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?
- 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.

- 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?
- Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyulun 13-dən 31-dək aparılacaqdır.

- 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?
- Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər.

- 6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, haraya və nə zaman müraciət edə bilər?
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.

- Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?
- Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.

-Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?
-Bəli.

- Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?
- Ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə.

-Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?
-Məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.

-Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
-Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.

-Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?
-Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

-Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?
-Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. “Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

-Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?
-Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər halarda.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar