Cəhənnəm fabrikində humanizm -

1-03-2015, 11:02   
Cəhənnəm fabrikində humanizm -

"O pulla, hədiyyələrlə, rüşvətin köməyi ilə uğur qazanırdı." -Holokostdan sağ çıxmış Mansi Rosner adlı yəhudi qadın müsahibəsində deyir. - "Bizim üçünsə o sadəcə bir mələk idi"
Dünya Oskar Şindleri məşhur, yeddi Oskar almış "Şindlerin siyahısı" filmindən tanıyır. Onun haqqında hər kəsin bildiyi bir fakt var. O İkinci Dünya Müharibəsi zamanı 1200-ə yaxın yəhudini ölümdən qurtarıb. Əlbəttə bu faktın arxasında maraqlı bir tarix, çətin bir inkişaf yolu, böyük çalışmalar dayanır.

Şindler 1908-ci ildə Çexiyanın Moraviya bölgəsində doğulub. Gənclik illəri ilə bağlı keçmişi elə də parlaq deyil. Belə ki, çex vətəndaşı olmasına baxmayaraq alman ordusuna casusluq eləyib və buna görə həbs olunub. Praqanın işğalından sonra 1939-cu ildə nasist partiyasına üzv olub. Yeri gəlmişkən onu da qeyd edək ki, Şindlerə aid çəkilmiş, onun həqiqətən mələk kimi təsvir olunduğu məşhur "Şindlerin siyahısı" filmində bu qaranlıq keçmişə toxunulmayıb. Şindler həmçinin Polşanın işğalında da Almaniyaya köməklik eləyib, müharibədən sonra yəhudi qurumlarından itirdiyi pulun geri qaytarılmasını istəyib.

Polşanın işğalından sonra Krakova gəlib və burda istehsal üçün əlverişli şəraitin olduğunu görüb "Deutche emaillewaren" adlı fabrik yaradıb. Pul, hədiyyə kimi vasitələrdən istifadə edərək SS zabitləri ilə dostluq əlaqələri qurub və əsir yəhudiləri pulsuz çalışdırma imkanını qazanıb. İşlərinin əsasını isə elə filmdə təsvir olunduğu kimi yəhudi mühasibləri görürmüş. Onların köməkliyi ilə Şindler təxminən minə yaxın yəhudinin gettolardan ölüm düşərgələrinə getməsinə əngəl olaraq onları fabrikdə işlətməyə yönəldib. İlk vaxtlarda əsas motivasiyası pul olub, lakin sonradan işçilərini qorumağa çalışıb və öldürülən yəhudilərə görə dövlətdən təzminat istəyib. Xüsusən də iş imkanı zəif olan qadın və uşaqları işləməyə götürməsi məqsədinin təkcə pul qazanmaq olmadığını göstərir. O,həmçinin gettolardakı kiçik yaşlı uşaqları qaçıraraq polyak rahibələrin himayəsinə verilməsini və onların xristian yetimlər kimi qeydiyyata alınmasını təşkil edib.

1942-ci ildə gettolardakı yəhudilərin Plasov ölüm düşərgəsinə aparılmasına qərar verilir. Bu vaxt Şindler nasist hərbçi Amon Got ilə dostluq yaradaraq pul qarşılığında işçilərini qoruya bilir. Müharibənin almanlar üçün pis getdiyi bir vaxtda, Stalinqraddan başlayan geriləmə zamanı Krakovda və Plasovdakı yəhudilərin Auşvits ölüm düşərgəsinə aparılması əmr olunur. Bu vaxt Şindler 1200 yəhudini satın alaraq doğulduğu torpaqlara gedir və orda bir fabrik yaradır. 7 ay boyunca bir istehsalsızlıq timsalı olan fabrikində 1200 yəhudini qoruyub saxlayır. Müharibə bitdikdən sonra o yəhudilərin verdiyi təminat məktubları sayəsində nasistlərin digər yüksək mənsəb sahibləri kimi mühakimə olunmur. Şindler bundan sonra əvvəlcə Münihdə, sonra da Argentinada iş qurmaq üçün cəhd eləsə də cəhdləri uğursuz olur. Hətta yəhudi təşkilatlarının ona etdiyi yardımlar da bir nəticə vermir. Şindler 1974-cü ildə 66 yaşında Frankfurtda ölüb. Vəsiyyətinə uyğun olaraq Qüdsdə katolik məzarlığında dəfn olunub. O burada dəfn olunmuş yeganə nasistdir.



"Şindlerin fabriki" muzeyi

Şindlerin Krakovda yaratdığı fabrik indi muzey olaraq fəaliyyət göstərir. Muzey Krakovun mərkəzindən çox da uzaq olmayan bir yerdədir. Oraya tramvayla və ya şəhərin mərkəzi meydanındakı kiçik avtobuslarla getmək olar. Keçmiş fabrikin yerləşdiyi ərazinin ətrafındakı fabriklər, tikinti işləri buranın indi də sənaye üçün istifadə olunduğunu göstərirdi. İlk baxışdan ərazi mənə Bakıdakı Qara Şəhəri xatırlatdı, hər yerdə tikinti və zavodlar idi.
Muzeyə giriş pulludur, adi ziyarətçilər üçün təxminən 5 avro, tələbələr üçünsə 3 avro. Biletimi alandan sonra bələdçidən necə getmək lazım olduğunu soruşdum, muzeyin strukturunun mənə bütün binanı gəzdirəcəyini söylədi. Həqiqətən də muzey elə qurulub ki, buranı gəzən adam nəyisə qaçırmır.



"Şindlerin fabriki" məni nasist bayraqları ilə qarşıladı. Ard-arda düzülmüş qırmızı bayraqlar məhv edilmiş dəhşətli bir divin əlaməti kimi görünürdü. Ümumiyyətlə Üçüncü Reyxin bayraqlarını görəndə adam istər-istəməz onun məğlub edilməmişdən əvvəlki dəhşətli vahiməsini hiss edir. Bu bayraqlar hər nə qədər yandırılsa da, məhv edilsə də hətta muzeydəki nümunəsinin timsalında dəhşətini saxlayır. Divarlara həmin dövrdə Almaniyada və Polşada çıxan qəzetlərin səhifələri vurulub.



Muzeyin sonrakı bölümü Krakovun alman işğalı altındakı ümumi mənzərəsini təsvir edir. Məsələn şəhərin mərkəzi meydanına aid üç metal lövhə. Bu lövhələr polyak dilində "əsas meydan" kimi tərcümə olunan "Rynek Glowny"-nin adının dəyişdirilərək öncə almanca "köhnə bazar" mənasını verən "Alter Markt" olmasının və sonradan Hitlerin adının verilməsinin xatirəsini daşıyır. Bələdçi deyir ki, bu qərardan sonra meydana kim "Rynek Glowny" deyirmişsə həbs olunurmuş.

"Alman işğalındakı Krakovda son milad bayramı" bölməsində isə həmin dövrün bəzək əşyaları, uşaqlar üçün oyuncaqlar, onların şəkilləri var.



Muzeyin bu hissəsində nasistlərin böyük paradlarında istifadə olunan posterləri, simvolik nasist qılınclarını, avtomatları, tapançaları, nasist zabitlərinin uniformalarını görmək olar. Onlar Şindlerin fabrikinin istehsalıdır. Fabrikdə həm müharibə üçün, həm də məişət üçün əşyalar istehsal olunub. Qadın, kişi, uşaq paltarları, bəzək əşyaları, qazanlar, bir sözlə Şindler nə bacarırsa istehsal edirmiş.



Digər bölümdə isə yəhudilərin getto həyatına aid əşyalar sərgilənir. Yarım qaranlıq olan bu yerdə onların gettolardan qalma əşyalar arasında heykəlləri düzəldilib. Həmçinin varlı ailələrdən alınmış bəzək əşyaları, əksərən gümüşdən olan yəhudi şamdanları, xalçalar, saatlar burda saxlanılır.



Və Şindlerin kabineti.. Maraqlıdır ki, muzeydəki təkcə bu otaqda döşəmə cırıldayır. Bu fərqin bir səbəbi olduğunu öyrənmək istəsəm də heç kim cavab verə bilmədi. Kabinetdəki stul, iş masası və üzərindəki əşyalar məşhur biznesmenə aiddir. Bələdçi qadın burdakı hər şeyin, fotoların belə orjinal olduğunu və toxunmağın qadağan edildiyini söylədi. Masanın arxasında Avropanın böyük xəritəsi, önündə isə qazanlardan düzəldilmiş müasir incəsənət nümunəsi var. Onun içərisindəki dairəvi löhvədə isə Şindlerin xilas etdiyi yəhudilərin adları yazılıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu qazanlardan bəzən bir neçə yüzünü Şindler hansısa işçisinin həyatını qurtarmaq üçün verirmiş.



Məşhur cani Amon Got və nəvəsi

Məşhur filmdəki nasist zabit Amon gerçək tarixi şəxsdir. O işçi düşərgəsinə başçılıq etmək üçün göndərilib və həqiqətən filmdə göstərildiyi kimi səhərlər villasının eyvanında durub tüfənglə yəhudiləri vurub. Hətta bir dəfə sadəcə zövq almaq üçün 23 nəfəri öldürdüyü iddia edilir. Amma Şindlerlə tamamilə əks xarakterə malik olan bu adamla dil tapmaq ikinci üçün çətin olmayıb. Bu anlaşmanın sayəsində mindən çox insanın həyatı xilas olunub. Got isə müharibədən sonra polyak məhkəməsinin qərarı ilə asılıb və ölümü nasist salamı verərək qarşılayıb.



Bələdçinin dediyinə görə məşhur caninin nəvəsi Cennifer Tegi ailəsinin keçmişini araşdırarkən təsadüfən babasının kim olduğunu öyrənib. İsraildə yaşayan və çoxlu yəhudi dostu olan Cennifer ətrafdakı insanların ona olan münasibətində dəyişiklik olacağını düşünürmüş, amma dostlarından "Amon Gotu unut, sən Cennisən" cavabını alıb. Sonra isə "Amon. Babam keşkə məni vursaydı" adlı bir kitab yazıb.



Xeyirxahlıq motivasiyası

Şindlerin haqqında çəkilmiş film onu bütün dünyada xeyirxahlığın, insanlığın simvollarından birinə çevirdi. Onun xilas etdiyi yəhudilərin sayı düşərgələrdə xilas edilən yəhudilərin əksəriyyətini təşkil edir. Maraqlıdır ki, işin başında tək dərdi pul qazanmaq olan bu adam sonradan dünya tarixində iz buraxmış xeyirxahlığa imza atır. Hətta gəlirlərindən məhrum olsa da, bir şey qazanmasa da xilası onun əlində olan insanlara bacardıqca kömək edir. Onun motivasiyasının nə olduğu hələ də mübahisəlidir. Amma gördükləri işləri nəzərə alsaq demək olar ki, Şindler nasional sosializm ideyasına bağlı biri olmayıb, sadəcə öz mənfəətini düşünən, pul qazanmaq istəyən bir iş adamı imiş. Şindler digər nasistlərdən fərqlənib və milli ayrı-seçkilik, üstün millət anlayışı ona mənasız gəlib. İnsanların aşağılanmasına, öldürülməsinə mane olmaq istəyib. Hər nə qədər sonrakı bizneslərində uğurlu olmasa da bu fakt onun reallığı daha gözəl dəyərləndirdiyini göstərir.



O, bu fabriki açan zaman mənfəət əldə etmək istəyib, qazandığı mənfəət isə dünyadakı çox az sayda iş adamına qismət olub. Vicdanlı insan üçün gördüyü bu əməllər, qurtardığı həyatlar üçün hiss etdiyi məmnunluq bütün ömrü boyu kifayət edər. Ən çətin vaxtlarda bu xatirənin başına yığışıb qızınmaq olar. Şəxsən mən Şindlerin elədiklərini eləmiş olsaydım və ondan sonra on dəfə müflis olsaydım yenə vecimə olmazdı.



Günümüzdə hansı fabrikin, zavodun muzey ola biləcəyini düşünürəm, ağlıma bir yer gəlmir. Düzdür, böyük fədakarlıqlar böyük hadisələr tələb edir. Bəli, ola bilsin onlarda adam öldürmürlər, amma əksəriyyətində istismar, ağır əmək və ədalətsizlik var.

Şindler isə cəhənnəmin içərisində ədalət yaratmağa, insanları onun alovundan qorumağa çalışıb. O öz fabrikini tarixdə əbədi qalacaq bir humanizm timsalına çevirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar