Modern.az-ın məlumatına görə, bu gün sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin 1-ci sədri Elmira Qafarovanın doğum günüdür.
Elmira Mikayıl qızı Qafarova 1934-cü ildə Bakıda anadan olub. Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə təhsil alıb.1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyub. 1961-ci ildə Elmira Qafarova dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1961-1970-ci illərdə Azərbaycan KP MK-nın təlimatçısı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nın katibi və birinci katibi vəzifələrində çalışıb. 1970-1980-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdir müavini, Bakı Şəhər Partiya Komitəsinin katibi işləyib. Elmira Qafarova 1980-ci ildə xalq maarifi naziri təyin edilib, 3 il bu vəzifədə çalışıb.
Maarif naziri olduğu müddətdə E.Qafarova orta məktəbi bitirənlərin qızıl, gümüş medalla təltif edilməsi adi məsələsini xeyli sərtləşdirib, bu işə nəzarəti gücləndirib. Eləcə də qəbul olunmuş qərara əsasən uşaqlar valideynlərinin müəllim işlədiyi məktəblərdə təhsil ala bilməzdilər.
Elmira Qafarovanın dövründə xarici ölkələrlə təhsil sahəsindəki əlaqələr də xeyli canlanıb. Xaricdə işləməyə gedən azərbaycanlı gənclərin sayı artıb.
O, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə də müsbət yanaşırdı. Həmin illərdə Sabirabad, Balakən, Yevlax, Səbail, Nərimanov, Xaçmaz, Naftalan və başqa rayonlarda xalq maarifi şöbələrinə qadınlar müdir təyin olunmuşdu.
1983-cü ildə Azərbaycanın xarici işlər naziri təyin edilən Elmira Qafarova 4 ilə yaxın bu vəzifədə çalışıb. Xarici işlər naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görüb, həmçinin bir sıra beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak edib.
1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, humanitar sahələrə - elm, mədəniyyət, maarif işinə rəhbərlik edib.
SSRİ Ali Sovetinin və bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər doğurduğu bir zamanda - 1989-1990-cu illərdə Elmira Qafarova Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri işləyib.
Bu qurumun adı dəyişdiriləndən sonra isə Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb. Elmira Qafarova 18 dekabr 1991-ci il tarixindən 28 fevral 1992-ci ilədək müstəqil Azərbaycan Respublikası Ali Sovetinin sədri olub.
Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə - erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olub. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".
Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb və ona başçılıq edib. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul edib.
E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
E.Qafarova SSRİ-nin bir sıra orden və medalları, o cümlədən iki dəfə "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdi.
Elmira Qafarovanın iki oğlu olub. Oğlanlarından biri dünyasını dəyişib, digərinin sağ olduğu bildirilir...
Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
A.Qorxmaz