Qarabağ qazisi Neftçala torpaq şöbəsinin müdirini tərifləyərkən, onu çətinə saldı
Ötən günlərdə Neftçala rayonunun bir qrup sakini redaksiyamıza müraciət edərək, üzləşdikləri torpaq problemindən şikayətçi olmuşdular. Onlar bildirmişdilər ki, Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin müdiri Mustafa Əliyev rayonda bütün torpaqları hərraca çıxararaq, satıb.
Sakinlərin bildirdiyindən o da məlum olmuşdu ki, Mustafa Əliyevin yaratdığı vəziyyət vətəndaşlar arasında narazılıqla yanaşı, həm də düşmənçiliyə gətirib çıxarıb. Torpağı əlindən alınmış Neftçala sakinlərindən bir neçəsinin intihar etdiyinə dair bilgilər də var. Danışan şəxslərin dediklərinə görə, faktiki olaraq torpaq şöbəsinin müdiri icra başçısı və onun müavinləri ilə əlbir olaraq, təkcə yerli imkanlı adamlara deyil, həmçinin qıraqdan gələnlərə də torpaq satmaqla məşğuldur.
Dünən aldığımız məlumata görə, Neftçala torpaq şöbəsinin müdiri Mustafa Əliyev yazdıqlarımızdan ciddi şəkildə narahat olaraq, «zəhmətkeş» məktubları təşkil etməyə başlayıb. Və bu prosesi də “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Aydın Aslanova həvalə edib. Aydın Aslanov isə ona tapşırılan işi sözün həqiqi mənasında üzünə, gözünə bulaşdırıb. Birliyin şöbə sədri mətbuata göndərdiyi yazılı açıqlamasında qeyd edir ki, Neftçala torpaq şöbəsinin müdiri Mustafa Əliyev bütün şəhid ailələri, Qarabağ veteranlarına yardımçı olur, onların torpaq problemlərini həll edir.
Çox hörmətli, Qarabağ qazisinin diqqətinə satdıraq ki, nəinki torpaq şöbəsinin müdiri, ümumiyyətlə, səlahiyyətli şəxslərin bilavasitə vəzifəsi və borcudur ki, şəhid ailələri və qazilərə yardım etsinlər və onların qulluğunda dayansınlar. Çünki onlar övladlarını, qardaşlarını, əzizlərini Vətən üçün döyüşlərə göndərib, orada can qoyublar. Ona görə də, bu işi şişirdib dağ başına qoymaq lazım deyil.
Aydın Aslanov daha sonra yazır ki, «Müstafa Əliyev rayonda aparılan quruculuq-abadlıq işlərində yaxından köməklik edir, əlindən gələni əsirgəmir».
Çox dəyərli və qiymətli Qarabağ qazimiz! Nəzərinizə çatdıraq ki, bu sözünüzlə əslində, Mustafa Əliyevi bəlanın içinə salmısız və ona qarşı irəli sürülən ittihamları təsdiqləmisiniz. Ştat cədvəlində aylıq əmək haqqısı 240 manat olan şöbə müdiri rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə hansı yardımı və köməkliyi göstərə bilər? Mustafa Əliyevin Neftçalada səkiləri əhənglədiyini görən olmayıb. Heç daş daşıdığı barədə də məlumat yoxdur. Bəs, bu adam hansı köməkliyi göstərib? Pulmu verib? Onun bu qədər pulu haradan idi? Demək ki, camaat düz deyir, Neftçala torpaq şöbəsinin müdiri torpaqları satıb, pula çevrib və onun da bir qismini rayondakı abadlıq işlərinə xərcləyib. Yəni, hörmətli Qarabağ qazimiz də dolayısı ilə təsdiq edir ki, Mustafa Əliyev torpaqları sataraq, pul qazanıb.
P.S. Oxucularımızın diqqətinə çatdıraq ki, sayğıdəyər Qarabağ qazisi Aydın Aslanov Neftçala maliyyə idarəsinin müdiri Rəşid Manafovun bacısı oğludur. Hörmətli qazimizin bir dayısı da Neftçala Polis Şöbəsində rəis müavini postunu tutur. Hər halda əlavə şərhə ehtiyac qalmır.
jam.az