Hakimiyyətin iqtisadi sabotaj qorxusu

2-03-2015, 10:09   
Hakimiyyətin iqtisadi sabotaj qorxusu
Gömrük Komitəsi idxalatçılara güzəşt edəcək
Idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsilə əlaqədar xarici iqtisadi fəaliyyət iştirakçılarına müəyyən güzəştlər nəzərdə tutulub. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, fevralın 28-də Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib və tədbirdə dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsilə bağlı gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdən bəhs olunub.
DGK sədri Aydın Əliyev iş adamları ilə görüşün maliyyə böhranı dövründə keçirilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində bəzi iş adamları mövcud şəraitdən yararlanmağa çalışır və süni qiymət artımına yol verirlər. Keçirilən görüşün əsas məqsədinin də bu kimi neqativ halları aradan qaldırmaq olduğunu söyləyən Aydın Əliyev mövcud problemin birgə həlli üçün iş adamlarını əməkdaşlığa çağırıb.
Görüşdə DGK sədrinin birinci müavini Səfər Mehdiyev də çıxış edib və gömrük qiymətlərində iş adamlarına güzəşt ediləcəyini də rəsmən o bildirib.
Qeyd edək ki, fevralın 27-də Aydın Əliyev gömrük rüsumlarının dəyişməyəcəyini bildirmişdi. “Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir.
ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir.
Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. Il yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil".
Görünür, hakimiyyət ölkədə dolların bahalaşması nəticəsində yaranan qiymət artımı təhlükəsindən ciddi narahat olub. Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycana xaricdən gətirilən bütün malların 50 faiz bahalaşacağı gözlənilir. Sahibkarlara inzibati təzyiq yolu ilə qiymət artımının qarşısını almaq cəhdləri isə mənasızdır. Çox güman ki, hakimiyyət də bu reallıqdan çıxış edərək sahibkarlara müəyyən güzəştlər etmək qərarına gəlib. Hər halda bu addım Gömrük Komitəsinin öz iradəsi ilə baş verməyib. Lakin iş adamlarına gömrük qiymətlərində güzəşt etməklə qiymət artımı probleminin aradan qaldırılacağını düşünmək də doğru olmazdı.
Gömrük Komitəsindəki görüşlə əlaqədar əlavə bilgi əldə etmək üçün yerli holdinqlərdən birinə yaxın olan mənbəyə müraciət etdik. Əldə etdiyimiz məlumata görə, həmin görüş heç də gömrük və özəl sektor nümayəndələri arasında tam anlaşma şəraitində keçməyib. Belə ki, görüşdə çıxış edən iş adamlarından bir neçəsi real qiymət artımının labüd olduğunu diqqətə çatdırıb. Onlar hökuməti xəbərdar ediblər ki, hazırda zərərlə işləyir və bu şəraitdə sonadək davam gətirməyəcək, ya fəaliyyətlərini dayandıracaq, ya da iflas həddinə çatacaqlar. Bu isə ölkədə həm mal qıtlığına, həm də işsizlər ordusunun yaranmasına gətirib çıxaracaq.
Mənbəmizin bilgisinə görə, görüşdə iş adamları hökumətə xarici iqtisadi fəaliyyət iştirakçılarına güzəştli kreditlər ayrılmasını təklif ediblər. Hətta açıq şəkildə bəyan edən olub ki, hökumət malların hansı həddə qədər bahalaşdırılmasına icazə verildiyini iş adamlarına bildirsin. Belə ki, görüşdə səslənən məlumata görə, Naxçıvanda yerli hakimiyyət idxalatçılara 15 faizədək qiymət artımına icazə verib.
Iqtisadiyyat şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar