İŞİD-çi etirafı: “Cona pərəstiş edirlər”

2-03-2015, 15:03   

Əvvəllər “Cihadçı Con” adıyla tanınan, ötən həftə isə gerçək adının Məhəmməd Emvazi olduğu ortaya çıxan İngiltərə vətəndaşı haqda yeni bilgilər yayılıb. Axar.az məlumat verir ki, terrorçunun qapalı bir şəxs olduğu və psixoloqlar tərəfindən seçilərək kameralar qarşısına çıxarıldığı bildirilib. Bu barədə Əbu Ayman adlı İŞİD-in keçmiş üzvü BBC-yə məlumat verib. Ayman Məhəmməd Emvazinin “Hər kəsdən uzaq durduğunu” bildirib. Onun sözlərinə görə, aralarında Ceyms Folley və Stivn Sotlofun da olduğu qərbli girovların başlarının kəsilərək öldürüldüyü əks olunan videolarda üzündəki maskayla Qərb liderlərini təhdid edən Emvazi həm də qəddarlığı ilə seçilir: “Mən onunla Suriyada tanış oldum. Heç kimlə söhbət etmirdi. Həmişə tək olardı. Tanış olduğumuz ilk günlərdə Əsəd rejiminə qarşı döyüşən sıravi əsgər idik. Suriyadakı vətəndaş müharibəsinin şiddətləndiyi dövrlərdə ölkəyə gələn xarici cihatçılar ümumiyyətlə Suriyanın şimalındakı “Atmen” qaçqın düşərgəsi yaxınlığında toplanırdı. Daha sonra çevrə genişləndi. Şəhərdəki evləri ələ keçirən Qərb döyüşçüləri Tvitter və İnstaqram hesablarından "Beş ulduzlu cihad" adıyla komfortlu həyatlarını izah etməyə çalışırdı. Amma Məhəmməd Emvazi bunları etmirdi”. O dövrlərdə İngiltərədən gələn döyüşçülərin evini bir neçə dəfə ziyarət etdiyini deyən Əbu Ayman Məhəmməd Emvazinin ilk andan qəribə davrandığını söyləyib: "Bizə qarşı çox soyuq idi. Heç danışmazdı. Biz xarici cihadçılarla birgə namaz qılırdıq. Amma o, bizimlə namaza da gəlmirdi. Digər ingilis qardaşlarımız bizi küçədə gördüyündə salam verirdi. Amma Məhəmməd başını o biri tərəfə çevirirdi, bizi saymırdı”. Terror təşkilatının peşəkar psixoloqlar vasitəsi ilə cihadçılara güclü təsir etdiyini deyən Ayman “Cihadçı Con”un heç bir xüsusiyyəti ilə digərlərindən fərqlənmədiyini, onda qeyri-adi bacarığın olmadığını deyib: “İŞİD-in peşəkar psixoloqları var. Kimi seçəcəklərini və necə məşhur edəcəklərini çox yaxşı bilirlər. Amma yenə də Emvazinin xüsusi heç bir tərəfi yox idi. “Cihadçı Con” başqa biri də ola bilərdi”. Qadın və uşaqları öldürməsi tələb olunduqdan sonra terror təşkilatını tərk etdiyini deyən Əbu Ayman “Cihadçı Con”un ərəblər arasında çox məşhur olduğunu, hətta ona görə yüzlərlə insanın təşkilata qoşulduğunu iddia edib: “Onun çox sayda pərəstişkarı var. Bir çox insan onun videolarını izlədikdən sonra İŞİD-ə qoşulub. Təşkilat ondan çox yaxşı istifadə edirdi. O, artıq Avropadakı müsəlman qardaşlarımızı cəlb etmək üçün istifadə edilən bir silah idi”. Bildirək ki, BBC-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, İŞİD təşkilatı Emvazinin yerini gizli saxlayır və onun təhlükəsizliyini təmin etmək üçün xüsusi səy göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar