Yaraşıqlı siyasətçi, fırtınalı eşq hekayələrinin qəhrəmanı və...

3-03-2015, 10:00   
Yaraşıqlı siyasətçi, fırtınalı eşq hekayələrinin qəhrəmanı və...

Mərhum Boris Nemtsov barədə bilinməyən gerçəklər
Rusiya müxalifətinin parlaq siması olan Boris Nemtsovun qətlindən sonra dünya mediası onun karyerası, sürətli yüksəlişi və seriallara mövzu olacaq qədər qaynar şəxsi həyatı ilə bağlı yazmağa başladı. Xüsusən də qətlə yetirilən zaman yanında ukraynalı sevgilisinin olması faktoru... bu burulğanlı həyatı bir daha diqqət önünə çəkdi. “Yeni Müsavat” Rusiya saytları arasında apardığı gəzişmə zamanı mərhum müxalifət liderinin portretini cızmağa çalışıb.

Saysız-hesabsız qadın, amma bir qadın...

B.Nemtsov aktiv şəxsi həyat yaşasa da, rəsmi olaraq cəmi bir dəfə evli olub. Bununla belə, heç zaman həyat yoldaşı Raisa Axmetovadan rəsmi şəkildə boşanmayıb. Bu izdivacdan onun Janna adlı qızı dünyaya gəlib. Janna da sonradan tanınmış ictimai xadim olub.
Nijnı Novqorodun qubernatorluğuna gələndən sonra Nemtsov ixtisasca jurnalist olan Yekaterina Odinsova ilə tanış olub. Yekaterina da ona iki uşaq dünyaya gətirib - 1995-ci ildə oğlu Antonu, 7 il sonra, 2002-ci ildə isə qızı Diananı.

Bir müddət keçəndən sonra Nemtsovun katibəsi İrina Korolyova ilə də sevgi macərası başlanıb. Və bu münasibət də dünyaya daha bir körpənin - qızı Sofiyanın gəlməsi ilə nəticələnib. Siyasətçi həyatına girən heç bir qadından rəsmən evli olduğunu gizlətməyib. Amma maraqlıdır ki, hətta o, rəsmən evliliyini yekunlaşdırmaq istəmədiyini də etiraf edib. Özü də çox maraqlı bir əsaslandırma ilə - hamıya belə rahatdır.



Bütün sevdiyi qadınları yubileyinə yığıb və...

Jurnalistlərin iddiasına inansaq, Boris Yefimoviçin 2009-cu ildə qeyd etdiyi 50 illik yubileyində həyatındakı bütün qadınları toplayıb. Zamanında vətəndaş nikahında olduğu qadınlar, rəsmi həyat yoldaşı və onlardan olan uşaqları. O, bütün uşaqlarını qəbul edib və onların hər birinin həyatında iştirak edib.

Amma həyatının son illərində Nemtsov bir neçə dəfə çox fərqli qadınlarla görünüb. Məsələn, onun 3 il boyunca Anastasiya Oqneva ilə sevgi macərası davam edib. Mətbuat bu qadının ekskort-xidmətin üzvü (fahişəliklə məşğul olub) olduğunu yazsa da, siyasətçi bunu daim təkzib edib.

Taleyin ironiyasıdır ki, B.Nemtsovun qətlinə şahid olan şəxs də məhz qadın olub. 21 yaşlı ukraynalı model Anna Duritskaya ilə siyasətçinin münasibətlərinin nə zaman başladığı, nə qədər davam etdiyi isə suallardan biridir.



Onu siyasətə anası gətirib

Amma Nemtsov barədə “pleyboy müxalifətçi” obrazı formalaşdırmaq da yanlış olardı. Çünki mərhum siyasətçi həm də yaxşı idmançı olub, tennislə maraqlanıb. Fizika-riyaziyyat elmlər namizədi idi, 60-dan çox elmi işin və bir neçə ixtiranın müəllifidir.

B.Nemtsovun həyatının digər detallarına gəlincə... Onun vətəni Soçi olub. 1959-cu ilin 9 oktyabrında Soçidə anadan olan Borisin anası pediatr, atası isə tikinti komitəsinin müavini olub. Onun uşaqlığı dəniz qırağında keçib, məktəbi isə Qorki şəhərində oxuyub. Məktəb həyatından sonra o, Qorki şəhərində universitetə, radiofizika fakültəsinə daxil olub və 1981-ci ildə buranı bitirib. Daha sonra dissertasiya müdafiə etsə də, həmin vaxt elmlə deyil, siyasətlə maraqlanmağa başlayıb.



B.Nemtsovun siyasi karyerası isə anasının sayəsində başlayıb. Belə ki, 1988-ci ildə anası Qorkidə atom stansiyasının qurulmasına etiraz edənlərdən olub. Nemtsova bir həkim kimi onu təhlükəsini anlayırdı. Çünki leykozdan əziyyət çəkən insanları dəfələrlə müalicə edib. Bu hərəkata aktiv şəkildə Boris də qoşulub. Hətta sonradan verdikləri müsahibələrində müxalifət lideri etiraf edib ki, məhz anası onu siyasətə çəkib gətirib.

Tezliklə gənc alim o qədər populyarlıq qazandı ki, 1989-cu ildə SSPİ deputatlığına namizədliyi irəli sürüldü. Ondan sonra karyerası çox sürətlə irəlilədi. 1990-cı ildə Qorki üzrə deputat oldu. Bir il sonra isə prezident seçkilərinə namizəd olan Boris Yeltsenin etibarlı nümayəndəsi oldu. Bir müddət sonra Borisin tutduğu vəzifənin adı dəyişdirilidi və o, qubernator oldu.

Jirinovskiyə sok atan siyasətçi necə populyarlaşdı?

Amma B.Nemtsovun siyasi karyerasındakı ən böyük dönüş 1991-ci ildə baş verib. Həmin ilin avqustunda o, ailəsi ilə birgə tətilini keçirmək üçün Moskvaya gəlib. O, həmin vaxt Ağ Evin qarşısında olub və müdafiədə iştirak edib. Məhz bu səbəbdən 1991-ci ildə Yeltsinlə tanışlığı sayəsində Boris onun Nijeqorodsk vilayətində etibarlı nümayəndəsinə çevrilib.

Siyasətçi öz dairəsində populyarlığı ilə seçilib. Məhz buna görə təkrar qubernator seçkilərində də qalib olub. Bu, 1995-ci ildə baş verib. Məhz bu dönəm onun siyasi karyerasının pik nöqtələri sayılır. Həmin il o, Vladamir Jirinovski ilə canlı yayımda yaşadığı qalmaqala görə bir daha məşhurlaşıb. Belə ki, gərgin müzakirələrdən sonra hər iki siyasətçi emosiyalarını saxlaya bilməyib, bir-birilərinə meyvə şirəsi, eləcə də stəkan atıblar. Bu hadisədən sonra Nemtsovun populyarlığı daha da artıb. Media isə onun haqqında hər zaman müstəqil, fərqli fikirləri olan siyasətçi imici formalaşdırıb.



Hakimiyyətdə təmsil olunub və çox peşmançılıq keçirib

B.Nemtsovun Moskvadakı fəaliyyətinə gəlincə... O, qubernator postunu 1997-ci ildə tərk edib. Həmin vaxt o federal hakimiyyətdə birinci vitse-prezident olub. Onun kurasiyasına bir çox sahələr aid olub. Belə ki, antimonopol siyasəti, eləcə də siyasəti nəzarəti, sosial bloku nəzarət altında saxlayıb. 1997-ci ilin aprelindən noyabrına qədər o, yanacaq və sənaye naziri vəzifəsini də icra edib. Adı hər zaman hakimiyyətdəki ən gənc məmur kimi hallanıb. Məsələn, o, bütün məmurların yerli, milli “Volqa”dan istifadəsi təşəbbüsü kimi çıxış etsə də, bunun hər hansı nəticəsi olmadı.

1998-ci ilin yazında siyasətçi iqtisadi-maliyyə sferasına keçid edib. Amma avqustdakı maliyyə böhranından sonra onu vəzifədən çıxarmadılar. Əksinə, o, baş nazir funksiyasını davam etdirdi, sonra istefa verdi. Ardınca isə mediaya müsahibələrində hər zaman bildirdi ki, hakimiyyətdə təmsil olunması onun ən böyük səhvi olub. Məhz bu səbəbdən o, irəliyə getmək şansını əldən qaçırıb.

Hakimiyyətdən gedəndən sonra Boris Yefimoviç “Gənc Rusiya” hərəkatını yaradıb və ona rəhbərlik edib. Ardınca isə deputat seçilib. Maraqlıdır ki, rəhbərlik etdiyi hərəkat daha sonra “Sağ Qüvvələr İttifaqı”na (SQİ) daxil olub. Nemtsov sözügedən ittifaqdan deputat seçilərək parlamentin aşağı palatası sədrinin müavini vəzifəsini tutub.

2003-cü ildə isə proseslər əks istiqamətdə cərəyan edib. Belə ki, Dumaya keçirilən seçkilərdə SQİ məğlub olur. Nemtsov bu məğlubiyyətin yükünü öz çiyninə götürərək siyasətdən gedib. Həmin müddətdə o, ancaq bizneslə məşğul olub. 2004-cü ildə Ukraynada baş verən “Narıncı inqilab”ı açıq şəkildə dəstəklədiyi üçünsə Ukrayna prezidentinin qeyri-rəsmi müşaviri olub.
2008-ci ildə Rusiyada keçirilən prezident seçkilərində “SQİ” Boris Nemtsovun namizədliyini irəli sürür, lakin həmin vaxt onun reytinqi bir faizdən də aşağı idi. Nemtsov hələ seçkiöncəsi kampaniya başlayana qədər namizədliyini geri götürür.

2008-ci ildə SQİ partiya kimi ləğv olunur və onun əvəzinə “Düzgün iş” (Pravoye delo) partiyası təşkil edilir. 2009-cu ildə Nemtsov Soçi şəhər meri vəzifəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürür. Ekspertlər onun bu addımını PR-aksiya adlandırırlar. Seçkilərdə Nemtsov ikinci yeri tutaraq, 14 faizdən aşağı səs toplayır.

2012-ci ildən etibarən Nemtsov “Rusiya Respublika partiyası - Xalq Azadlığı partiyası”nın həmsədri və hazırkı Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini tənqid edən bir sıra korrupsiya hesabatlarının müəllifi olub.

8 sentyabr 2013-cü ildə keçirilən regional seçkilərdə Yaroslav Vilayət Dumasının deputatı seçilib.

Hazırladı Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar