Azərbaycanın nə qədər pulu var? - Əhali dövlət ehtiyatlarından xəbərsizdir

4-03-2015, 19:49   
Azərbaycanın nə qədər pulu var? - Əhali dövlət ehtiyatlarından xəbərsizdir
Azərbaycanın valyuta ehtiyatları ilə bağlı Dövlət Neft Fondu və Mərkəzi Bank vaxtaşırı məlumat yaysa da, cəmiyyətin çox az qismi yaşadığı ölkənin maliyyə ehtiyatları ilə bağlı məlumatlıdır. Bunu şəhər sakinləri arasında keçirdiyimiz sorğu da təsdiqlədi.

“Azərbaycanın nə qədər pulu var” sualı ilə sadə insanlara müraciət etsək də, cavabların əksəriyyəti qeyri-dəqiq oldu.

Cəmilə Hüseynova adlı şəhər sakini bildirdi ki, onda olan məlumata görə, ölkənin valyuta ehtiyatları 15 milyard manat həcmindədir: “Mən bildiyim qədər 10-15 milyard vəsait olmalıdır. Ancaq dəqiq məlumatım yoxdur”.

Şəxsi büdcəsində olan vəsaitə gəlincə, C.Hüseynova dövlətdən aldığı pensiya hesabına dolandığını dedi: “Ayda 170 manat pensiya alıram. Bu pulla, bu ölkədə neçə gün yaşamaq mümkündür. Növbəti ayı borc-xərclə çıxardıram. Bizim büdcəmizdə başqa nə vəsait ola bilər?”

Rəşid Hüseynov adlı sorğu iştirakçısı isə dövlətin 21 milyard manat vəsaiti olduğunu bildirdi: “Dəqiq bilmirəm, amma məncə 21 milyard manat olmalıdır. Mənim şəxsi büdcəmə gəlincə, ayda 1000 manat maaş alıram. Demək olar ki, ailəmin aylıq dolanışığına bəs edir. 5 min manat da əlavə pul yığmışam, pis günüm üçün...”

Sadiq Məmmədov adlı şəhər sakini dövlət büdcəsi ilə bağlı cəmiyyətə məlumat verilmədiyini əsas gətirərək, bu haqda məlumatının olmadığını bildirdi: “Mənim dövlətin vəsaitləri haqqında məlumatım yoxdur. Bu suala cavab verə bilməyəcəyəm. Əslində, bu, mənim üçün heç vaxt maraqlı olmayıb. Şəxsi büdcəmdə isə 10 min manat ehtiyat pulum var. Bununla kiçik biznes obyekti açıb, yatırım etməyi düşünürəm. Aylıq gəlirim də 1000 manata yaxındır, ailəmi dolandırmağa kifayət edir”.

Qeyd edək ki, sorğuda iştirak edən digər sakinlərin də cavabları yuxarıda qeyd etdiklərimizdən fərqlənmədi. Kimisi bu barədə məlumatsız olduğunu bildirdi, kimisi də ağlına gələn ilk rəqəmi səsləndirdi.

Bunu nəzərə alaraq, musavat.com Azərbaycanın sahib olduğu valyuta ehtiyatları ilə bağlı məlumatı oxucuların diqqətinə çatdırır.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, cari ilin əvvəlində Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollar civarında olub: “Yanvar ayının əvvəllərində Neft Fondunun verdiyi açıqlamada qeyd edilir ki, Azərbaycanın 50 milyard dollar valyuta ehtiyatları var. Bunun təqribən, 15 milyarda yaxını Mərkəzi Banka, 35 milyarda yaxını da Neft Fonduna aiddir. Mərkəzi Bank son proseslərdən sonra valyuta ehtiyatlarının bir qismini manatın saxlanılmasına sərf etdi. Son olaraq, Mərkəzi Bank dekabr və yanvar aylarında 2,3 milyard dollara yaxın vəsaiti manatın məzənnəsinin saxlanılması üçün xərclədiyini açıqladı. Bu hesablama ilə hazırda Mərkəzi Bankın rezervləri 12 milyard dollardan bir qədər artıqdır. Fevral ayında isə manat böhranı pik həddinə çatdı. Bəzi rəsmilərin açıqlmalarına görə, bəzi günlərdə Mərkəzi Bank manatın sabit saxlanılması üçün 500 milyon dollara yaxın müdaxilə etməli olub. Fevral ayı ilə bağlı rəsmi məlumatlar hələ ki, açıqlanmayıb. Ancaq müxtəlif ekspertlərin fikrinə görə, Mərkəzi Bank fevral ayında tarixində ən böyük müdaxiləni edib. Bu məbləğ təxminən 4-4,5 milyard dollara yaxındır. Bu manatın devalvasiyasından öncəki dövrə aiddir. Rəsmi rəqəm olmasa da, hesablamalarımıza görə, hazırda Mərkəzi Bankın rezervləri 7,5-8 milyard dollara yaxındır. Ümid edirəm ki, yaxın günlərdə Mərkəzi Bank rəsmi məlumat yayacaq”.

Neft Fonduna gəldikdə isə, iqtisadçı ekspert bildirdi ki, fondun valyuta ehtiyatları 35 milyard dollardan bir qədər artıqdır: “Neft Fondunun rezervlərinin böyük bir hissəsi dollarla, 27 faizi avro ilə, 5 faiz rezervlər isə rus rublu və türk lirəsi ilə saxlanılır. Bu, yanvar ayının əvvəlinə olan məlumatdır. Digər vəsaitlərə gəlincə, Neft Fondu tərəfindən 30 tona yaxın qızıl alınıb. Neft Fondunun rezervlərinin bir qismi də çox az gəlirli, amma çox etibarlı olan qiymətli kağızlarla saxlanılır.

Neft Fondunun rezervləri ilə bağlı problem ilin sonunda yaşanacaq. Çünki Neft Fondunun gəlirləri 90 dollardan hesablanıb, xərclər isə təxminən 12 milyard manata yaxındır. Buraya həm dövlət büdcəsinə ayırmalar, həm də fondun maliyyələşdirdiyi layihələrə ayrılan vəsaitlər daxildir.

İlin sonunda fondun gəlirləri ilə bağlı ciddi problem olacaq. Çünki yanvar ayında neftin qiyməti 50 dollar olub, hazırda isə orta qiymət təxminən 60 dollara yaxındır. Görünən odur ki, ortalama qiymət nəzərdə tutulan qiymətdən 30-35 dollar aşağıdır. Bunun da nəticəsi ilin sonunda Neft Fondunun rezervlərinin azalması ilə müşahidə ediləcək.

Ancaq hazırki dövrdə ən böyük zərbə Mərkəzi Bankın rezervlərinə dəyir. Son 3 ayda təxminən 6,5-7 milyard dollar manatın saxlanılmasına sərf olunub”.

Nərgiz Liftiyeva
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar