Bakı və Ankara Hərbi Hava Qüvvələrinin birgə təliminə başladı; türkiyəli general Bakıya gəldi...
Vəfa Quluzadə: “Bölgədə müharibə təhlükəsi var”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində silahlar ötən sutka ərzində də susmayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub. Bu arada Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqlamalarına cavab verib.
S. Ohanyan martın 3-də Azərbaycanı növbəti dəfə ittiham edən fikirlər səsləndirib və hədələr səsləndirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cavabda daha çox düşmən ölkənin sadə vətəndaşlarına xitab əksini tapıb. Rəsmi məlumatda deyilir ki, Ohanyanın çıxışı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır: “Xocalı və digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur. Yüzlərlə uşağı qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu, onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir. Bu gün və illərdir Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağılasığmaz təkəbbürünün qarşılığını erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir”.
Müdafiə Nazirliyi Ermənistan əhalisinə ünvanlı müraciətdə bəyan edib: “Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız”.
***
Ermənistanın təcavüzkar addımlarının qarşılığında Azərbaycan və Türkiyə hərbi əməkdaşlığını yüksək səviyyədə davam etdirir. İki qardaş ölkə arasında davam edən bu əməkdaşlığın həm də qondarma “erməni soyqırımı”nın 100 illik şou-tədbirlərinə cavab da saymaq olar. Belə ki, ermənilər dünya ölkələrində türklər tərəfindən soyqırıma məruz qalmalarının 100 illik tədbirlər keçirməyə hazırlaşırlar. Hətta keçmiş prezident Ter-Petrosyan da İrəvanın bu siyasətini ölkəsi üçün zərərli sayaraq türklərlə düşmənçiliyin ermənilərə fayda gətirməyəcəyini bəyan edib.
Ayrı-ayrı erməni yazarlarının da Xocalıya görə Azərbaycan xalqından üzr istəməsindən sonra Ermənistan hakimiyyətinin erməni lobbisinin təsiri altında antitürk tədbirlərini keçirməyə israrlı olması Bakı və Ankaranı birgə addımlar atmağa vadar edir. Xocali tədbirlərinin yüksək səviyyədə keçirilməsindən sonra qardaş ölkələr hərbi əməkdaşlığın növbəti mərhələsinə qədəm qoyublar. Belə ki, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Türkiyə Hərbi Hava Qüvvələri Komandanı ordu generalı A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.
Paralel olaraq Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən “TurAz Şahini 2015" təlimləri başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib. Eyni zamanda ”İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb. Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin hərbi hava qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.
Təlimlərin aprelin 13-dək davam etməsi də İrəvanın “soyqırım” şoularına aviaşou cavabı kimi xarakterizə edilə bilər. Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində də işlər nəticə verməkdədir. Artıq bizim haqlı mövqeyimizi əcnəbilər də müdafiə edərək bu barədə yazılar dərc edirlər.
Politoloq Vəfa Quluzadə isə “Yeni Müsavat”a dedi ki, söhbət 100 illik tədbirlərdən getmir: “Fakt budur ki, bölgədə müharibə təhlükəsi var. Çünki atəşkəs xəttində son vaxtlar aktivlik çox artıb. Sabina Frayzer demişdi ki, təsadüfi müharibə ola bilər. Amma mən belə hesab etmirəm. Tərəflər Moskva tərəfindən müharibəyə təhrik edilə bilər. Rusiyaya təzyiqlər artsa, Moskvanın ürəyindən Cənubi Qafqaza zərbə endirmək keçə bilər. Yaxud Rusiya ”soyqırım" faktından istifadə edib deyə bilər ki, guya ermənilərdə türklərə qarşı kəskin nifrət baş qaldırıb və hücuma keçiblər. Yaxud cəbhədə müharibə alovunun adi qığılcım nəticəsində başlandığı iddia oluna bilər. Ona görə də Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri bu cür təhlükələrin qarşısını almağa yönəlib, mən buna əminəm".
***
Bugünlərdə italiyalı siyasi analitik Ermanno Visintainerin Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub. “Xocalı azərbaycanlıların qəlibində açıq qalan yaradır” adlı elmi məqalə İtaliyanın nüfuzlu “Ragusaoggi.it” xəbər saytında yerləşdirilib. Diaqspor Jurnalistlər Birliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Xocalı soyqırımının başvermə səbəbləri və Ermənistanın vandalizm siyasəti və s. analitikin elmi məqaləsində öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanı sevən və dəstəkləyən Ermanno Visintainer Şimali İtaliyanın Trentino bölgəsində fəaliyyət göstərən “Vox Populi” Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.
***
Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər səviyyəsində də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına yönəldilmiş vasitəçiliyi ilə danışıqları dəstəkləyir. Bunu «Trend»ə Aİ-nin mətbuat xidmətindən strukturun münaqişənin nizamlanmasındakı rolunu şərh edərkən deyiblər. Aİ-nin mətbuat xidmətindən bildiriblər: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir və mövcud status-kvo qəbuledilməzdir”.