Son günlərin ən dəhşətli, ən təsirli və bütün dünyaya səs salan hadisəsi Rusiya müxalifətinin lideri Boris Nemtsovun öldürülməsi oldu.
Bu qətl ətrafında qızğın müzakirələr getdi və onun ölümü Rusiya üçün böyük itki kimi qiymətləndirildi. Çünki, Nemtsov Rusiyada demokratik, ədalətli bir sistemin qurulmasını istəyirdi və avtoritar Putin rejiminin qatı əleyhdarı idi. O Putin rejiminin iç üzünü açırdı, onu ifşa edirdi və xalqı oyandırmağa çalışırdı. Məhz buna görə də onun ölümünü birmənalı şəkildə Putin rejiminin sifarişi kimi qiyəmtələndirirlər.
Amma bu məsələdə də Azərbaycan hakimiyyətinin mövqeyi biabırçıdır. Daha dəqiq ifadə etsək ölkə telekanalları, hakimiyyət mətbuatı sübut etməyə çalışır ki, Putin rejimi bu qətldə günahkar deyil. Belə ki, Nemtsovun öldürülməsi ilə bağlı xəbərlər onun şəxsi həyatı üzərinə köklənir, Putinin bu ölümdən məyus olduğu görüntüsü yaradılır. Eyni zamanda belə şərh edirlər ki, guya xaricdən pulları bölüşdürməkdə mübahisə yaranıb və bu mübahisə Nemtsovun ölümü ilə nəticələnib.
Həqiqətən də hakimiyyətin bu yanaşması utancvericidir. Bütün dünyanın “Rusiyanın vicdanı”kimi dəyərləndirdiyi adama qarşı, Azərbaycan hakimiyyətinin belə münasibəti absurddur.
Bu açıq şəkildə ya Rusiya hakimiyyətinin “5-ci kolon”u rolunu icra etmək, ya da Azərbaycanda eyni ssenarilər üçün zəmin hazarlamaqdır. Hakimiyyətin belə münasibəti, hansısa mənfur adamları həvəsləndirə də bilər. Bəli, bu hakimiyyətə yarınmaq istəyən başsız adamlar tapıla bilər ki, hansısa müxalifət fəalını, liderini qətlə yetirməyə qərar versin. Onsuz da Azərbaycanda belə nümunələr var. Jurnalist Elmar Hüseynovu qətlə yetirənlər hələ də tapılmayıb və bu cinayətin məsuliyyəti hakimiyyətin üzərindədir. Digər bu tipli qətllər də olub ki, onları da törədənlər cəzalandırılmayıb və ictiami rəydə də bu qətllər hakimiyyətin məsuliyyəti kimi qiymətləndirilir. Indi də hakimiyyət təmsilçilərinin, hətta ölkə başçısının müxalifətə münasibəti bəllidir və real müxalifət qüvvələrinə qarşı ən sərt ifadələr işlədilir. Yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin müxalifətə münasibəti və Nemtsovun qətlinə yanaşma tərzi, bu iyrənc “ənənə”yə haqq qazandırmaq təsiri bağışlayır.
Əslində Nemtosovun qətli bir daha təsdiqlədi ki, Rusiyanın çətiri altına sığınmaq heç bir müsbət perspektiv vəd etmir. Əksinə, fərqli fikrin, demokratiyanın, inkişafın qarşısını almağa xidmət edir. Azərbaycan hakimiyyəti isə bu qədər faktlardan sonra da öz ampluasındadır və vəhşiliyə don geyindirməklə məşğuldu.
Hansıki, Nemtosvun qətli hər bir vicdanlı insanı təsirləndirməli və bir nömrəli günahkar kimi Putin rejimi göstərilməlidir. Televiziya kanallları və hakimiyyət mətbuatı isə həmişə olduğu kimi 10-cu dərəcəli ehtimalları fakta çevirməklə məşğuldular.