«Human Rights Watch» və «Amnesty International» beynəlxalq birliyə müraciət etdi
«Azərbaycanda baş verənlər Olimpiya xartiyasının azad mətbuat və insan ləyaqəti prinsiplərinin ruhuna ziddir»
«Azərbaycanın neft dollarlarına göz dikən beynəlxalq birlik hakimiyyətin repressiv siyasəti qarşısında susur»
İyunda Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları fonunda ölkəmizdə insan haqları və demokratiya sahəsindəki acınacaqlı duruma beynəlxalq diqqət getdikcə artmaqdadır. Bugünlərdə “Human Rights Watch”, “Amnesty International” kimi nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatları bu turnirdə iştirak edəcək ölkələrin rəhbərlərinə müraciət ediblər. Həmin müraciətlərdə Avropa ölkələrinin liderlərinə çağırış var ki, onlar Azərbaycan hökumətilə kifayət qədər sərt danışaraq, repressiyaların dayandırılması, siyasi məhbusların azadlığa buraxılması, mediaya təzyiqlərə son qoyulması kimi tələblər irəli sürsünlər. Çünki bu cür halların yaşandığı ölkədə Avropa Oyunlarının keçirilməsi yolverilməzdir. “Human Rights Watch”ın bu məsələ ilə bağlı bəyanatını diqqətinizə çatdırırıq:
Azərbaycan: Hüquq böhranı Avropa Oyunlarına kölgə salır
Azərbaycan hökuməti ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının başlanmasına cəmi 100 gün qaldığı bir vaxtda dərhal həbsdəki fəalları və jurnalistləri azadlığa buraxmalıdır.
Böyük idman hadisəsi olan Avropa Oyunları paytaxt Bakıda iyunun 12-də başlayacaq və 28-də başa çatacaq.
“Bu turniri keçirən ilk ölkə kimi, Azərbaycan çalışır ki, beynəlxalq aləmdə özü üçün proqressiv, müasir ölkə obrazı yaratsın. Əgər Avropa Oyunları idmanın müsbət izlər yaratdığı görüntüsü üçündürsə, o zaman gərək Azərbaycanda siyasi motivlərlə həbs olunmuş tənqidçi jurnalistlərin, aktivistlərin hər biri bu turnir başlayana qədər azadlıqda olmalıdır”, - deyə “Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Ceyn Byükenen bildirib.
Avropa liderləri rəsmi Bakıya çatdırmalıdır ki, fərqli fikirlilərə qarşı repressiyalar dayandırılmasa, tənqidçi fəaliyyətinə görə qanunsuz həbs olunmuş fəallar buraxılmasa, turnirin açılış mərasiminə yüksək səviyyədə nümayəndə heyətlərini göndərməyəcəklər.
Azərbaycanın Milli Olimpiya Komitəsinin yüksək vəzifəli məmurlarından biri fevralın sonunda mediaya müsahibəsində bildirib ki, Azərbaycan hökuməti turnirdə iştirak edəcək 50 komandanın bütün səfər xərclərini, o cümlədən nəqliyyat, yemək, otel ödənişlərini öz üzərinə götürüb.
Ötən il Azərbaycan hökuməti narkotik, silah saxlama, xuliqanlıq, vergidən yayınma, hətta dövlətə xəyanət kimi ittihamlarla qondarma cinayət işləri başladaraq, ən azı, 35 nəfər tənqidçi jurnalisti, bloggeri, hüquq müdafiəçisini, siyasi fəalı, vətəndaş cəmiyyəti təmsilçilərini həbsxanaya göndərib. Repressiyaların nəticəsi olaraq, onlarla fəal bu ölkədən qaçmaq məcburiyyətində qalıb.
Son aylarda Azərbaycan hökuməti çoxsaylı təşkilatların və onların rəhbərlərinin bank hesabını dondurub. Bu yolla onlar fəaliyyətini dayandırmağa məcbur edilib.
Hökumət həmçinin xarici donorların ayırdığı vəsaitlər üzrə qrant müqavilələrini qeydə almaqdan imtina edib, xaricdən gələn maliyyəyə nəzarəti daha da artırıb. Bu da faktiki hökuməti tənqid edən təşkilatların fəaliyyətlərini dayandırmasına gətirib çıxarıb.
Uzun illərdir ki, Azərbaycanda hökumət müstəqil medianı təqib edirdi. Bu təqiblərin nəticəsi olaraq, çoxsaylı media orqanları, telekanallar susdurulub.
Avropa Oyunları rəsmən Olimpiada deyil. Amma turnirin təşkili və nizamlanması Avropa Olimpiya Komitəsi tərəfindən həyata keçirilir. Bu komitənin məqsədi həm də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasında öz əksini tapmış idealların Avropa ölkələrində yayılmasıdır.
Hazırda saxta ittihamlarla həbsdə olanlar arasında Rəsul Cəfərov da var ki, o, “Idman insan hüquqları üçün!” kampaniyasının təşkilatçısı idi. Bu kampaniyanın məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanda insan haqları sahəsindəki problemlərə diqqət çəkmək idi. Rəsul Cəfərov ötən ilin avqustunda həbs olunub. Ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus ötən ilin iyul-avqust aylarında həbs olunub. Onlara qarşı da qanunsuz sahibkarlıq, vergidən yayınma, həmçinin dövlətə xəyanət ittihamları irəli sürülüb. Yunusların hər ikisinin səhhətində ciddi problemlər var. Nəticədə həbsxanada vəziyyətləri pisləşib.
Azərbaycanın ən tanınmış və görkəmli vəkillərindən biri olan Intiqam Əliyev də hüquq müdafiəçisi kimi fəaliyyətinə görə hazırda saxta ittihamlarla həbsdədir. Hökumət Intiqam Əliyevin rəhbərlik etdiyi, ölkədə pulsuz hüquqi yardım göstərən azsaylı təşkilatlardan biri olan Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini bağlayıb.
Ötən ilin dekabrında isə bu ölkədə hökumətin sərt tənqidçilərindən biri olan tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılova qondarma ittihamla həbsxanaya göndərildi. Guya o, kimisə özünə qəsd etmək həddinə çatdırıb. Yanvarda isə vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə də ittihamlar sırasına əlavə olundu. Dekabrda həmçinin polis və prokurorluq əməkdaşları “Azadlıq” radiosunun Bakı ofisində axtarış apararaq, əməkdaşları dindirib, materialları, texniki avadanlıqları götürüb aparıb, ofisin qapısı isə möhürlənib.
Repressiyaların hazırkı mərhələsinə qədər də hökumət müstəqil medianın fəaliyyətini məhdudlaşdırmaq üçün bir sıra tədbirlər görmüşdü. 2009-cu ildən xarici radioların, o cümlədən BBC, “Amerikanın səsi” və “Azadlıq” radiosunun FM dalğasında yayımına qadağa qoyulub.
Hökumətin müstəqil media orqanlarına qarşı dözümsüzlüyü Avropa Oyunlarını işıqlandırmağa çalışan, sərbəst hərəkət edib bu ölkədəki insanlarla müxtəlif mövzularda danışmaq istəyən jurnalistlərə də çətinliklər yaradır.
2012-ci ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirilərkən xarici jurnalistlər müsabiqə ilə yanaşı, bu ölkədə insan haqlarının vəziyyətini də geniş şəkildə işaqlandırmışdılar. Həmin materiallarda müsahiblərin bir çoxu hazırda həbsdə olan və ya ölkədən qaçmaq məcburiyyətində qalan aktivistlərdir.
“Hakimiyyətin jurnalistlərə, hüquq-müdafiə təşkilatlarına və digərlərinə hücumları Olimpiya xartiyasının azad mətbuat və insan ləyaqəti prinsiplərinin ruhuna ziddir. Avropa Olimpiya Komitəsi, eləcə də bu quruma daxil olan 50 ölkənin milli olimpiya komitələri Azərbaycan hökumətinə başa salmalıdır ki, onun addımları Olimpiya ideallarına hörmətsizlikdir. Bu ölkədəki siyasi fəallar, jurnalistlər dərhal həbsdən edilməli, müstəqil mediaya, söz azadlığına qarşı məhdudiyyətlər aradan qaldırılmalıdır”, - deyə Ceyn Byükenen bildirib.
“Azərbaycan Avropada ən repressiv ölkələr sırasındadır”
“Amnesty International”ın yaydığı sənəddə də bildirilir ki, hədələr, fiziki zorakılıq və hökumət tənqidçilərinin həbsi birinciÿAvropa Oyunlarına hazırlaşan Azərbaycan hakimiyyətiÿ üçün vizit kartına çevrilib. Hüquq müdafiəçiləri və fəallar dəmir barmaqlıqlar arxasına atılır, hökumət tənqidçiləri saxta ittihamlarlaÿhəbs olunur, döyülür, təcili tibbi yardımdan məhrum edilirlər.
“Heç kim ölkə haqqında müsbət reputasiya yaratmaq və xarici biznesi cəlb etmək məqsədilə Azərbaycanda təşkil edilən beynəlxalq sərgilərə aldanmamalıdır. Azərbaycan Avropada ən repressiv ölkələr sırasındadır”, - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalusen bildirib.
2014-cü ilin iyununda prezident Ilham Əliyev Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciətində bildirib ki, Azərbaycanda ifadə, assosiasiya və toplaşma azadlığı təmin olunub.
Bununla belə, orada tanınmış hüquq müdafiəçiləri başqa reallıqlar haqda danışıblar. Qeyd ediblər ki, bu ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərə və hökuməti tənqid edənlərə qarşı həbslər aparılır, siyasi motivli ittihamlar irəli sürülür. Hakimiyyətin həmin hüquq müdafiəçilərinə cavabı çevik olub - bir həftə ərzində AŞ PA-da çıxış edənlərin hamısı həbs olunub.
“Son həbslər faktiki olaraq vətəndaş cəmiyyətini iflic edib, insan hüquqlarının vəziyyətinin əsas göstəricisi olan ifadə azadlığını dondurub”, - Dalusen qeyd edib.
Hökuməti ən açıq tənqid edənlərdən biri, hazırda həbsdə olan 60 yaşlı hüquq müdafiəçisi Leyla Yunusÿölkədə insan hüquqlarının vəziyyəti ilə əlaqədar Avropa Oyunlarını boykota çağırmışdı. O, altı aydır ki, sərt şəraiti olan həbsxanadadır, bu da onun səhhətindəki problemləri kəskinləşdirib. O, diabet və hepatit C xəstəliyindən əziyyət çəkir. Dəfələrlə nəzarətçilər və onun kamersına göndərilmiş təxribatçılar tərəfindənÿtəhqir və zoraklığa məruz qalıb.
Hakimiyyətÿonu tənqid edən jurnalistlərə qarşı təqibləri sürətləndirib. Dekabrın 5-də həbs olunan jurnalist Xədicə Ismayıl siyasi məhbusların siyahısını açıqlayıb, gəlirli layihələrdə prezident Ilham Əliyevin ailə biznesini araşdırıb. Əvvəllər o, anonim təhdidlərə məruz qalıb, onu susdurmaq üçünÿintim fotolarından şantaj üçün istifadə edilib.
Həmçinin hakimiyyət gənc fəalları narkotik maddə və xuliqanlıq ittihamı ilə təqib edir.ÿOnlara qarşı ittihamlar olduqcaÿşübhəlidir. Tanınmış blogger Fərəc Kərimov polisdə döyülüb, o, narkotik maddə istifadə etdiyini etiraf etmək məcburiyyətində qalıb. Onu hədələyiblər ki, “etiraf” etməsə, valideynləri evdə silah saxlamağa görəÿhəbs ediləcək.
19 yaşlı fəal Orxan Eyyubzadə dinc toplantıda iştiraka görə 20 gün həbs edilib. O, çılpaq, əlləri qandallı vəziyyətdə polisdə döyülüb. Bundan sonraÿpolisə hücumdaÿittiham olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib.
“Azərbaycanın neft dollarlarına göz dikən beynəlxalq birlik hakimiyyətin repressiv siyasəti və insan hüquqlarının pozulması qarşısında susur. Bu, həbsxanada olanlara münasibətdə çox pisdir", - deyə Dalusen vurğulayıb.
Siyasət şöbəsi