Vaxtaşırı olaraq dövrü mətbuatda “əxlaqsızlıq yuvaları”nın aşkar edildiyi, fahişəxanalar təşkil edən şəxslərin cəzalandırılması haqqında rəsmi informasiyalara rast gəlirik. Hazırda da paytaxtda sauna, bar, masaj salonu adı altında fahişəxanaların fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta o da məlumdur ki, bir qədər imkanlı şəxslərin də öz xüsusi bahalı pritonları olur. Necə deyərlər, belə hallarda konkret ünvana zəng etməklə, sifariş edilən qadınlar bir qədər elit hesab olunur...
Azərbaycanda fahişəlik inzibati qaydada qadağan edilir, həmçinin fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama da cinayət qanunvericiliyi ilə qadağandır. Lakin buna baxmayaraq, fahişəliklə məşğul olan qadınların, hətta kişilərin sayı durmadan artmaqdadır. Ölkənin paytaxtında və bütün regionlarında qeyri-leqal olsa da, fahişəxanalar fəaliyyət göstərir. Guya gizli fəaliyyət göstərən belə əxlaqsızlıq yuvaları əslində həm də bir çox təhlükəli xəstəlik mənbəyidir. Belə ki, bu məkanlarda SPİD, Hepatit B, dəri-zöhrəvi və digər xəstəliklərə çox asan yoluxanlar olub və olmaqdadır. Məlumat üçün bildirək ki, belə halların qarşısını almaq üçün bir çox ölkələrdə fahişəliyə dövlət tərəfindən icazə verilib. Məsələn, Niderland və Macarıstanda fahişəlik leqallaşdırılıb, o cümlədən İsveçrədə, yaxud da ABŞ-ın Nevada Nevada ştatında fahişələr gizli yox, açıq-aşkar pritonlara işə gedir. Türkiyədə küçə fahişəliyi qanunsuz sayılsa da, xüsusi məkanlarda olan fahişəxanaların fəaliyyətinə dövlət icazə verib.
Xatırladaq ki, fahişəlik ən gəlirli sahələrdən hesab olunur. Ona görə də bir çox dövlətlər, onsuz da pritonların gizli fəaliyyətinin qarşısını ala bilmədiyindən, onu leqallaşdırıb, həm tibbi baxımdan nəzarətə götürür, həm də vergiyə cəlb edir.
Ölkəmizə gəldikdə, paytaxtda fəaliyyət göstərən sauna, masaj salonları, restoran və kafelərin bir çoxunda əxlaqsız yuvaları möcuddur. Hazırda ən ucqar kəndlərdə belə kafelərdə fahişəxanalar var. Az qala hər bir ağacın altında quraşdırılmış karton evciklərdə əxlaqsızlıq baş alıb gedir. Onu da qeyd edək ki, son vaxtlar fahişəliyin regionlarda çiçəklənməsi müşahidə olunur. Belə ki, ölkədə turizmin inkişafı adı altında rayonlardakı gözəl, mənzərəli ərazilər bəziləri tərəfindən zəbt edilərək iaşə obyekti adı altında açılsa da, sonradan məlum olur ki, yüksək səviyyəli fahişəxana kimi fəaliyyət göstərir. Bu tendensiyanın sürətli artımı isə heç də yaxşı heç nə vəd etmir. Yeri gəlmişkən, bəlkə də bu səbəbdən bir qədər əvvəl millət vəkili Siyavuş Novruzov ölkədə fahişəliyin leqallaşdırılması təklifi ilə çıxış etdi. Azərbaycanda fahişəliyin leqallaşdırılmasına ehtiyac nə qədərdir, yaxud bu, hansı müsbət nəticəni verə bilər?
Millət vəkili Zahid Oruc Analitik.az-ın sualına cavab olaraq bildirdi ki, fahişəliyin leqallaşdırılması çıxış yolu deyil və bu problemi həll etməyəcək: “Əgər leqallaşdırılma olarsa düşünmürəm ki, bu problemin həllinə təsir göstərəcək. Nə də Qərb ölkələrindəki kimi böyük bir sənaye sektoruna çevriləcək. Bu sahədən büdcəyə daxil ola biləcək hər bir manatın əleyhinəyəm. Dünyada bir çox sahə xüsusi olaraq stimullaşdırılır. Bunlardan biri də insan ticarətidir və burada da cinsi istismar rol oynayır. Bu sektorda çox böyük maliyyə vəsaitləri dövr edir. Bu dünyəvi bir biznesdir və beynəlxalq şəbəkədir.”
Fahişəliyini leqallaşdırılmasının əleyhinə olan Z. Oruc, bunun qarşısını almaq məqsədilə müəyyən mexanizmlərin tapılmasını məqbul sayır: “Bunun üçün hansısa mexanizm tapılmalıdır. Bir müsəlman ölkəsində leqallaşdırılma həqarət sayılacaqsa, bunun başqa alternativləri meydana çıxmalıdır. Kişilərin ikinci və üçüncü qadınla evlənməsinə icazə verilməsi də çıxış yolu deyil. Bunun da müsbət qarşılanmayacağı bəllidir.”
Məsələnin kifayət qədər həssas olduğunu deyən millət vəkili düşünür ki, bununla bağlı müvafiq qurumlar müzakirə aparmalıdır:“Ümumiyyətlə, bu məsələni dini işlərlə məşğul olan qurumlar, akademiyalar geniş şəkildə müzakirə edib, müəyyən bir qərara gələ bilərlər. Fahişəlik bizdə leqallaşdırılarsa, həmin məkanlarda fəaliyyət göstərən qadın və kişiləri barmaqla göstərəcəklər ki, sənin yaxının bu xidmətlə məşğuldur. Bu da cinayətlərlə nəticələnəcək. İstənilən Qərb ölkəsində bu, bəlkə də çox normal, adi bir fəaliyyət növü sayılır. Azərbaycanın malik olduğu milli dəyərlər, Şərq ölkəsi olması bunu qəbul etmir.”
“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalovanın fikrincə isə ölkənin sosial-psixoloji durumu, gender məsələsi əvvəlcədən nəzərə alınmalıdır: “O, ölkələr bununla bağlı qanun qəbul edib və icrasına başlayıb, heç də uğurlu nəticə əldə etməyiblər. Azərbaycanda fahişəliyin leqallaşdırmanın effektiv nəticəsini gözləyənlər düşünürlər ki, bu yayılan xəstəliklərin qarşısını alacaq. Amma bu, heç də xəstəliyin qarşısının alınması üçün uğurlu tədbir deyil. İstənilən halda fahişəxanada çalışan qadından olmasa da, oraya gedən kişidən kimsə tibbi arayış istəməyəcək. Bəs o zaman necə olacaq? Bəlkə fahişəxanaya gələn kişi özü xəstəlik yayıcısıdır? Bir çox kişilər var, hətta Rusiyadan və başqa ölkələrdən ailələrinə qayıdanda öz qadınlarını yoluxdururlar. Bu məsələdə xəstəliyin qarşısının alınması üçün leqallaşmanın qəbul edilməsi yolverilməzdir. Hazırda Azərbaycanda “Zərərin azaldılması proqramı” həyata keçirilir. Onlar daha uğurlu şəraitdə fəaliyyət göstərirlər. Həssas qrupları tapıb, onlara şpris və qoruyucular paylayırlar.”
Birlik sədri deyir ki, hətta Almaniyanın özündə belə fahişəxanada işləyən hər adam rəsmi qeydiyyata razılıq vermir: “Düşünürsünüz ki, Azərbaycanda hər kəs gəlib növbəyə dayanacaq ki, işçi kimi məni qeydiyyata götürün? Yenə də gizli proseslər gedəcək. Bu işlə məşğul olanlar gəlib qeydiyyatdan keçməyəcək. Əslində bu insan alverinin rəsmiləşdirilmiş formasıdır. Bir tərəfdən hökumət insan alveri ilə mübarizə aparır, digər tərəfdən isə leqallaşma məsələsi istismarın rəsmi forması kimi dövlət tərəfindən dəstəklənir. Bu mümkün olan məsələ deyil.”
Bəs onda çıxış yolu nədir? Mehriban Zeynalova məsələnin həllini qadınlara dövlət tərəfindən himayənin artırılmalı olmasında görür: “Qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra addımların atılmasına ehtiyac var. İqtisadi vəziyyətini gücləndirmək lazımdır ki, qadın özünü satış obyektinə çevirməsin. Faizsiz kreditlər vermək və özəl sahibkarlıq fəaliyyətini qadınlar arasında genişləndirməyə ehtiyac böyükdür.”
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da fahişəxanaların rəsmiləşdirilməsinin əleyhinədir: “İndi bəzi imkanlı şəxslər özləri üçün bütün haramları onsuz da leqallaşdırıb. Bütün bunlar azmış kimi eyni cinslilərin münasibətlərini belə leqallaşdırmağa çalışan vətəndaş cəmiyyətimiz var. Bütün bunların səbəbi insanların nəinki dini elmlərdə cahil, bilgisiz, dünyəvi məsələlərdə belə əxlaq prizmalarının aşmasının göstəricisidir. Bu insanlar ağır cəzası olan fahişəliyi leqallaşdırırlarsa, onda bizi daha hansı təhlükələrin gözlədiyinin fərqindəyikmi? Biz belə hallara qarşı çıxdıqda, təpkilərlə qarşılaşıb qınanırıq. Hətta etiraz edirlər ki, siz orta məktəblərdə dinin tədrisini verməklə uşaqları korlayacaqsınız. Məgər korlanmaq pozğunluq, müxtəlif xəstəliklərə tutulmaq deyilmi? Düşünürəm ki, əxlaq sahibi olub, Allaha inanıb vətənini, xalqını, dövlətini sevən təmiz insan olmaq daha şərəfli bir işdir və belə cəmiyyət böyük gücə, qüvvəyə sahib olan cəmiyyətdir.”