Türkiyə baş nazirinin Vaşinqtona deyil, Nyu-Yorka getməsinin sirri...

6-03-2015, 20:31   
Türkiyə baş nazirinin Vaşinqtona deyil, Nyu-Yorka getməsinin sirri...
Ekspertin fikrincə, Türkiyə hökuməti iqtisadi sahədə vəziyyəti düzəltməyə çalışır, Vaşinqton isə seçkiyə qədər Davudoğlu hökuməti ilə təmaslara həvəs göstərmir

Türkiyənin baş naziri Əhməd Davudoğlu martın 4-də ABŞ-a səfər edib. Əhməd Davudoğlunun səfər proqramında görüşlər Nyu-York şəhərində nəzərdə tutulub.

Baş nazirin Vaşinqtona getməyəcəyi bildirilir. Türkiyə mediası baş nazirin prezident Barak Obamadan və vitse-prezident Cozef Baydendən görüş istədiyi və rədd edildiyi haqda xəbərlər yaılysa da, sonradan hökumət rəsmiləri bu məlumatı təkzib edib.

Bir sıra müşahidəçilərə görə, hazırda Türkiyə ilə ABŞ arasında Yaxın Şərq – İraq, Suriya, kürd məsələsi, eləcə də Ukrayna böhranı ilə bağlı fikir ayrılıqları və ciddi soyuqluqlar yaranıb. Bu səbəbdən də indiki dönəmdə Türkiyə hökumət başçısının Obama ilə görüşməsi qeyri-realdır.

Gələn xəbərlərə görə, Davudoğlu Nyu-Yorkda əsasən iqtisadi məzmunlu tədbirlərdə iştirak edib. Yanvar ayında Londona səfər edən Davudoğlu dünyanın ikinci iqtisadi paytaxtında iqtisadiyyatın inkişafı, sərmayə cəlb olunması mövzularında bir neçə toplantılarda iştirak edib.

Müşahidəçilər Nyu-York səfərinin də bu məqsədlə olduğunu iddia edirlər. Davudoğlu Nyu-Yorkda “Goldman Sachs”, “Citibank” kimi nüfuzlu maliyyə qurumlarının rəhbərləri ilə bir araya gəlməlidir. Bu görüşlərdə baş naziri iqtisadi məsələlər üzrə baş nazirin müavini Əli Babacan və maliyyə naziri Mehmed Şimşək müşayiət edir.

Hazırda Türkiyədə güclü inflyasiya var, türk lirəsi sürətlə dəyər itirir. Bu görüşlər və əldə olunacaq razılaşmalar, xüsusi ilə də iqtisadi stabillik iyun ayında parlament seçkilərinə hazırlaşan Türkiyə üçün, siyasi sabitlik qədər, hətta daha artıq vacibdir.

Eyni zamanda, regional siyasi məsələləri müzakirəsi ilə bağlı martın 6-da Davudoğlu ilə BMT baş katibi Ban Ki Mun arasında görüş nəzərdə tutulub.


Orxan Qafarlı

Yeni Türkiyə Araşdırmalar Mərkəzinin eksperti, politoloq Orxan Qafarlı deyir ki, Davudoğlunun Amerika səfərinin Nyu-Yorka etməsinin əsas səbəbi iqtisadi faktorla bağlıdır.

Ekspertin fikrincə, Ankara indi daha çox iqtisadi vəziyyəti diqqətə alır: “Türkiyə baş nazirinin ABŞ səfəri zamanı Ağ evi ziyarət etməsi nəzərdə tutulmayıb. Əsas məqsədi Nyu-York “Wall Street”-də iş dünyası ilə təmaslar qurmaq və Amerikanın dev iş subyektlərini Türkiyəyə sərmayə qoyuluşuna dəvət etməkdir. Bu səfər çərçivəsində bəzi düşüncə quruluşları ilə görüşlər planlaşdırılıb. Lakin əsas məqsədi bir daha vurğulamaq istərdim, iqtisadi səbəblərlə bağlıdır. Digər tərəfdən, Ağ ev sözçüsünün bu səfərdən xəbərsiz olması və ya bu cür görünməsi Ağ Ev rəhbərliyinin Türkiyənin son enerji və iqtisadi xarakterli manevrlərindən narahat olmasına işarədir. Belə ki, Ağ ev Rusiyaya qarşı yeni sanksiyalarla Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq istəyir. Türkiyə isə bu sanksiyalara Türkiyə kontekstindən baxılmasını istəyir və bu mövqeyini də Amerika biznes mühitinə çatıdırmaq istəyir”.

O ki qaldı, Ankara ilə Vaşinqton arasında münasibətlərdəki soyuqluğa, O.Qafarlı deyir ki, son olaraq Türkiyə və ABŞ arasında Suriya müxalifətini “təlim-təchiz” proqramının qəbul olunması münasibətlərdəki soyuqluğu müəyyən qədər azaldıb: "Mənim fikrimcə, ABŞ hazırda Türkiyədəki seçkilərin nəticələrini gözləyir. Bu səbəbdən də Davudoğlu hökuməti ilə o qədər də təmaslara həvəsli görünmür”.

Kənan Rövşənoğlu,
müsavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar